Sumqayıtı “ələ almaq” arzusuyla yaşayan cinayətkar məmurun acı taleyi: İndi məhkəmədə hakim qarşısına çıxarılan “əlaltısına” icra başçısı Zakir Fərəcov belə kömək etməkdə acizdir

Tutduğu vəzifələri başında və yaxını hesab olan icra başçısına arxalanıb, bu pul hərisi yüz oyunlardan çıxdı. Sumqayıtda hara baxsan onun toruna düşənlərlə rastlaşarsan. Xüsusiyyət, xarakter və əməlləri bütün pislikləri özündə cəmləşdirdiyinə görədir ki, “toruna düşən” heç kəs bir daha onu görmək istəmir – Ballı nənənin neçə ildir əzab-əziyyətə düçar etdiyi əri kimi! Oruc tutan bu kişi deyir ki, bu yaxınlarda – müqəddəs Ramazan ayı bitən kimi, başına gətirdiklərini sənəd-sübutlarla açıb-tökəcək ortaya. Mətbuata çıxmağa azca vaxt istəyir ki, Qarabağ problemi arxasında gizlənərək, başına oyunlar açan, talançı məmurlar “çetesindəki” ən qorxulu bu vəzifəlini — adı Gündüz, əməlləri qaranlıq olan Gündüz Əliyevi, bir daha, o da, layiqincə biabır edə bilsin. Artıq Qarabağ problemi yoxdur və “pərdələr qalxdıqca”, kimin kim olduğu da ortaya çıxır. İndi onu səksəkəyə salıb, narahat edən başlıca səbəb də, budur.

Ballı nənənin ərinin Sumqayıtın icra başçısı Zakir Fərəcovun sabiq müavini olan, indi isə, Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutan Gündüz Əliyevin səksəkədə olması barədə dedikləri, bir xəbər portalı olaraq, araz.az-a da məlumdur. Elə, Sumqayıt Şəhər İcra Hakimiyyətində başlanan çəkişmənin — Gündüz Əliyevlə, Memarlıq və Tikinti Şöbəsinin müdiri — Baş memar Adil Xudadatov
arasındakı qalmaqalın səbəbləri barədə qələmə aldığımız son yazımızda, Zakir Fərəcovun olan-qalan imicinə daha bir ağır zərbə olan səksəkə məsələsi xüsusi olaraq qabardıldı.

Yazıda qeyd olunur ki,
bir aydan çoxdur başlayan bu çəkişmə “qəhrəmanlarının” adları, bir qrup sahibkarla başçı Zakir Fərəcov arasında çoxdandır davam edən səs-küylü milyonlarla borc qalmaqalında daha çox hallanır. Çəkişmənin əsas səbəbi odur ki, ağır ittiham maddələri ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı gedən Gündüz Əliyev, barəsində bu cinayət işi açılmamışdan öncə Zakir Fərəcovun baş trolu kimi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, şirkət və firmalardan başçıya çatacaq “aylıq paketləri” toplayıb. Bir sözlə, başçının “qara işlərini” görməkdə adı daha çox keçib. İndi isə, hər şey əlindən çıxıb, artıq “sükan Adil Xudadatovun əlindədir”. Çəkişmənin əsas səbəbkarı, yəni aranı qarışdıranın adı da hamıya məlumdur — saxta tenderlərdən əldə olunan
külli miqdarda pulu başçıya çatdıran və Sumqayıtın “tender kralı” kimi tanınan Hümbət Məmmədxanov!

