“Azərbaycanın Müstəqilliyinin Bərpası günü kimi qeyd olunmalı, bayram edilməlidir...” “Çünki dünya dövlətlərinin tarixinə diqqət etsək, müstəqillik günü məhz müstəqilliyin bəyan olunduğu gündür...” “Maraqlıdır ki, 30 Avqust tarixi qardaş Türkiyə üçün də uğurlu və əlamətdar bir gündür – Zəfər bayramıdır...” “
"Mən də 30 avqust 1991-ci ildə parlamentin həmin tarixi iclasında iştirak etmişdim. Yadımdadır ki, sadəcə, sənədin mətni ətrafında bir az müzakirələr oldu. Lakin kiminsə ciddi etirazının, müqavimətinin şahidi olmadım”
Bunu
Moderator.az-a açıqlamasında 30 il öncə Azərbaycan parlamentinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqda Bəyannamənin qəbul olunduğu iclasının iştirakçısı olmuş Azad Demokratlar Partiyasının sədri, istiqlalçı deputat Sülhəddin Əkbər söyləyib.
“Bilirsiz ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqda Bəyannamənin qəbul olunması ərəfəsi Azərbaycan xalqı, xüsusən də Milli Azadlıq Hərəkatı üçün xüsusi bir dövr idi. Təəssüf ki, Azərbaycan rəhbərliyinin də müdafiə etdiyi uğursuz “QKÇP”-nin Moskvada, yəni metropoliyada məğlubiyyətə düçar olmasından sonra Azərbaycanda Azadlıq Hərəkatı yeni bir, güclü impuls aldı. Və Rusiyada Yeltsin başda olmaqla faktiki olaraq hakimiyyəti ələ almağa başlayan qüvvələr “QKÇP”-ni müdafiə edənlərə qarşı kəskin mənfi münasibətdə idi. Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi də, demokratik qüvvələr bloku da yaranmış bu vəziyyəti düzgün qiymətləndirdi və artıq Azərbaycanın müstəqillik yolunda addım atmasının vaxtının çatdığı qənaətinə gəldi. Bir neçə gün keçməmiş biz Milli Məclisdə bu məsələni qaldırdıq. Təbii ki, artıq həmin dövrdə Azərbaycanın keçmiş kommunist rəhbərliyi çox qorxmuş və çəkincən bir durumda idi. Odur ki, Müstəqilliyimizin Bərpası haqda sənədin qəbuluna ciddi bir müqavimət göstərmədilər. Nəticədə bu tarixi sənəd qəbul olundu. Mən də parlamentin həmin tarixi iclasında iştirak etmişdim. Yadımdadır ki, sadəcə, sənədin mətni ətrafında bir az müzakirələr oldu. Lakin, dediyim kimi, kiminsə ciddi etirazının, müqavimətinin şahidi olmadım”- açıqlamasının davamında bunları deyən keçmiş parlament üzvü əslində Azərbaycanın Müstəqilliyinin Bərpası gününün 30 avqust tarixində qeyd olunmalı olduğunu düşündüyünü də bildirdi:
“Yeri gəlmişkən, bunu ilk dəfə sizə deyirəm; belə qənaətə gəlmişəm ki, əslində Azərbaycanın Müstəqilliyinin Bərpası günü 30 avqust tarixi qəbul olunmalıdır. Həmin gün rəsmi bayram elan edilməlidir. Çünki dünya dövlətlərinin tarixinə diqqət etsək, müstəqillik günü məhz müstəqilliyin bəyan olunduğu gündür. Biz də sözügedən Bəyannaməni qəbul etməklə Azərbaycanın müstəqilliyini bəyan etdik... Odur ki, bu gün rəsmi bayram kimi qeyd olunmalıdır”.
“Həddindən artıq sevindiyim, həyatımın ən sevincli günlərindən biri olub. Yaddaşımda da həm ictimai-siyasi, həm də şəxsi həyatım üçün parlaq bir səhifə olaraq qalıb. Bu günlər bizləri yada saldığınıza görə siz jurnalistlərə də təşəkkür edir və sizlər də daxil olmaqla bütün Azərbaycan xalqını ölkəmizin Müstəqillik günü münasibəti ilə təbrik edirəm. Maraqlıdır ki, 30 Avqust tarixi qardaş Türkiyə üçün də uğurlu və əlamətdar bir gündür – Zəfər bayramıdır. Və əgər dediyim kimi, bu tarix Azərbaycanda da rəsmən Müstəqillik Günü bayramı kimi qeyd olunsa idi, qardaş ölkə ilə birgə eyni gündə bayram etməyimizə səbəb olardı. Yəni bu da birliyimizin, qardaşlığımızın simvolik bir rəmzi kimi anlaşılardı”- deyə istiqlalçı deputat əlavə edib.
Tarix: 31-08-2021, 08:34