Yazılmamış qanunları pozmağın cəzası – şillə, kəllə, güllə...



2006-cı ilin iyul ayının 9-cu günüydü. Futbol mundialının finalıydı, İtaliya və Fransa milliləri görüşürdü. Oyunun əsas hissəsi 1:1 hesabıyla bitmişdi. Fransa millisindən Zidan, İtaliyadan Materassi hərəyə bir qol vurmuşdular. Əlavə edilmiş vaxtın 20-ci dəqiqəsində Zidan və Materassi yenə fərqləndilər. Bu dəfə Zidan qəfildən Materassiyə kəllə atdı, Materassi yerə tirləndi. Hakim Zidana qırmızı kart göstərdi. Sonra rəqiblər penallaşdılar, İtaliya çempion oldu.
Oyundan sonra ən çox müzakirə olunan məsələ Zidanın Materassiyə kəllə atmasıydı. Biri deyirdi, ortada irq-din söhbəti olub, biri deyirdi, Materassi Zidana, dublyaj edərək desək, “sənin anan yaxşı qadın deyil, Zinəddin” deyib. Sonra məlum oldu ki, Materassi Zidanın anasına yox, bacısına sataşıb və isti ölkələrə xas yazılmamış qanunu pozub.
Bu qanun ondan ibarətdir ki, yetkin və qeyrətli kişiylə mübahisə zamanı ana-bacı söhbəti eləmək olmaz. Hərgah kim elə etsə, ona sonu “llə” ilə bitən 3 şey vura bilərlər: güllə, kəllə, şillə... Bu, zövq məsələsi deyil, adamın hirs-hikkəsinə və cürətinə bağlıdır. Zidan “qızıl orta”nı - kəlləni seçmişdi.
O hadisənin üstündən 15 il keçib, həmin hərəkətinə görə Zidanı qınayanlar azalıb. Elə o vaxt da çox adam deyirdi, düz elədi, gedib UEFA-ya şikayət etməli deyildi ki, Marko bacıma sataşdı.
Bu yazıda söhbət futbol olaylarından getmir, yazılmamış qanunların pozulmasına görə adamlara kəsilən cəzalardan gedir. Bir əhvalat nəql etdim, ehtiyatda daha ikisi var.
Sovet dönəminin son illəriydi. Əmoğluyla birlikdə dəmiryol vağzalında olarkən, gördük, “Spartak”ın çoxsaylı fanatları “Neftçi”-“Spartak” oyununa baxmaq üçün tökülüşüb gəlib. Onlar  - uzundraz gədələr içkili halda platformada anqırışırdılar, önlərinə keçəni itələyir, xuliqanlıq edirdilər. Hiss etdik ki, bu işin bir zibili çıxacaq. Fanatlar vağzalın bayır pilləkənləri ilə aşağı düşəndə çığırtı-bağırtı səsi gəldi. Yaxınlaşdıq ki, milislər xuliqanlardan ikisini yaxalayıb. Onlar “blət, bolelşik, qost” deyə-deyə çəkinib-dartınırdılar. Mülki geyimli bəstəboy bir şəxs (o da milis idi), onların yaxasından yapışmışdı, o da “qost, mama, suka” kimi sözlər deyirdi. Uzundraz gədələrdən biri yenidən ağzını söyüşlə açanda bəstəboy milis tullanaraq, boyları arasındakı 35 santimlik məsafəni qapatdı və onun qulağının dibinə babat bir şillə tutuzdurdu, yerə endi, o biri uzunu vurmaq üçün təzədən tullanmadı, onun da qarnına yumruq vurdu və milislərə əmr etdi ki, bunları basın UAZ-a, aparın kepezeyə. Apardılar. Azarkeş gədələr yazılmamış qanunu pozmuşdular: “Qonaq getdiyin şəhərdə lotuluq etməyəcəksən”.
Dostlardan biri danışır ki, uzun illər öncə təyinatla gəlib qəsəbə xəsəxanasında işləyən ailəli gənc həkim yazılmamış qanunu pozduğuna görə pazlanmışdı. Hadisə belə olub. Həkimin qonşuluqda yaşayan gözəl abituriyent qıza gözü düşüb. Rastlaşanda kompliment, təbəssüm, iltifat-filan. Doktor qıza bir dəfə “görüşək” deyir, iki dəfə deyir. Axırda qız məsələni 21, 24, 27 yaşı olan qardaşlarına anladır. Qardaşlardan biri həkimi dərhal cəzalandırmaq istəyir. Daha ağıllısı deyir, yox, haqsız duruma düşərik, gədəni iş başında tutmalıyıq. Beləcə, qız həkimin növbəti “görüşək” təklifinə “gecə gəl həyətə” deyir. Həkim gecə saat 12 radələrində, hamı yatandan, Ay batandan sonra hasarı aşır, şərtləşilən ağacın dibinə gələndə görür, bay, məhrəm guşədə qələbəlikdir, qardaşlar onu gözləyir. Qüvvələr qeyri-bərabər, qardaşlar hiddətli, necə deyərlər, “düşmən qəvi, tale zəbun” situasiyası. Tappatap, şappaşap, guppagup. Can həkimini elə günə qoyurlar ki, travmatoloqluq olmasa da, psixiatrlıq və proktoloqluq olur. O, gəldiyi yolla qayıda bilmədiyindən sürüyüb atırlar darvazanı arxasına, sürünə-sürünə kirayədə qaldığı evə çatır, 5-6 gün yataqda döşəli qalır. Amma həkim şikayətçi olmur, çünki polis bölməsində belə bir ərizə yaza bilməyəcəkdi: “Mən bu qardaşların həddi-büluğa çatmayan bacısını yoldan çıxarmaq istədim, onlar da məni bu günə qoydular”.
Uzun sözün kəsəsi, yazılmış qanunları pozmaq yazılmamış qanunları pozmaqdan daha qolaydır. Yazılmış qanunları pozmağın cəzası başının üstündədir – 3 il, 5 il, 10 il. Amma yazılmamış qanunları pozmağın cəzası konkret deyil, hətta güllə, kəllə, şillə ilə bitməyə də bilər.
Ona görə də diqqətli olmaq lazımdır, heç bir qanunu pozmaq olmaz.
Camaatın ölü-dirisiylə lağlağı etmək, ana-bacısına sataşmaq, heysiyyəti ilə oynamaq təhlükəli işdir. Proktoloqlara və prokurorlara iş artırmayın.
 Samir SARI

Tarix: 1-05-2021, 14:27
Xəbəri paylaş



Xəbər lenti