Gündüz Əliyevin adı Sumqayıt Şəhər İcra Hakimiyyətində indiyədək baş verən bütün qalmaqal və çəkişmələrin əsas baiskarı kimi öndə çəkilib. Rəhbər şəxslər arasında münasibətlərin açıq gərginlik səviyyəsinə keçməsi, aralarındakı mübahisələrin az qala bir-birlərinə fiziki güc tətbiq etmə həddinə qədər çatması üçün, bütün iyrənc metodları işə salıb. O, hələ əsas hədəfi başçısının birinci müavini postu olduğu vaxtlarda, başçının birinci müavini Teymur Səmədova, başçının müavini — Şəhər Təsərrüfatı şöbəsinin müdiri Fərid Ələkbərova və İcra Hakimiyyətinin Tikinti və memarlıq Şöbəsinin o vaxtkı rəhbəri Fəzail Hüseynova qarşı böyük intriqaların içinə girməkdən belə çəkinmədi və təbii ki, hər fürsətdə onlardan öz qarşılıq payını aldı da! Elə, barəsində açılan, indi isə, məhkəməsi gedən son cinayət işi də, aldığı həmin paylardan biridir. Bu azmış kimi, başçının bir qrup iş adamı ilə, milyonlarla borc intriqasında, şirin vədlərlə
yazdırdığı yalan “zəmanət məktubuyla” adının başda çəkilməsi də, aldığı daha bir pay epizodudur. Əvvəllər bu barədə deyilənlər vecinə olmasa da, səksədən doğan təşviş, nəhayətdə, buna görə də, onu qəzəbləndirməyə başladı. Səbəb də, məlum: Yeyintilərə görə, rəsmi şəkildə yalnız onun adının hallanması, digərlərinin məsuliyyətdən kənarda qalması!

Baş verənlərlə bağlı, məlumatlı mənbənin araz.az-a bildirdiyinə görə, başçı Zakir Fərəcov, Gündüz Əliyevi hazırkı gərginliyin səbəbkarının, heç vaxt arası olmadığı üçün, xoşuna gəlməyən Fazil Hüseynov olduğuna inandıra bilib. Guya, hamıya məlum səs-küylü milyonlarla borc qalmaqalını başlatmaq üçün, Baş memar qabaqcadan düşündüyü fitnə-fəsadlarla iş adamlarını onların üstünə ayağa qaldırıb. Elə, bu mübahisənin predmetində də, başçının sahibkarlara olan borcunun qaytarılması dayandırılıb. Gündüz Əliyev isə, Fazil Hüseynovu icra başçısının əleyhinə kampaniya aparmaqda ittiham edərək, bildirib ki, başçı tikinti aparmır. Görülən işləri İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi həyata keçirir. Demək, şəhərdəki bütün təmir-tikinti işlərinə cavabdeh də, o zaman bu vəzifəni tutan Fəzail Hüseynovdur. Bununla, icra başçısı onu məsuliyyət altında qoymaq istəyib. Deyilənlər barədə məlumat, bilgili mənbə tərəfindən Baş memarın özünə çatdırılıb. Onun tərəfindənsə, deyilənlərin əvəzi olaraq, Gunduz Əliyevə lazımı cavablar verilib. Üstəlik, icra başçısı ilə birgə həyata keçirdikləri saxtakarlıq və maxinasiya əməlləri, birbaşa onun üzünə deyilib.

Zakir Fərəcovun sağ əli və əlaltısı Gündüz Əliyev başa düşmək istəmir ki, fakt faktlığında qalır, inkar olunması mümkünsüzdür. Və artıq hamı bilir ki, onu səksəkəyə salan daha bir səbəb, onun Sumqayıt Ağır Cinayətlər Məhkəməsində, dövlətin milyon yarımdan çox pulunu mənimsədiyinə görə, hakim qarşısına çıxarılmasıdır. Puldan doymayan bu vəzifə sahibi, mənimsədikləri azmış kimi, Sumqayıt Şəhər Səhiyyə şöbəsini də öz kurasiyasına keçirəndə, pis niyyətlərlə bacısını şəhər səhiyyə şöbəsinə Baş mühasib təyin etdirəndə, bu yolla bütün
xəstəxanalara ayrılan dövlət vəsaitini öz bildiyi kimi dövr etdirəndə bilməliydi ki, bunun sonu yaxşı olmayacaq. Göz qabağında baş verənlər kimi. Törətdiyi səs-küylü belə cinayət əməllərinə görə, o, hətta saxlanılıb da. Adı “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə baş verən qanunsuzluqlarda əsas fiqur kimi hallanır. Bu ciddi məsələ ilə bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi aparıldı. Bu iş üzrə ibtidai istintaq ötən ilin avqusut ayında yekunlaşdı və cinayət işi məhkəmə istintaqına göndərildi. İş materiallarına əsasən, Gündüz Əliyev bacısı
Gülnarə Bayramova və yaxın qohumu olduğu deyilən Elxan Əsədov vasitəsi ilə, təsis etdikləri 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq, Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.
Köçürülmüş bu pul vəsaitinin 1 milyon 613 min 334 manat məbləğində hissəsi adları keçən cinayətkarlar vasitəsi ilə, nağdlaşdırmaqla mənimsənilib. Bir sözlə, cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin, müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edilərək, leqallaşdırılması ibtidai istintaq zamanı sübuta yetirilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında, Gülnarə Bayramovaya, Gündüz Əliyevə, Elxan Əsədova Cinayət Məcəllənin ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, köməkçilik etmə və digər ağır maddələrlə yekun ittiham elan edilib.

