Bərdə rayon Məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda ittiham olunan hakimi Elsun Əhmədovun həbs edilməsi Azərbaycanda bir çox həmkarları üçün ibrət dərsi olmalıdır. Hökmə əsasən Elsun Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb. Eks hakim icraatında olan işlərdən birində təqsirləndirilən şəxsin yaxınından külli miqdarda pul almaqda ittiham edilirdi. Onun qanunsuz əməlinin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Bu fakt həm hakimlər arasında korrupsiya və rüşvətin olduğunu bir daha isbat etdi, həm də məhkəmə-hüquq sistemində daha dərindən islahatlar aparılmasının qaçılmazlığını ortaya qoydu. Çünki Elsun Əhmədov tək deyil. Azərbaycanda sifarişli hökm çıxaran, rüşvət və başqa maddi maraqlar qarşılığında qərar verən hakimlər var.
Anaxeber.info-ya danışan "Sahil - S İnşaat" tikinti firmasından zərər çəkmiş sakinlərin sözlərinə görə, belə hakimlərdən biri də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevdir. Bərdə rayon Məhkəməsinin hakiminin həbs edilməsi faktına diqqət çəkərək, sakinlər bildirirlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin də rüşvət müqabilində şirkətdə vəzifə tutmuş Pənah Kərimovu ev dustaqlığına buraxmasından şübhələnirlər.
Dələduz əməlləri sübuta yetirilmiş Pənah Kərimovun həbsdən buraxılması zərər çəkən sakinləri hiddətləndirib. Onlar buna etiraz olaraq Məhkəmə-Hüquq Şurasının qarşısına yığışıblar və hakim Elnur Nuriyevin bu qərarından narazılıq ediblər. Şikayətçilərin sözlərinə görə, Pənah Kərimov şirkətdə ikinci şəxs olub, hazırda həbsdə olan MTK rəhbəri Taley Alaverdiyevin şərik idi. Onlar bildiriblər ki, 2018-ci ildə tikintisi başlanan binanın hər hansı problemi yox idi, ta ki 2021-ci ildə Pənah Kərimovun şərikliyi ortaya çıxanadək. Elə bundan sonra mənzil almaq istəyənlərin aldadılması halları baş verib. Belə ki, Pənah Kərimov bir mənzili bir neçə şəxsə satıb və nəticədə xeyli insan dələduzluğun, fırıldağın qurbanı olub.
Məhkəmə-Hüquq Şurası önünə toplaşan zərər çəkənlər deyiblər ki, indi belə bir dələduzun hakim Elnur Nuriyev tərəfindən ev dustaqlığına buraxılması yolverilməz haldır və qanunsuz addımdır. Sakinlər qeyd ediblər ki, Pənah Kərimovun dələduzluq əməlləri istintaq materiallarında öz əksini tapıb, Baş Prokurorluq yanında Mübarizə Baş İdarəsi onları zərər çəkən kimi tanıyıb, bütün faktlar ortadadır. Bunun ardınca iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyinə verilib. Onun prosesə hakimlik etdiyi dövrdə Pənah Kərimov həbsdə saxlanıb və təqsirləndirilən şəxsin vəkilinin qaldırdığı vəsatətlər əsaslı olaraq təmin edilməyib. Lakin bir müddət sonra işə sədrlik hakim Elnur Nuriyevə verilib.
O isə özünün sədrlik etdiyi bu işin elə ilk iclasında Pənah Kərimovu ev dustaqlığına buraxıb. Zərər çəkmişlər hakimin bu qərarına etiraz ediblər və vurğulayıblar ki, hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovla hansısa sövdələşməsi olub. Sakinlərin dediyinə görə, Pənah Kərimov azadlıqda olduğu dövrdə onları hədələyib, kommunal xidmətlərin təmin edilməsi üçün hər sakindən 5 manat tələb edib. Halbuki qanunla kommunal infrastruktur dövlət qurumları tərəfindən qurulur. Amma Pənah Kərimov təhdid edib ki, kim 5 min manatı verməsə, binaya buraxılmayacaq. Şikayətçilərin sözlərinə görə, bu fakt da prokurorluq tərəfindən qeydə alınıb və zərər çəkən tərəf kimi tanınanlar var.
Sakinlər bildiriblər ki, Prezidentin və I Vitse-Prezidentin göstərişi, dəstəyi sayəsində binanın qaz, işıq, su təchizatı həllini tapıb, vətəndaşların öz vəsaiti hesabına isə liftlər qoyulub, su hovuzu tikilib, binada yarımçıq qalan bir sıra, işlər görülüb. İndisə Pənah Kərimovun ev dustaqlığına buraxılması onun yenidən binanın məsələlərinə müdaxilə etməsinə səbəb ola bilər.
Sakinlər deyiblər ki, hakim bu qərarı çıxararkən zərər çəkmişlər məlumatsız olublar. Vətəndaşlar Ali Məhkəmə sədri İnam Kərimovdan və Baş Prokuror Kamran Əliyevdən xahiş edir ki, hakim Elnur Nuriyevi dələduz Pənah Kərimovla nə bağladığı araşdırılsın. Və Bərdə hadisəsi bir görk olsun...
Anaxeber.info