“Deputat Kəmaləddin Qafarov əhalini aldadır, çünki özü fəal dərman biznesi ilə məşğuldur” - AÇIQLAMA


“Dərman biznesi sahəsində ölkədə əcaib durum yaşanır. Paradoksal vəziyyətlərdən biri budur ki, ölkədə dərman istehsalı üçün yetərincə imkanlar var. Zavod da açılıb, cənab Prezident Pirallahıda zavodun açılışında iştirak edib. Bəs nə üçün Azərbaycanda dərman istehsalına keçid yoxdur? Səbəbi budur ki, dövlətin dərman siyasətini müəyyən edən adamlar fəal dərman biznesi ilə məşğul olurlar və əksəriyyəti Milli Məclisdə toplanıb. Deputat Kəmaləddin Qafarov dərmanların Azərbaycanda Türkiyədən daha ucuz olduğunu deməklə, əlbəttə, kökündən səhv edir. O, əhalini aldadır. Çünki özü fəal dərman biznesi ilə məşğul olur. İstehlakçılardan hər gün gələn zəngələrə bir gün gəlib Azad İstehlakçılar Birliyində qulaq assın, görsün ki, istehlakçılar nə deyirlər…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.


E.Hüseynov bildirib ki, Azərbaycanda dərmanlar bir çox ölkələrdən dəfələrlə bahadır, keyfiyyəti də aşağıdır: “Çünki insanların xəstəliyinə təsir etmir. Bu barədə ictimai rəy belədir. Ən gözəl ekspertiza da elə ictimai rəydir. Üstəlik, dərmana nəzarət edən Analitik Ekspertiza Mərkəzi dərmanların qeydiyyatında böyük bürokratizm şəraitində çalışır. Adicə ölkəyə gətirilən şprislərin keyfiyyətini analiz edə bilmir. Dəfələrlə məsələ qaldırmışıq. Ölkəyə üzərində bölgüsü düz olmayan, standartlara cavab verməyən külli miqdarda təhlükəli şprislər gətirilir. Heç Analitik Ekspertiza Mərkəzi bunun da öhdəsindən gəlmək istəmir. Çünki dərman biznesi ilə məşğul olan, qərar qəbul edən adamlar fəal şəkildə bu bazarı çirkləndirirlər. Elə iş aparılmalıdır ki, Azərbaycan istehlakçıları yerli dərmanlar ala bilsinlər. Təəssüf ki, bu, yoxdur. Yerli dərman istehsalına cavabdeh olan zavod da, demək olar, primitiv işlərlə məşğul olur. Tibb vasitələri istehal edir, lakin dərman istehsalına keçid ala bilmir, yaxud almaq istəmir. Ölkənin dərman bazarı həddindən artıq çirklənmiş vəziyyətdədir…”

 

E.Hüseynov deyib ki, Azərbaycandakı qədər aptek şəbəkəsi heç bir ölkədə yoxdur: “Təxminən, apteklərin sayı başqa ölkələrlə müqayisədə bizdə 20 dəfə artıqdır. Təkcə Atatürk prosektindəki yeddimərtəbəli binanın altında yeddi aptek var. İnsanlar apteklərdə növbədədirlər. Səbəbi nədir? Birincisi, insanlar ciddi xəstədirlər, görünür, bu, qidadan da qaynaqlanır. İkincisi, dərmanlar keyfiyyətsizdir. Üstəlik, Azərbaycanda alman apteklər şəbəkəsi var. Qiyməti dövlət tərəfindən tənzimlənən dərmanları dəfələrlə baha qiymətə satır. Sanki demək istəyir ki, bizdəkilər “natural”dır, o birilər saxta…”


Tarix: 30-03-2023, 15:19
Xəbəri paylaş



Xəbər lenti