Azyaşlı Nərminin qətli: sirr pərdəsi aralanmır, müəmmalar artır…
Uşağın yaxınlarının həmin gün onun əynindəki geyimlə bağlı ifadələri bir-birinə ziddir, Nərmin itkin düşən gün isə naməlum şəxslər onun bacısını aparmaq istəyiblər...
Tovuz rayonunun Dondar Quşçu kəndində iki il əvvəl 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə yandırılmış vəziyyətdə meyitinin tapılması ilə bağlı məhkəmə araşdırmaları davam etdikcə, bu işdəki müəmmalar da artır. Əvvəl azyaşlının qan qrupu ilə yandırılmış meyitin qan qrupunun fərqli olduğu (biri II, o biri IV qrup) olduğu aydınlaşdı. Cinayət işinin materiallarında bunu təsdiqləyən sənədlər, ekspertiza rəyi var. Noyabrın 3-də isə məhkəmədə məlum olub ki, Nərmin itkin düşən gün – 2019-cu il noyabrın 21-də onun bir yaş böyük bacısı Şəbnəm Quliyevanı kənd ərazisində naməlum avtomobilin içində olan 2 nəfər israrla aparmaq istəyib. Lakin uşaq onları tanımadığına görə avtomobilə əyləşməkdən imtina edib. Bu barədə Şəbnəm Quliyeva özü məhkəmədə ifadəsində danışıb.
Azyaşlının oğurlanıb öldürülməsində ittiham olunan İlkin Süleymanov haqqında cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.
Hazırda 8-ci sinif şagirdi olan 14 yaşlı Şəbnəm Quliyeva da şahid kimi dindirilib. O bildirib ki, hadisə baş verən gün bacısı məktəbdən daha tez qayıtmışdı, atası Şərif Quliyev onlara deyib ki, əmisigilə gödəkçə aparıb vermək lazımdır. Şəbnəmin sözlərinə görə, günorta saat 14.00-15.00 radələrində dərsləri ilə məşğul olduğuna görə əmisinin evinə bacısı Nərmin gedib:
“Bir-iki saat keçdi, Nərmin qayıtmadı. Atam məni də onun arxasınca göndərdi. Əmimgilə getdim, dedilər ki, Nərmin bir saat olar, gedib. Qayıdanda yolda bir sarı taksi dayandı, içində iki nəfər vardı. Mənə dedilər ki, “otur, aparaq səni”. Tanımırdım deyə, getmədim. Mən kənd adamlarının əksəriyyətini üzdən tanıyıram. Bir az sonra qonşumuz maşını saxladı, ailəsi də içində idi, onlarla getdim”.
Bu məsələ barədə uşaq itkin düşdüyü vaxt polisə də məlumat verilib. Şəbnəm deyir ki, Tovuz rayon Polis Şöbəsində 5 nəfərə qədər adam göstərib, aralarında onu evlərinə aparmağı təklif edən adamların olub-olmadığını soruşublar. Ona avtomobillər də göstəriblər. Amma heç biri bacısı itən gün gördüyü avtomobil və adamlar olmayıb.
Hadisə günü Nərminin əmisigildən çıxıb hansı istiqamətə getdiyini məktəbdə onunla paralel sinifdə oxuyan iki şagird də görüb. Cinayət işindəki ifadələrə əsasən Şəms və Sevinc adlı həmin şagirdlər Nərminin əmisigildən çıxanda təqsirləndirilən İlkin Süleymanovun evinə tərəf yox, əks istiqamətdə getdiyini görüblər.
Şəbnəm Quliyeva dindirmə zamanı bacısının ölümündə ittiham olunan İlkin Süleymanov haqqında bunları deyib:
“Atamın sinif yoldaşı olub. Bir neçə dəfə bizə oxumağa kitablar da vermişdi. Demişdi ki, “atanız sizə öyrətsin”. Onlar tərəvəz satırdılar. Bəzən anam göndərirdi ki, gedib nəsə alım. Anası ilə münasibətimiz yaxşı idi, özü ilə ancaq “salam”, “sağ ol” olurdu. Qaraqabaq adam idi”.
Şəbnəm Quliyeva anasının əvvəllər xadimə işlədiyini, hazırda isə heç bir yerdə çalışmadığını söyləyib. Onun sözlərinə görə, 2020-ci il yanvarın 6-da, kənddə yandırılmış meyit tapılan gün, axşam onlara gələn əmisi Arif Quliyev həmin meyitin Nərmin olmadığını bildirib: “İndi fikirləşirəm ki, yəqin əmim bizi qorxutmamaq üçün elə demişdi…”
Bacısı deyir ki, Nərmin itkin düşdüyü gün atası ilə birlikdə qonşu kəndə, qohumlarıgilə “ciyəraxşamı”na getməliydi, lakin Nərmin gəlib çıxmadığına görə həmin axşam atası ora tək gedib: “Getdim, gördüm ki, əmimgildə də yoxdur, ata nənəmgildə də. Fikirləşdik ki, yəqin ana nənəmgilə gedib”.
