Misir Mərdanov:"Allahdan çox razıyam ki, 75 yaşı şərəflə yaşamışam"



Misir Mərdanov:"Allahdan çox razıyam ki, 75 yaşı şərəflə yaşamışam"

"Mikayıl Cabbarov od olsaydı ancaq özü boyda yeri yandıra bilərdi”

Uzun müddət-15 il Azərbaycanın Təhsil naziri işləmiş Misir Mərdanovla 75 illik yubileyi ərəfəsində görüşdük. Həmişəki kimi gümrah, həyat eşqiylə dolu idi. Özünün də dediyi kimi sadələrdən sadə təbiətiylə bizi qarşıladı, illərin dostu kimi həmsöhbət oldu. Misir müəllim Təhsil naziri olarkən də mətbuata ən açıq məmurlardan olub. Jurnalistləri diqqətdən kənarda saxlamayıb. Yubileyi ərəfəsində də ona ünvanlanan bütün təbrikləri, müraciətləri cavabsız qoymur.

Misir Mərdanov:"Allahdan çox razıyam ki, 75 yaşı şərəflə yaşamışam"

“75 yaşımda çox şükürlər olsun ki, özümü yaxşı hiss edirəm, işləyirəm, yaradıcılıqla məşğulam. Bu illər ərzində çoxsaylı məqalələrim, kitablarım çap olunub. Allahdan çox razıyam ki, 75 yaşı şərəflə yaşamışam. Çalışmışam ki, vətənimə, millətimə xidmət edim, istəmişəm sadə insanlardan seçilməyim, mümkün qədər sadə olum. Ömrümün 40 ilindən çoxunu müxtəlif vəzifələrdə işləmişəm.Çalışmışam ki, o vəzifələrin heç biri məni dəyişdirməsin. Bu illər ərzində ona nail olmuşam ki, sadə Azərbaycan vətəndaşından seçilməmişəm, imkan daxilində onların problemlərin həllinə yardımçı olmuşam. Təvazökarlıqdan uzaq olsa da etiraf edirəm ki, artıq 8 ildən çoxdur ki, yüksək vəzifədən çıxsam da Azərbaycan cəmiyyətinin, ziyalıların, müəllimlərin özümə qarşı böyük hörmətini görürəm.”
Artıq 8 ildir ki, nazir postundan uzaqlaşsa da bu gün də adı təhsil sistemində xatırlanır. Kimlər üçünsə o əsl təhsil adamı, müəllimlərin dostu, kimlər üçünsə təhsildə olan problemlərin banisi kimi xarakterizə olunur. Hətta nazir olduğu dönəmdə Gəncədən olan ibtidai sinif müəlliməsinin ona ithaf olunmuş bir şeirini də bizimlə paylaşdı Misir müəllim.

Layiqdir öz soyadına,
Tanrı qoy yetsin dadına,
Çatır xalqın imdadına,
Mərddir, mərdandır nazirim !
Mülayimdir təbiəti,
Sevir haqqı, ədaləti,
Təhsildə çoxdur xidməti
Gözəl insandır Nazirim!


Deyir ki, ən böyük qazancım insanların mənə olan səmimi sevgisi, isti münasibətidir. Bu nazir olanda da belə idi, bu gün də belədir.

Misir Mərdanov:"Allahdan çox razıyam ki, 75 yaşı şərəflə yaşamışam"

“Bu Azərbaycan cəmiyyətində nadir hadisədir”

Heç vaxt təmtaraqlı ad günləri keçirməyib. İndiyə qədər nə rəsmi, nə də qeyri-rəsmi ad günləri qeyd olunmayıb.
“70 illiyimdə xaricə getdim ki, ad günüm keçirilməsin, ondan əvvəlki illərdə də buna imkan verməmişəm. Bu dəfə isə Prezidentin təltifindən sonra ailəmizlə birlikdə kiçik bir tədbir keçirib sevincimizi bölüşdük.”
Təltif olunması xəbərini qohumundan eşitdiyini deyən Misir müəllim bunu həyatında aldığı ən böyük mükafat hesab edir. “ Prezidentimiz mənim sadə əməyimi çox yüksək qiymətləndirdi. Mən bunu heç vaxt unutmaram. Bu illər ərzində mən 3 yüksək dövlət mükafatı ilə təltif olunmuşam. İlk dəfə 2000-ci ildə Ulu öndər tərəfindən Əməkdar elm xadimi fəxri adı almışam.İkincisi 60 yaşım tamam olanda İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşam. Bir neçə gün öncə isə “Vətənə xidmət” ordeninin birinci dərəcəsi ilə mükafatlandırıldım. Bu təltiflərin hər birinin öz yeri, öz çəkisi var. Amma bu sonuncu təltif mənim üçün xüsusilə dəyərlidir. Çünki mən hazırda elə də yüksək vəzifədə çalışmıram. Artıq 8 ildir ki, nazir vəzifəsindən azad olunmuşam. Bu Azərbaycan cəmiyyətində nadir hallarda baş verən hadisədir ki, cənab Prezident mənim əməyimi belə yüksək səviyyədə qiymətləndirdi.”

