Siyasi birlikdən iqtisadi birliyə: Turanda vahid valyuta olacaq?


Siyasi birlikdən iqtisadi birliyə: Turanda vahid valyuta olacaq?

Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü keçirilir. Azərbaycan Prezidentinin də iştirak etdiyi görüşdə Türk Dövlətlərin Şurası artıq təşkilat elan olunub.
Qeyd edək ki, türkdilli ölkələr arasında son illər bir sıra sahələrdə olduğu kimi iqtisadi əlaqələr də getdikcə güclənməkdədir.
Ölkələr arasında bu iqtisadi birliyin daha da güclənməsi üçün vahid gömrük ittifaqı və vahid valyutanın yaradılması ideyası irəli sürülür. Eləcə də ikili, üçlü və ya dördlü formatda belə bir addımın atılması kimi təşəbbüslər ola bilər. Mütəxəssislər, hazırkı görüş çərçivəsində bununla bağlı müqavilə imzalanmasının məqsəduyğun olduğunu deyirlər.
Bu, həm dövlətlərin marağındadır, həm də yeni türk birliyinin dünyaya mesajı ola bilər. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında vahid gömrük ittifaqı və vahid valyuta reallaşa bilərmi?
İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bununla bağlı açıqlamasında bir neçə müddətdir ki, Türk Dövlətləri Təşkilatına üz dövlətlər arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsinin əsas müzakirə mövzularından biri olduğunu deyib:

“Bu baxımdan sammitlərin, görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin hər birinin çox böyük, özünəməxsus iqtisadi imkanları var. Bu ölkələr arasında hazırda da qarşılıqlı iqtisadi-ticari münasibətlər mövcuddur. Xüsusilə də Azərbaycanla Türkiyə arasında olan münasibətləri önə çəkmək istərdim. Çünki iki ölkənin iqtisadi-ticari əlaqələri türk dövlətlərinin hamısı üçün bir növ nümunə sayıla bilər. Bizim qarşılıqlı ticarət əlaqələrimiz kifayət qədər böyükdür və yaxın illər ərzində bu həcmi daha yüksək səviyyəyə çatdırmaq qarşıya məqsəd qoyulub.
Türk Şurasına daxil olan digər dövlətlərlə də belə münasibətlərin olması həmin ölkələrin hər biri üçün çox böyük mənfəətlər verə, həmin ölkələrin iqtisadi yüksəlişi üçün əlavə təkan yarada bilər. Xüsusilə də Azərbaycanın Vətən müharibəsindən sonra regionda nail olduğu dəyişiklik, Zəngəzur dəhlizinin reallaşacağı bu ölkələr arasında iqtisadi birliyin nə dərəcədə böyük bir səmərə verəcəyini izah etməyə ehtiyac yoxdur”.
Bu ölkələr arasında vahid valyutanın, vahid gömrük ittifaqının yaradılmasına gədikdə isə ekspert hesab edir ki, hələlik bu barədə müzakirələr, təhlillər aparılması yerinə düşsə də, konkret addımlar atmaq üçün bu ölkələr hazır olmalıdırlar:
“Azərbaycan-Türkiyə iqtisadi-ticari münasibətlər nöqteyi-nəzərdən yanaşsaq, digər ölkələrlə də bu cür sıx əlaqələr mövcud olarsa, həmin amillərin də reallaşağı çətin deyil. Sadəcə olaraq, qarşılıqlı iqtisadi-əlaqələrin və bir çox məsələlərdə ümumi iqtisadi kursun həyata keçirilməsi daha vacibdir. Güman edirəm ki, getdikcə, xüsusən də Azərbaycanın türk dövlətləri sırasında hamı üçün yaratdığı, ortaya qoyduğu real imkanlar nöqteyi-nəzərindən tezliklə bu ölkələrin bir-birlərinə iqtisadi baxımdan daha çox yaxınlaşması və münasibət qurması, əlaqələri genişləndirməsi asan başa gələcək.
Azərbaycan bir çox layihələrin müəllifidir. Bakı-Tbilisi-Ceyran, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, hazırda reallaşacaq Zəngəzur dəhlizi kimi layihələr o deməkdir ki, Azərbaycan real olaraq həmin ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələrin yaradılması, vahid iqtisadi birliyə gedən yolun daha qısa və asan başa gəlməsi üçün bu ölkələrin hamısına böyük imkanlar yaradıb. Bizim ölkəmizin yaratdığı imkanları gələcəkdə bu ölkələrin hamısı dəyərləndirəcək və istifadə etməyə maraqlı olacaqlar. O zaman qeyd edilən iqtisadi birliyin də yaranması qaçılmaz xarakter daşıyacaq və o zaman vahid valyuta, vahid gömrük ittifaqı amillərinin reallaşacağının şahidi olacağıq”.
Tarix: 12-11-2021, 17:34
Xəbəri paylaş



Xəbər lenti