Şəbnəm qeyd edib ki, bacısının boyu onun çiynindən idi. Bacısı axırıncı dəfə evdən çıxıb, əmisigilə gedəndə əynində yaşıl idman ayaqqabısı və qırmızı gödəkçə olduğunu deyən Şəbnəmin sözlərinə görə, başqa geyimlərini xatırlamır. O, istintaqa ifadəsində isə bildirib ki, bacısı əmisigilə getməzdən az əvvəl məktəbdən gəlmişdi deyə, əynində ağ köynək, qara ətək, ağ kalqotka vardı…
Ümumiyyətlə, məhkəmə prosesində Nərmin Quliyevanın yaxınlarının (valideynləri, bacısı, əmisi) onun həmin gün əynində olan geyimlə bağlı ifadələri arasında kəskin ziddiyyətlər var. Bacısı ayağında yaşıl ayaqqabı olduğunu deyir. Amma əmisi məhkəmədə dindirilərkən bildirmişdi ki, hadisə günü qardaşı qızı təxminən 1 dəqiqə onlarda dayansa da, onun bütün geyimləri yadındadır. Onun sözlərinə görə, uşağın ayağında ağ idman ayaqqabısı vardı. Şəbnəm bacısının məktəbli formasında – qara ətək, ağ köynəkdə getdiyini desə də, əmisi Nərminin cins şalvarda olduğunu söyləyib. Anası Aynurə İsmayılova isə uşaq itkin düşdüyü gün onun axırıncı dəfə evdən hansı paltarda çıxdığını bilmədiyini vurğulayır. Hadisədən 2 il keçsə də, ana ən azı evdə qalan paltarlara baxıb, bunu dəqiqləşdirməyib. O, məhkəmədə hakimin suallarına cavab verərkən hətta qızının ayaq ölçüsünü də bilmədiyini deyib və məlumatsızlığını ayaqqabıları atanın almasıyla izah edib.
Azyaşlının valideynləri məhkəməni izləyən jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.
Təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev “Press Klub”a bildirib ki, geyim barədə ailə üzvlərinin ifadələrindəki ziddiyyətlər ciddi məsələdir. Çünki yandırılmış vəziyyətdə tapılan meyitin üzərindəki paltarlar fərqli olub. Vəkil Nərmin itkin düşdüyü gün onun bacısını aparmaq istəyən avtomobil və içindəki adamlarla bağlı məsələyə də hüquq-mühafizə orqanlarının səthi yanaşdığını düşünür:
“Uşaq maşının nömrəsinin əvvəlini də deyib. Həmin rəng və seriyaya uyğun gələn onlarla avtomobil var. Amma ifadədən görünür ki, ona cəmi beşini göstəriblər. Bu məsələyə daha ciddi yanaşılmalıydı. Deyə bilmərəm ki, bunu bilərəkdən ediblər, yoxsa səhlənkarlıqdan. İstənilən halda, məsələyə səthi yanaşıblar”.
İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, Nərmin itkin düşən vaxt kəndə xüsusi it gətirmişdilər:
“Uşağın paltarının iyi əsasında onun izi ilə getmişdi. Uşağın olduğu evlərə – əmisigilə, onlarla yanaşı olan nənəsigilə girmişdi, oradan çıxıb, onun getdiyi istiqamət üzrə getmişdi. Bir qədər sonra iz itmişdi. O iti bizim evin yanından da aparıblar. Lakin bizim evə girməyib. Bunu atası Şərif Quliyev də dindiriləndə dedi. Əgər uşaq bizim evdə olsaydı, mütləq girərdi…”
Məhkəmə prosesi noyabrın 17-də davam edəcək.
Qeyd edək ki, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İ.Süleymanov bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Prokurorluq isə onun işgəncəyə məruz qalması barədə dediklərini təkzib edib. İlkin Süleymanovun vəkilləri işgəncə ilə əlaqədar əvvəlcə yerli məhkəmələrə müraciət ediblər, burada şikayət təmin olunmayanda isə Avropa İnsan Haqları Məhkəməsinə üz tutublar. İ. Süleymanovun ailə üzvləri hesab edir ki, hüquq-mühafizə orqanları bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün cinayəti onun boynuna qoyublar.
