"Sən kimsən ki, mənə zəng edirsən" deyənlərin nəzərinə: Axırınızı biz işıqlandıracağıq...


"Sən kimsən ki, mənə zəng edirsən" deyənlərin nəzərinə: Axırınızı biz işıqlandıracağıq...

Mətbuat xidmətinin rəhbəri, ictimaiyyətlər əlaqələr şöbəsinin rəisi - qısacası, sözçü. Adətən, bu vəzifələrə jurnalistlərin sorğularına cavab vermək, qurumun fəaliyyətini işıqlandırmaq, idarə ilə KİV arasında körpü rolunu oynamaq üçün təyinat edilir. Bəzən mətbuat xidmətləri qurumun üzünü ağartsalar da, çox zaman özünü mətbuat xidmətinin rəhbəri deyil, idarə rəhbəri kimi hiss edən mətbuat xidmətləri ilə də qarşılaşırıq.

Nazirliklər, idarə və təşkilatlar, icra hakimiyyətləri və s. dövlət qurumlarına mətbuat xidmətləri də tanışlıq yolu ilə təyin edildiyi üçün, bəzən bu vəzifəyə jurnalistikadan xəbəri olmayan şəxslər gətirilir. Və yaxud jurnalist kimi fəaliyyətində göz önündə işi olmayan şəxslər sonradan mətbuat xidmətinə rəis təyin edildiyi zaman, sözün əsl mənasında harınlayır, jurnalistlə ünsiyyətdən qaçır, jurnalist zəng edib sorğu üçün müraciət etdiyi zaman "sən kimsən ki, mənim mobil nömrəmə zəng edirsən" kimi ifadələrdən istifadə edirlər. Fəaliyyətimiz boyu belə mətbuat xidmətləri ilə çox qarşılaşırıq.
Bəzi mətbuat xidmətləri də var ki, onlara göndərilən sorğuya cavabı hazırlayıb bütün KİV-lərə göndərir, iradını bildirdikdə isə, "sizdən öncə də bu mövzu ilə bağlı müarciət edilmişdi" deyə özünü haqlı çıxarmağa çalışır.
Bəzi mətbuat xidmətlərinin isə sadəcə adı var. Nə telefon nömrəsi, nə də hər hansı bir əlaqə-ünsiyyət vasitəsi olmur. Yəni bilirsən ki, filan nazirliyin mətbuat xidməti filankəsdir. Amma özünü öldürsən də, bu şəxslə ünsiyyət qurmağa vasitə tapa bilmirsən.
Bəzi mətbuat xidmətləri rəhbərlərinin də, daim "hörmət" etdiyi jurnalist dairəsi olur. Bu mətbuat xidmətləri, əhatəsində olan jurnalsitlərdən başqa heç bir jurnalistə müsahibə və ya açıqlama vermir. Ətrafında olan jurnalistlər isə, nəyinsə qarşıslığında həmin qurumu tərifləyib dağ başına qaldırır, qısacası cəmiyyətin gözündən pərdə asırlar. Bu mətbuat xidməti rəhbəri, əhatəsində olan jurnalistə zəng edib tapşırıqlar verir, nəyi necə yazmağın lazım olduğunu izah edirlər. Yəni, vəzifələrini "yaxşı" icra edə bilirlər. Belə mətbuat xidmətləri, uzun müddət vəzifədə qala bilirlər.
Bəzi mətbuat xidmətləri isə, ancaq press reliz yaymaqla məşğuldur. Hər zaman mailində bu mətbuat xidmətindən bir press-reliz mütləq vardır. Bəzi mətbuat xidmətləri isə, jurnalistlərə hər zaman açıqdır. Hətta sosial şəbəkələrdə belə jurnalistlərlə yaxşı ünsiyyət qurmağı bacarır, heç nəyi tələb etmir, yüksək davranışı ilə jurnalistlərin sevimlisinə çevrilə bilirlər. Məsələn, Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev.
Bəzi mətbuat xidmətləri isə, "vatsap" qurpu yaradaraq özləri üçün əlerişli məlumatları paylaşmaqla işini bitmiş hesab edir. Qısacası, ölkəmizdəki qurumların fəaliyyətini, mətbuat xidmətinə nəzər salaraq müəyyən etmək mümkündür.
Millət vəkilinə ironiyalı cavab verən qurumun fəaliyyətinin də acınacaqlı olması, jurnalistə "sən kimsən"  deyən mətbuat xidməti olan sistemin yararsız olduğunu və yaxud jurnlaistləri "dost-düşmən" mətbuat xidməti olan qurumun fəaliyyətinin yarıtmaz olduğunu hamımız bilirik, görürük və tənqid edirik. Amma nə fayda? Bu şəxslər undurlar ki, vəzifə müvəqqətidir. Sizi çıxarıb kənara "atanda" özünüzə bir sayt yaradıb başınızı qatmağa çalışırsınız, "havanız" alınır və inanın ki, vəzifədə olduğunuz zaman ironiyalı şəkildə yanaşdığınız insanlar sizin halınıza sevinir, gülür.
Bax əzizim sən, bax sən. Sən kimsən ki, jurnlaistin sorğusuna cavab vermirsən? Və yaxud sən, sən kimsən ki, millət vəkilini ələ salırsan? Bəs sən necə, jurnalist olduğunu nə tez unutdun? Bu gün kiminsə qoltuğuna sığınıb "mənəm-mənəm" deyə bilərsən? Sabah kim olacaqsan? Bəlkə mətbuatın ayağının altından da aşağılıq birisi!..
Bir zəhmət, normal şəkildə işləməyi öyrənin, hansısa bir qurumun sözçüsü olmaq böyük vəzifə deyil. Kimlərin bu vəzifədə olarkən "mənəm-mənəm" deyib sonradan büzüşərək gəzdiyini gördük. Kimlərin jurnalisti aşağılayıb sonradan jurnalsitdən də "aşağı" imkanlarla kifayətlənməyə məcbur qaldığını gördük. Vəzifə müvəqqətidir, insan olduğumuzu xatırlamaq gərəkdir.
Yəqin ki, bu yazıda bəzi qurumların mətbuat xidməti nümayəndələri özünü gördü. Yaxşılara uğurlar, pislərin isə sonu mütləq gələcək. Təbii ki, o sonu biz gətirməyəcəyik - bu, bizim səlahiyyətimizə aid deyil, amma o sonu işıqlandırmaq bizim işimiz olacaq. Necə ki, çoxlarının sonunu işıqlandırmışıq...
Tarix: 9-11-2021, 23:50
Xəbəri paylaş



Xəbər lenti