Vüqar Dadaşov: Reqlament və qaydaların qanuniləşdirilməsi və məcburi tətbiqi mütləq zərurətdir


Dünən Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbçimiz şəhid olub, 2 hərbiçimiz isə yaralanıb. Hadisə ilə bağlı DSX rəisi Elçin Quliyev çoxlu suallar doğuran açıqlama verib. E. Quliyev bildirib ki, helikopter təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb. Həmçinin Elçin Quliyev bildirib ki, helikopter tamamilə yeni olub: “Qara qutu” tapılıb. “Qara qutu” Baş Prokurorluqdadır. Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz”.
DSX sədri Elçin Quliyevin “kənar təsirdən söhbət gedə bilməz” ifadəsi məncə tələsik verilən açıqlamadır və təbii ki, “qəzaya” səbəb olan kənar təsirin olub-olmaması “qara qutu”nun öyrənilməsindən sonra məlum ola bilər və hansı ki, Rusiya istehsalı olan təyyarə və helikopterlərin “qara qutu”sunun oxunmasını Rusiya həyata keçirir. Bu isə o deməkdir ki, əsl həqiqət gizli olaraq qala bilər əlbəttə ki, “qara qutu” öyrənilməsi üçün həmişəki kimi Rusiyaya verilərsə. Həqiqətən faciə ilə bağlı qaranlıq qalan məqamlar çoxdur və “qara qutunun” deşifrə edilməsinə və məlumatın ictimaiyyətə elan olunmasına qədər bir mənalı fikir irəli sürmək düzgün olmazdı. Ancaq fakt budur ki, Qaraheybət faciəsi bir xalq və dövlət olaraq yaxın keçmişimizdə baş vermiş, mahiyyət etibarı ilə eyni faciələrin ardıcıllığının davamı kimi çox böyük əsaslı narahatlıqlar və faciələrin təkrarlanma ehtimalını yaradır. 20.11.1991-ci il Qarakənd faciəsi, 24.07.2019-cu il Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 təyyarəsini kor edilməsi və nəhayət ki, 30.11.2021-ci il Qaraheybət faciəsi.
Ümumən ölkəmiz ətrafında hərbi siyasi vəziyyətin analizi göstərir ki, baş verənlər heç də təsadüfi deyil. Bir faciə barədə lap unutmuşuq, o dəhşətlər barəsində heç danışmırıq da. 14.07.1989-cu il Kəlbəcər faciəsi hansı ki, rus pilot Kəlbəcərdə təpədə atıl-düş edən 8 uşağı vertolyotun pərləri ilə doğrayıb, parça-parça edib (mənbə Vüqar Dadaşov “Mənim düşüncəm” kitabı, səh.,111).
Dövlət və milli təhlükəsizliyimizlə bağlı Rusiyanın texniki istehsalından imtina etməliyik. Sözsüz ki, bu iqtisadi məsələ yox siyasi məsələdir. Ancaq elə məsələlər var ki, bir başa bizim özümüzdən asılı məsələlərdir. Dünyanın bəzi dövlətlərində dövlət rəhbərinin və onu əvəz edə biləcək şəxslərin, eləcə də ordu rəhbərliyinin, yüksək rütbəli zabitlərin və sair bir yerə toplaşması, hərəkətini müəyyən edən reqlament və qaydalar var. Həmin reqlament və qaydaların mahiyyəti ondan ibarətdir ki, dövlət və milli təhlükəsizlik naminə dövlətin yüksək vəzifəli şəxslərin, yüksək rütbəli zabitlərin bir yerə toplaşmasının, bir yerdə hərəkətinin, uçuşunun məhdudiyyətləri var. Təbii ki, Azərbaycanda da belə reqlamentin və qaydaların tətbiqi milli təhlükəsizliyimizi və mümkün vəziyyətlərdən minimum itki və zərərlə çıxmağımızı təmin edə bilər.
14 nəfər zabitin hansı ki, Azərbaycan dövlətinin, xalqının təhlükəsizliyinin, ərazi bütövlüyünün keşikçilərini bir vertolyota yığmaq hansı məntiqə, qaydaya uyğundur?! Sözsüz ki, Qaraheybət faciəsi ilə bağlı istintaqın nəticəsinin obyektivliyi və günahkarların cəzalandırılması gələcəkdə belə faciələrin qarşısını almağa zəmanət vermir. Ancaq, milli təhlükəsizliyimizin təmini üçün və belə hadisələrin təkrarlanmaması üçün yuxarıda qeyd etdiyim reqlament və qaydaların qanuniləşdirilməsi və məcburi tətbiqi mütləq zərurətdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas, Qarabağ qazisi
Neqativ.com
Tarix: 1-12-2021, 20:59
Xəbəri paylaş



Xəbər lenti