
Əkrəm Həsənov: “İşçini həm cərimələmək, həm də işdən çıxarmaq qanunsuzdur”
Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qardaşına yas mərasimi keçirən nümayəndəsini işdən çıxarıb. Başçının əmri ilə Masallı şəhər icra nümayəndəsi Kamal Mazanov tutduğu vəzifədən azad olunub. Buna səbəb kimi isə Kamal Mazanovun bir müddət öncə qardaşının yas mərasimini təşkil etməsi göstərilir.Polis Kamal Mazanovu və yas məclisində iştirak edən şəxslər barəsində karantin rejiminin tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edib.
Bəs vəzifəli şəxsin ailə üzvünə - qardaşına, anasına, atasına və s. yas mərasimi keçirdiyi üçün işdən çıxarılması qanunidirmi? Cərimə ilə yola vermək olmazdımı?Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, nümayəndə yas mərasimi təşkil etməklə karantin rejimini pozub, buna görə də cərimələnib: “Kamal Mazanovun işdən çıxarılması doğru deyil, qanunda belə tələb yoxdur. İşçini işdə yol verdiyi pozuntuya görə işdən uzaqlaşdırmaq olar. Bu, ümumi prinsipdir.
Şahin MəmmədovSöhbət inzibati xətadan gedir. Bu gün Azərbaycanda elə bir insan yoxdur ki, yol hərəkəti qaydasını ömründə 1 dəfə olsa belə pozmasın. Təbii ki, yol çıxmayanlar bura daxil deyil. Ən azı vətəndaş yolu keçəndə bilərəkdən və ya bilməyərəkdən inzibati xəta törədir. Buna görə cərimə olunur və ya xəbəradarlıq alır. Yas təşkil etmək inzibati xətadır və işdən çıxarılmaya səbəb ola bilməz!”

Əkrəm Həsənov
Əkrəm Həsənova görə, keçmiş deputat Hüseynbala Mirələmova qarşı da adekvat olmayan addımlar atılıb: “Onun etdiyi hərəkətin mənəvi tərəfinə qiyməti qoy öz ailəsi versin. Amma bir məqam da var. Başa düşmədim ki, onu işdən niyə çıxarıblar? Əgər bu əməl iş yerində olubsa və bu təsdiqini tapırsa, bu halda işdən çıxarılması yolveriləndir. Hüseynbala Mirələmovu eyni zamanda 2 vəzifədən çıxarıblar. Neft Akademiyasında kafedra müdirliyindən qovublar, ardından Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı sədrliyindən uzaqlaşdırıblar. Başa düşülmür ki, Hüseynbala Mirələmov o hərəkəti edərkən hansı iş yerində olub - kafedradakı kabinetində, yoxsa YAP-ın Xətai təşkilatında? Bir əməli hər iki iş yerində edibsə, bunun sübutu olmalıdır axı. İş vaxtı işdən kənar fəaliyyətlə məşğul olubsa, 1 iş yerində edib və burada zor tətbiq etmə də yoxdur. 75 yaşlı birinin mənəviyyatına qiymət vermək niyyətimiz də yoxdur. Eynilə Mirələmova münasibətdə də, yas məsələsi keçirilməsində də həddindən artıq sərtlik nümayişinə heç ehtiyac yox idi. Qanun pozulub, amma işdən çıxarılma artıq şoudur, qanunun pozulmasına adekvat cəza deyil”.
Hüquqşünas ötən il İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının inzibati xəta törətməsini xatırladıb: “Hamı gördü ki, prezident başçıya töhmət verməklə kifayətləndi. Yəni rəhbər işçinin belə, özü bilmədən inzibati xəta törətməsi halı baş verib və ölkə başçısının buna reaksiyası da adekvat olub. Belə bir halda icra nümayəndəsini həm cərimələyib, həm də işdən çıxarımaq qanundan kənardır”.
Tarix: 24-04-2021, 11:28