
Fazil Mustafa
Əslində, bu mövzunun üstünə çox getməməyi qərara almışdıq. Kənardan “kampaniya” kimi görünər, “sifarişlə kimisə vururuq” anlamına gələr deyə. Ki, biz o cür işləmirik.
Avqustun 3-də keçirilən növbədənkənar iclasdan sonra, Milli Məclisin deputatı Fazil Mustafaya zəng etmişdim.
Fazil Mustafa müxtəlif suallarıma cavab verdi, spiker Sahibə Qafarovanı təriflədi. Sonda mən bir xatırlatma etdim:
"Fazil bəy, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri ilə görüşdə Lavrov gələndə Sahibə Qafarovanın ayağa qalxması cəmiyyətdə birmənalı qarşılanmamışdı..."Fazil Mustafanın buna cavabının səs yazısından sitatı olduğu kimi verirəm: “Bu, tamamilə yanlışdır. O tamamilə başqa məsələ idi. Ayağa qalxan ayrı şəxslər idi. Lavrovla bağlı Sahibə xanım heç vaxt ayağa durmayıb. Sadəcə, o, gecikmişdi, gecikdiyinə görə üzr istəmişdi. Sadəcə, otağa daxil olan adamla münasibətdə, yerində oturub adamla şey eləmirsən ki... Ev sahibi kimi ayağa qalxmalısan. Amma onun ayağa qalxması məsələsi böhtandır”.
Qalxmayıb? Buna dair video da var. Kim kimə böhtan atır? Qalxıb, yaxşı edib... Özü bilər, Lavrov bilər. Həm də görüş Moskvada olmuşdu, orda ev sahibi Sahibə Qafarova deyildi...
Burda bir neçə dəfə "o" deyildi. Mən də fikrin axışında “O”nun Sahibə Qafarova olduğunu zənn edərək, yazını hazırladım, sayta getdi. Sizin “O” deyəndə kimi nəzərdə tutduğunuzu hardan bilək? Rəsmi şəxslər üçün “o” ifadəsi işlədilir, ad çəkilmir...
Orda Polad Bülbüloğlu da var idi, Səməd Seyidov da, Tural Gəncəliyev də, Sahibə Qafarova da. “O” kimdir?
Dünən səhər saatlarında gördüm ki, Fazil Mustafa özünün sosial şəbəkə statusunda məni tapa bilmədiyini, yazını səhv və rabitəsiz yazdığımı, “gecikənin Lavrov olduğunu” dediyini yazıb.
Saat 11:25-də Fazil Mustafaya zəng etdim, o da Sahibə xanımın bu yazını oxuyub ona zəng etməsindən danışdı, onu yenidən dinlədim və redaktora yazdım. Düzəliş edildi, bütün iradlar nəzərə alındı. Deputat da öz növbəsində söz verdi ki, həmin statusunu sosial şəbəkədən siləcək. Amma “prinsipiallıq” göstərib daha 24 saat saxladı.
Nəhayət, bu gün yeni bir status açdı:
“Məndən üzrxahlıq etdilər, statusu sildim” (üzrxahlıq olmamışdı, çünki üzr istəməli bir şey yox idi, iradını dinləyib, düzəlişi redaktora ötürmüşdüm).Daha sonra bu ifadələr gəlir:
“nadan sürüləri”, “Virtual çadra arxasından kişilənən məxluqlar” və s
Görünür ki, sosial şəbəkələrdə onu tənqid edən müxalifət təmsilçilərinin acığını bitərəfliyini qoruyan jurnalistdən çıxmağa çalışır.
Daha bir sitat:
“Biz artıq bu nadan sürüsü ilə illərdir baş-başa gəlirik, yerlərində oturduruq. Virtual çadra arxasından kişilənən bu məxluqların himayəçisi çox zaman hüquq-mühafizə və təhlükəsizlik orqanları olduğundan, ictimai rəyi yönləndirmək tapşırığı ilə hərəkət edərkən bizləri də vaxtaşırı hədəf seçirlər. Üstlərinə getdiyində məlum olur ki, sizlərin qəhrəman blogger, fəal şəbəkə istifadəçisi kimi tanıdıqlarınızın hakimiyyət dairələrində himayəçiləri bir deputatdan qat-qat güclüdür. Nə edək, məmləkət məsələsində geri dura bilmərik ki?”.Təbii ki, insan olan yerdə problem var. Səhvsiz də insan olmur. Lakin “jurnalisti tapa bilməyən” deputat öz sosial şəbəkə profilində jurnalisti “günah keçisi” seçməklə nəyə nail olmaq istəyir? Saytda mobil nömrə var. Jurnalisti tapmaq elə də çətin deyil... Deputatlar qədər əlçatmaz deyilik.
Fazil bəy, biz:
“Fəlakət olmayıb” - dedik.
“Məsələni böyütməyək” - dedik... Sizə kim nə dedi ki, hələ də özünüzdə təskinlik tapa bilmirsiniz?
Neçə ildir mandat sahibisiniz, ölkənin 125 xüsusi adamından birisiniz (biri içəridədir, amma hələ də mandatı var, maaş alır). Məncə, həyatdan zövq almaq, pozitivliyi itirməmək lazımdır.
Bu qədər tünd olmağa gərək yoxdur.
Rüfət Əhmədzadə, Bizimyol.info
Tarix: 7-08-2021, 09:05