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işinin məhkəmə baxışı hələ də davam edir. Çox maraqlıdır ki, hakim Aynur Rzayevanın sədrliyi ilə, bu prosesin. çoxdandır keçirilməsinə baxmayaraq, məhkəmə bu səs-küylü cinayət işi ilə bağlı son qərarını verməyib. Bununla bağlı, araz.az-ın əldə etdiyi məlumatlara görə, məhkəmə qəararının verilməsi, Zakir Fərəcovun təkidli tələbi ilə, qəsdən gecikdirilir — son olaraq, Gündüz Əliyevin və cinayətkar dəstəsinin bəraət alması üçün! Belə olmasaydı, Gündüz Əliyevin vəziyyəti heç də yaxşı olmayacaqdı.
Çoxları hələ belə deyirdi və eləcə də, ölkənin media vasitələri belə yazırdı ki, guya, Gündüz Əliyev başçı Zakir Fərəcovun çox yaxın dairəsində olan birisidir. Buna görə, keçmiş müavininin həbs cəzası almaması üçün, toxunulmaz kimi ad çıxaran başçının özü bu işlə şəxsən məşğul olub.
Guya, Gündüz Əliyevin adı keçən korrupsiya ilə bağlı bu cinayət işi çoxdan bağlanıb və dövlətin milyon yarımdan çox pulunu mənimsəyən Gündüz Əliyev artıq bəraət alıb. Özü də elə görüntü yaradırdı ki, guya, hər şey onun xeyrinədir: Tam arxayın şəkildə, öz rahatlığını nümayiş etdirirdi hər yerdə.
Heç nə deyilənlər və yazılanlar kimi olmadı. Səksədə olan Gündüz Əliyev bu günlərdə məhkəmə qarşısındaydı. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində yenə hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesi, guya, mənimsənilən pulların əqdləri, şahidlər gəlməyib,
təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilməyib və bu
kimi başdansovdu bəhanələrlə bir daha təxirə salındı. Bu bir daha onu deyir ki, bu işdə mütləq və mütləq Zakir Fərəcovun da barmağı var. Amma, artıq, haqq da öz sözünü deyir! Bu barədə, bu yaxınlarda hamı sensasion çox şey eşidəcək. Çünki əsl həqiqətlər üzə çıxır. araz.az-ın növbəti yazısı da, bu barədə olacaq.

Gündüz Əliyevi bu gün səksəkəyə salan ən əsas səbəb isə, onun indiyədək topladığı haram pullarla, mənimsə və saxtakarlıq kimi qanunsuz yollarla əldə etdiyi
mal-mülklərinin əlindən çıxacağı qorxusudur. Onun nələri yoxdur?! Harınlar kimi yaşamağa adətkar olan bu talançı məmur, artıq sonunun çatdığını hiss edərək, daha da azğınlaşıb və öz əməllərini ört-bastır etmək üçün, onun barəsində yazan medianı susdurmağa çalışır. Bu da, öz hədə-qorxuları, təkid-təhdidləri ilə, onun qanunsuz əməllərindən daha çox yazan araz.az xəbər portalı qarışıq, digər media vasitələrini susdurmaq üçün, dəridən-qabıqdan çıxanlardan birisinin törətdiyi bəd əməllərin daha bir acı nəticəsi. Biz nə yazdıq, axı?! Media gündəmini zəbt edən Sumqayıtın icra başçısı Zakir Fərəcov və sahibkarlar arasında olan borc qalmaqalı haqqında araşdırmaları ortaya qoyduq. Bu ciddi məsələni ictimaiyyətə təqdim etməkdn yorulduq. Amma aidiyyatı qrumlar buna bir reaksiya vermədi ki, vermədi. Eynən, Gündüz Əliyev sahibkarlara arxayın şəkildə dediyi kimi hərəkət erdilər: “Boş -boş yazırlar, kimdir onlara baxan. Kişi haqlıdır!..”. Dediyi o kişi də, artıq, ondan əl çəkir. Bacarmır Gündüz Əliyevin törətdiyi və keçmiş MTN-nin 2014-cü ildə “Buta” əməliyyatı ilə üzə çıxardığı ilk, indiyədək davam edən digər cinayətlərini ört-basdır etməyə. araz.az-ın daha bir yazısı bu əməliyyat barəsində olacaq. Bu yerdə isə, əsas olaraq onu demək istəyirik ki, məlumatlara görə, Gündüz Əliyevin qayınatası biznesmendir və Zakir Fərəcovla işbirliyi mövcud olub. Qayınataya məxsus, adları “Buta”, “Sultan”… olan və dediyimiz əməliyyatın keçirildiyi restoranlar şəbəkəsinə şərikliyi də var. Diqqətdə saxlayın saytımızı, bir daha görəcəksiniz Gündüz Əliyevin “hansı yuvanın quşu” olduğunu. Xatırladacağıq ki, söhbət adi birisindən yox, ona milyonlar qazandıran nəhəng mebel sexlərinə, çoxsaylı digər obyektlərə, mal-mülklərə sahib, karyera tarixçəsi bir film kimi olan iş adamı Gündüz Əliyevdən gedir və
sizi o “filmlə” tanış olmağa dəvət etmişik.

