Müharibə iştirakçılarına veteran statusunun verilməsi niyə gecikdirilir?

Maraqlı tərəflər kimlərdir?
Veteran və hərbçilərin təqaüd və məvacibləri artırılacaqmı?


44 günlük Vətən müharibəsi iştirakçılarına, qazilərə qanunla müəyyən edilmiş statusların və eləcə də “Müharibə veteranı” statusunun verilməsi gecikir. Bunun həm obyektiv həmdə subyektiv səbəbləri var. Əvvəla qeyd edim ki, döyüş əməliyyatlarında yarananlarla və döyüşdə iştirak edənlərə verilməli olan statuslar bir-birindən tam fərqli statuslardır. Bilməliyik ki, “Müharibə veteranı” statusu hüquqi, yaralılara və əlillərə verilən status isə sosial statusdur.
“Müharibə veteranı” statusu Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Komissiyanın, əlilliklə bağlı statusun verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir.
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər “Müharibə veteranı” sayılırlar. Ancaq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu isə o deməkdir ki, Nazirlər Kabineti əgər döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrləri təsdiq etmirsə həmin ərazilərdə döyüş əməliyyatının keçirilməsindən asılı olmayaraq iştirakçılara müharibə veteranı statusu verilmir. Məsələn 4 günlük Aprel döyüşləri, Naxçıvanda Günnük əməliyyatı və sair kimi hərbi əməliyyatlar da Nazirlər Kabinetinin təsdiqindən sonra döyüş gedən ərazilər hesab edilir.
“Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
O ki, qaldı “Müharibə veteranı” statusunun verilməsi prosesinə və görülməkdə olan işlərə, qeyd edim ki, ləng görünsə də işlər aparılır, hüquqi baza yaradılır, qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilir, təkminləşdirilir.
2021-ci il yanvarın 30-da Baş nazir Əli Əsədov Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə qərar imzalayıb. Komissiyanın sədri Baş nazirinin birinci müavini Yaqub Eyyubov təyin edilib. 2021-ci il aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qərar verib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Bu bazaya həm 1-ci Qarabağ və Vətən müharibəsində iştirak etmiş şəxslər haqqında məlumatlar toplanır. Say etibarı ilə bu rəqəm çox böyükdür. Təkcə 1-ci Qarabağ müharibəsində 10 min şəhid vermişik, iştirakçıların sayı isə 200 minə yaxındır. Vətən müharibəsində isə təkcə təltif edilənlərin sayı 70 minə yaxındır. Əlbəttə ki, bu işlər qısa zaman işi deyildir.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn 2022-ci
il dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı “Hərbi qulluqçuların statusu haqqında” qanun qəbul olunacağını deyib. Göründüyü kimi, Vətən müharibəsi iştirakçılarına müvafiq statusların eləcə də veteran statusunun verilməsinə dair işlər hüquqi bazanın təkmilləşdirilməsi, dəyişikliklərin edilməsi, informasiya bazasının yardılması obyektiv səbəb kimi gecikmələrə səbəb olub.
Prosesin gecikməsinə səbəb olan digər amillərin olduğu da ehtimal edilir. Bir sıra ekspertlər qeyd edirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maliyyə məsələlərinə görə veteran statuslarının verilməsinin gecikdirilməsində maraqlıdır. Müharibə əlillərinə dərəcələrin verilməsində aşkar problemlərin mövcudluğu , artıq təyin olunmuş əlillik dərəcələrinin isə ləğv edilməsi həqiqətən də ƏƏSMN-nin Vətən müharibəsi iştirakçılarına veteran statusunun verilməsinin gecikməsində maraqlı olması ehtimalını gücləndirir. Sual oluna bilər ki, “Müharibə veteranı” statusun verilməsi ƏƏSMN-nin səlahiyyətinə aid deyil axı? Məsələ ondadır ki,
2021-ci il yanvarın 30-da Baş nazir Əli Əsədov Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə qərar imzalayıb və həmin Komissiyada bütün güc strukturları, xüsusi xidmət orqanları ilə yanaşı ƏƏSMN-də təmsil olunur.
Veteranların, hərbiçilərin təqaüdlərinin, məvaciblərinin artırılması məsələsinə gəldikdə , əvvəla qeyd edim ki, qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan dövləti müharibə veteranlarına əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verir. Ölkəmizdə minimum əmək haqqı 250 manat olduğu halda veteran təqaüdünün məbləği 80 manatdır. Sözsüz ki, bu uyğunsuzluq aradan qaldırılmalıdır.
Bildiyimiz kimi, 16.10.2021-ci Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb və həmin sərəncama əsasən, Nazirlər Kabineti əmək haqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Qısası 2022-ci ildən qeyd edilmiş kateqoriyalarla yanaşı “Müharibə veteranı” təqüdünün də məbləğinin artırılması gözlənilir.
Hərbi qulluqçuların da maaşlarının artırılması nəzərdə tutulub. Bunu Maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Yeri gəlmişkən, hal-hazırda təklif olunan 2022-ci il dövlət büdcəsi son dövrün ən böyük büdcəsidir. 2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat məbləğində proqnozlaşdırılmışdır. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artım planlaşdırılır. Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda müdafiə və milli təhlükəsizlik 15,5 %, sosial müdafiə və sosial təminatı isə 12,4 % xərclər nəzərdə tutulur.
Odur ki, cənab Prezidentin tapşırıqları və müvafiq Sərəncamına əsasən müharibə iştirakçılarının, hərbçilərin sosial problemlərinin həllində əsaslı addımların atılacağı gözlənilir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas, Qarabağ qazisi
Neqativ.com
Tarix: 20-11-2021, 10:16
Xəbəri paylaş



Xəbər lenti