Gülər
Tarix: 4-11-2021, 23:22
-
Bu gün, 09:54
"Bu Qəzənfər kimdir ki, bunun havadarlıq etdiyi adam özünü Prezidentdən üstün sayır?!"
-
Bu gün, 09:24
Bu ölkələr hərbi toqquşmaya gedir – Üçüncü dünya müharibəsi ssenarisi güclənir
-
Bu gün, 09:23
Mirdaməd Seyidov “Ağ Amerika” kəpənəyinə görə sakinlərdən pul yığdırır?
-
Bu gün, 09:22
Kreml maskasını tam çıxardı: "Azərbaycanı rəsmən düşmın dövlət kimi tanıyaq"
-
Dünən, 17:06
Cəza və təqib mexanizmləri işləmədikcə, hicab qanunu da mənasını itirdi-TƏHLİL
-
Dünən, 15:31
Axundovanın sağ əli olan dələduzun vaxtından əvvəl azad edilməsi Apellyasiya Məhkəməsinə daşınır – ŞOK TƏFƏRRÜAT
-
Dünən, 15:29
"Müxtəlif maxinasiyalar həyata keçirirlər" - İTTİHAM VAR...
-
Dünən, 12:22
Tanınmış hüquqşünas hakimiyyəti və onun "mətbuat kapitanları"nı "ağ yuyub, qara sərdi" - RƏZALƏT
-
Dünən, 12:11
Axundovanın sağ əli olan dələduzun vaxtından əvvəl azad edilməsi Apellyasiya Məhkəməsinə daşınır – ŞOK TƏFƏRRÜAT
-
Dünən, 12:07
Nazir oğlunun biznesi: Camaatla məzələnirlər? - NARAZILIQ VAR...
-
Dünən, 11:38
“Sahil-S İnşaat” qalmaqalının baş qəhrəmanı Pənah Kərimov necə azadlığa çıxıb? – “Sea Breeze”ə aparan gizli yol
-
Dünən, 09:55
Xəzər dənizində suyun səviyyəsinin enməsində Rusiya izi... - TƏHLİL
-
Dünən, 09:50
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
-
Dünən, 09:46
Ukrayna raket və dron zərbələri altında – Rusiya qaz anbarlarını hədəf alıb
-
Dünən, 09:17
Həmkarlar İttifaqları Konfederasiyasının “putyovka” maxinasiyası – Sahib Məmmədov 1 milyon ittifaq üzvünün hüquqlarını necə tapdalayır ?!
-
Dünən, 09:16
Putini həyəcan bürüdü, sadəcə bir cümlə dedi – Rusiya daxilində qarışıqlıq
-
4-10-2025, 13:55
Bağça müəlliməsi çəkiliş qrupunu görüb pəncərədən qaçdı – VİDEO
-
4-10-2025, 13:40
“Veteran” adı almağa "ödənişli" kömək... - Əlillər şikayət edir, laboratoriya həkimi özünü təqsirli bilmir
-
4-10-2025, 13:37
AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİNİN DAHA BİR "GÖRMƏMƏZ" LİYİ – Naxçıvan gömrüyündən maneəsiz keçən narkotik
-
4-10-2025, 13:35
Aparıcı Aygün Muradxanlıdan ritorik sual: Deputat Eldar dələduz Eldardan saxta medalı neçəyə alıb? - VİDEO
-
4-10-2025, 13:33
"Azercell" istifadəçiləri kontur oğurluğundan ŞİKAYƏT EDİR - "Şikayət etmək mənasızdı..."
-
4-10-2025, 09:38
“Dost” estetik mərkəzində Gülbadə Abdullayeva necə estetik əməliyyatlar edir?-Videofakt
-
3-10-2025, 23:33
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi özbaşına qalıb – Əliağa Kərimov da sabiq direktor kimi..
-
3-10-2025, 23:20
QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi
-
3-10-2025, 23:13
Seyidin şirkəti cərimələndi, rəhbəri də öldürülmüşdü – “Mir Şəms” MMC
-
3-10-2025, 23:11
“Balakhani Oil” xalqın sərvətini talayır – Deputat
-
3-10-2025, 22:56
Oqtay Şirəliyev vəfat etdi
-
3-10-2025, 22:54
Səhiyyə naziri yola salınır - İLGİNC İDDİA
-
3-10-2025, 16:03
Məmurun evindən 340 min pul oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
3-10-2025, 15:15
Tovuzda fermerlərin qanuni pay torpaqları rüşvətlə başqasına satılıb – VİDEOFAKT