Mətbuat yazılarında ən çox yer alan iddialar əsasında belə qənaətə gəlmək olur ki, Zakir Fərəcov ölkənin böyük bir şəhərini, sözün əsl mənasında, müəyyən edilmiş “oğru dünyası”nın qanunları ilə idarə edir. Bu səbəbdən, bu şəhərdə vəziyyət ürəkaçan deyil və onun başçı fəaliyyətindən narazılıqlar pik həddə çatıb. Bütün bunlara baxmayaraq, bir daha deyirik ki, bütün problemlərin sonunda ədalət zəfər çalır və haqq öz sözünü demək üzrədir. Tezliklə, yerli icra hakimyyətlərinin yerlərdə “xanlıq edən” bir çox başçılarının sonu olacaq. Belələrinin adları arasında, Zakir Fərəcovun adı başda çəkilir. Bax, onda, başçının: “Mən qaranlıq işlərin ustasıyam!”, — deyən əlaltısı da, öz layiqli cəzasını alacaq. Onda narahat camaata bəlli olacaq ki, barəsində cinayət işləri açılan Gündüz Əliyev, Sumqayıt İcra Hakimiyyəti bir yana, bəs, dərs dediyi Sumqayıt Dövlət Universitetindən niyə qovulmadı?! Ümümiyyətlə, onun ali məktəb tələbələrinə dərs keçməyə mənəvi haqqı çatırmı?! Ballı nənənin əri bir yana, digər kişilərin də, onlara çatacaq halal milyonlarını mənimsəyən bir məmur fəlsəfə doktoru, universitetin baş müəllimi ola bilərmi?! Görəsən, o, öz tələbələrinə nədən dərs keçir?! Rüşvət almağın yollarındanmı, korrupsiya əməllərindənmi, şər-böhtandanmı, yalançılıqdanmı, iş adamlarına kələk gəlməkdənmi, yoxsa?!.

Verilən bu suallar indiyədək cavabsızdır. Bizsə, bu yerdə onu da demək istəyirik ki, Gündüz Əliyevin
Sumqayıtda mebel sexlərindən, bulvarda restoran və kafelərindən, idman zallarından… savayı, gecələr “quşxana” kimi fəaliyyət göstərən obyektləri də var.

Bundan başqa, Gündüz Əliyevin hansı əməl sahibi olduğunu bilməyə nə ehtiyac var? Onun bu qədər işi görməyə necə vaxtının çatdığını və fiziki imkanının buna yol verdiyini də, təsəvvür etmək çətindir.

Sonda, onu biabır etməyə hazırlaşan Ballı nənənin ərinin dediklərinə qayıdaq: “Yolunu azan belə birisinin iç üzünü mütləq camaata açıb göstərmək gərəkdir. Biabırçı əməllər sahibi olan, barəsində ağır ittihamlı maddələrlə cinayət işi açılan Gündüz Əliyev vəzifə başında ola bilməz!”.

Bəyəm, mətbuatımızın da, belə təkidli tələbləri az olub?! Nə olsun, deyilənləri saya salan yoxdur!..

Əli HÜSEYN,
Anar MUSTAFA,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.