Misir Mərdanov Azərbaycan təhsilinin keçid mərhələsində, ziddiyyətli dönəmində nazir vəzifəsində çalışıb. Sovet təhsil sisteminin xarabalıqları üzərində yeni bir sistem formalaşdırmaq, yeni konsepsiya yaratmaq çətin iş idi. Təbii ki, müqavimətlər, tənqidlər çox olurdu. Müəllimlərin ağır maddi durumu, məktəblərin maddi-texniki bazasının zəif olması vəziyyəti bir az da ağırlaşdırırdı. Amma Misir müəllim ən azından davranışları, sözləriylə müəllimlərin tərəfində olduğunu, onları müdafiə etdiyini nümayiş etdirirdi. Yəqin ki, müəllimlərə verilən maaş barəsində dediyi tarixi sözləri də çoxları unutmayıb. Nazir olduğu dönəmi, o dövrün tələblərini bizimlə bölüşdü Misir müəllim.

Misir Mərdanov:"Allahdan çox razıyam ki, 75 yaşı şərəflə yaşamışam"

“Nazir olmaq, xüsusilə təhsil sahəsində çox çətin məsələdir. Əvvəllər Azərbaycanda təhsil sahəsində 3 nazirlik var idi-Maarif nazirliyi, Peşə Təhsili Komitəsi və Ali və Orta İxtisas təhsili nazirliyi. Mənim işlədiyim dövrdə isə bunlar birləşdirilərək Təhsil nazirliyi formalaşdırıldı. Bu bir çətinlik idi. Digər çətinlik Sovetlər birliyinin dağılması nəticəsində yeni, müstəqil bir dövlətin təhsil sistemini formalaşdırmaq lazım idi. Üçüncü çətinlik isə Azərbaycan yeni latın qrafikalı əlifbaya keçmişdi və dərsliklər yox idi, çatışmırdı. Beləliklə hər şey yenidən qurulmalı, formalaşdırılmalı idi. Mən bütün bu çətinlikləri görürdüm və həmin dövrü Ümummilli lider H.Əliyevin rəhbərliyi altında işlədim. Hər zaman onun diqqət və qayğısını hiss edirdim. Məni nazir, Təhsil islahatları komisiyasının sədri təyin edəndə də, özəl ali təhsil müəssisələrinə lisenziyaların verilməsini mənə tapşıranda da bu yüksək qayğını və etimadı, həmçinin üzərimə düşən böyük məsuliyyəti hiss edirdim.
Nazir işlədiyim 15 il ərzində hər zaman fikirləşmişəm ki, necə eləyim ki, ilk növbədə millətimin, xalqımın, sonra isə Prezidentimin etimadını doğruldum. Bu çox çətin idi. “

"Heydər Əliyev mənə qəti şəkildə tapşırdı ki...”

Misir müəllimdən onun dövründə başladılan təhsil islahatları barəsində , qarşıya qoyulan vəzifələrin öhdəsindən necə gəldiyini sorruşduq.
“Biz təhsil islahatlarına başlayanda Heydər Əliyevin xüsusi tapşırıqları istiqamətində işlər görməyə başladıq. Ulu öndər tapşırmışdı ki, ilk növbədə Azərbaycan təhsilinin bu günkü vəziyyətini araşdırın, analiz edin, görün nəyimiz var, nəyimiz yoxdur və çatmır. İkincisi dünyanın qabaqcıl ölkələrinin təhsil sistemini və baş verən prosesləri öyrənin. Ancaq H.Əliyev qəti şəkildə tapşırmışdı ki, heç zaman imkan verməyəcəyəm ki, hansısa ölkənin təhsil sistemini gətirib Azərbaycanda tətbiq edəsiniz. Nə öyrənsəniz onu Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğunlaşdırıb tətbiq etməlisiniz. Bundan sonra biz qabaqcıl təhsil xadimləri ilə dünyanın bir sıra ölkələrinə-ABŞ, Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, Cənubi Koreya, Hollandiya, Türkiyəyə səfərlər etdik, onların təhsil sistemini öyrəndik. Gördük ki, bu ölkələrin böyük əksəriyyətində bizdə o vaxta qədər mövcud olan təhsil proqramlarının adı kurikulumdur. Bu əslində başqa bir şey deyildi, sadəcə həmin ölkələrdə təhsil proqramları daha müasir səviyyədə hazırlanmışdı. Əvvəllər heç biz özümüz də bunu dərindən başa düşmürdük. Bir neçə il ərzində bizim mütəxəsislər bunu öyrəndilər və qərara gəldik ki, Azərbaycanın milli kurikulumunu- milli təhsil proqramını hazırlamalıyıq. Burda əsas dərsliklərin necə hazırlanması, müəllimlərin, şagirdlərin nəyi bilməsi, qiymətləndirmənin hansı üsullarla aparılmasının müəyyənləşdirilməsidir. Bu gün bəziləri iddia edir ki, bu nə sistem idi bizə gətirdilər. Əslində bu yeni gəlməyib, mövcud idi. Sadəcə adı kurikulum yox, təhsil proqramı idi. Biz onu dünyadakı mövcud təcrübədən istifadə edərək təkmilləşdirdik. Hesab edirəm ki, biz səhv etməmişik.”

“Mikayıl Cabbarov od olsaydı ancaq özü boyda yeri yandıra bilərdi”

M.Mərdanovdan sonra 3 şəxs-Mikayıl Cabbarov, Ceyhun Bayramov və hazırkı nazir Emin Əmrullayev Təhsil naziri postunu tutublar. Bunlardan hansının daha uğurlu təyinat olduğunu soruşanda Misir müəllimin son dərəcə diplomatik cavab verəcəyini təxmin etmişdik. Zənnimizdə yanılmadıq. Eks nazir öz xələflərinin hər üçünü müsbət mənada təsnif etdi, daha çox uğurlarını dilə gətirdi. Əslində bu həm də onun bir ağsaqqal təbiətinin göstəricisi idi.
“M. Cabbarovu hələ tələbəlik illərindən tanıyıram. Mən rektor olanda onu universitetin əlaçı tələbəsi kimi Amerikaya təhsilini davam etdirməyə göndərdik. Daha sonra İçəri Şəhər qoruğunun rəhbəri olanda onun binası mənim yaşadığım evlə qonşu idi . Tez-tez rastlaşardıq və hər zaman-elə indi də ondan özümə qarşı çox böyük hörmət görmüşəm. Mikayıl müəllim az müddət nazir vəzifəsində qaldı. Bu müddətdə o od da olsaydı ancaq özü boyda yeri yandııra bilərdi. Buna baxmayaraq qısa müddətdə az iş görmədi. İlk dəfə modul tipli məktəblərin quraşdırılması ideyası ona məxsus idi. Ceyhun Bayramov da Mikayıl müəllim kimi vəzifəyə təhsil sistemindən gəlməmişdi. Qısa zamanda o da müəyyən işlər gördü. Emin müəllim isə təhsilin içindən gəlib. Amma hələ təzədir. Mən hamıya müraciət edirəm ki, gəlin ona kömək edək, qoy işləsin. 3-4 ildən sonra demək olar ki, o necə işləyib. Mən əminəm ki, o Prezidentin göstərdiyi etimadı doğrultmaq üçün çalışır və buna nail olacaq.”
İnsanlara əsl qiyməti zaman verir. M.Mərdanov 75 illik bir ömrün 40 ilini müxtəlif vəzifələrdə keçirib. Məmur imicinin ciddi şəkildə zədələndiyi günümüzdə cəmiyyətdə öz nüfuzunu qoruyub saxlamaq, xüsusilə həssas təbəqə olan pedaqoji ictimayətin sevimlisi olmaq çox çətindir. M.Mərdanov hər şeyə rəğmən bunu bacarıb. Deyir ki, bunu milyardlarla sərvət əvəz edə bilməz. Yazıçı Anar bir dəfə M.Mərdanovu xarakteriza edəndə deyib ki, o yeganə nazirdir ki, nəinki zəng eləyən məqamda dəstəyi götürür, imkan olmayanda da sonra zəng edib maraqlanır. Bütün bunlar onun həyat fəlsəfəsi, ömür yolunun akkordlarıdır. 75 illik yubileyi münasibətilə dəyərli elm xadimini, ziyalını və ən əsası gözəl insan Misir Mərdanovu Rubrika.az saytının kollektivi adından bir daha ürəkdən təbrik edirik. Hələ uzun illər xalqımıza və dövlətimizə ləyaqətlə xidmət etməyi və 85 illiyində bir daha görüşməyi arzulayırıq!

Nicat Mahmudov
Rubrika.Az

Tarix: 21-10-2021, 07:59
Xəbəri paylaş



Xəbər lenti