Günlərdir Azərbaycan və dünya mediası Şuşada aşkarlanan “İsgəndər M” raketlərinin mədəniyyət paytaxtımıza haradan və kim tərəfindən atılması ilə bağlı məqalələr dərc edir.Məsələnin mübhəm tərəfi ondan ibarətdir ki, Rusiya israrla Ermənistana “İsgəndər M” raketləri vermədiyini bildirirdi. Ermənistanda yalnız “İsgəndər E” tipli raketin olduğu deyilirdi. Ancaq Şuşada “İsgəndər M”in qalıqları tapılıb.
Bu məsələyə dair hələlik Rusiyanın qane edən bir açıqlaması yoxdur. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov kiçik bir açıqlama verərək, II Qarabağ savaşı zamanı “İsgəndər” raketi atılmadığını təkrarlayıb. Fakt isə ondan ibarətdir ki, ANAMA “İsgəndər M”in qalıqlarını tapıb, nümayiş etdirib.
Rusiya mediası səviyyəsində “araşdırma başlayıb” açıqlaması da təbii ki, Azərbaycanı qane edə bilməz.
Əlbəttə, Şuşaya “İsgəndər” raketi başqa planetdən düşməyib. Bunun Ermənistan ərazisindən atıldığı şübhəsizdir. O versiya da səslənir ki, həmin raketin Gümrüdəki Rusiya hərbi bazasından atılıb-atılmadığı araşdırılmalıdır.
Günlərdir bu məsələ müzakirə olunur, ancaq Rusiyanın rəsmi orqanları məsələyə aydınlıq gətirmir.
Əsas sual bundan ibarətdir ki, Rusiya Ermənistana rəsmi qaydada “İsgəndər M” raketi verməyibsə, Gümrüdəki bazada da rəsmən olmayıbsa, onda bu yüksək dağıdıcılıq qabiliyyətli raket Ermənistana necə keçirilib? Qanunsuz ötürülübmü? Konkret olaraq “İsgəndər M” Şuşaya haradan və kim tərəfindən atılıb?
Bu suallara cavab axtarıldığı zaman bir mühüm məqam da yada düşür: II Qarabağ savaşı – 44 günlük müharibə zamanı dəfələrlə belə məlumat yayıldı, iddialar səsləndi ki, Rusiyadan Ermənistana mülki təyyarələrdə gizli şəkildə silah-sursat daşınır. Həmin dönəmdə Rusiyanın müvafiq struktur və şəxsləri də susurdular. Sonadək bu məsələyə dair bir açıqlama, izah vermədilər. Kifayət qədər ciddi itthamlar qarşısında Rusiya susqunluq nümayiş etdirdi. İndi də "İsgəndər M" məsələsində eyni cür davranır. Azərbaycanda isə bir məşhur atalar sözü var: “Susmaq razılıq əlamətidir”...
Bütün hallarda bu cür davranışlar qonşuluq, dostluq münasibətləri anlayışı ilə bir araya sığmır. Əlbəttə, Azərbaycan ictimaiyyəti sadəlövh deyil və Rusiyanın zaman-zaman Ermənistanın “ağası” olmasının da fərqindədir. Ancaq istənilən halda Rusiya kimi bir dövlətin kifayət qədər ciddi ittihamlara cavab verməməsi təəssüf doğurur və onun özünün imicinə zərbə vurur.
Xüsusi ilə Şuşaya atılan “İsgəndər M” raketləri ilə bağlı məsələdə aydınlıq olmaması Rusiyanın beynəlxalq aləmdə də qınaqla qarşılaşmasına səbəb ola biləcək məsələdir.
Regional baxımdan, habelə Azərbaycanla səmimi münasibətlər kontekstində də bu ittihamların yetərli, qənaətbəxş cavabı olması mühümdür.
Lakin təəssüflər olsun ki, bunun şahidi olmuruq. Bunun əvəzində isə Rusiyanın Federal Gömrük Xidmətinin rəsmi saytında Ural gömrükçüləri tərəfindən Ermənistana bir Rusiya vətəndaşının qanunsuz olaraq tank üçün stabilizator və onun ehtiyat hissələrini göndərməsinin qarşısının alınmasına dair açıqlama yayılıb. (
https://customs.gov.ru/press/federal/document/275854 )
Məlumatdan və şəkillərdən aydın olur ki, həmin hərbi sursatlar “VAZ 2107”-nin baqajına sığacaq qədər bir həcm təşkil edir.

Sursatın mahiyyəti isə yalnızca tankın atıcı silahının tuşlayıcısını stabilləşdirməkdən ibarətdir. Yəni elə bir ciddi sursat deyil. Maraqlısı isə odur ki, Rusiya gömrükçüləri mənasız bir sursatın Ermənistana qanunsuz yolla keçirilməsindən xəbər tutur, buna dair dərhal açıqlama verirlər, amma onların heç “KamAZ”la da aparılması mümkün olmayan dağıdıcı “İsgəndər M” raketlərinin Ermənistana necə gedib çıxmasından "xəbəri olmur", bu haqda bir açıqlama, izah verməyə lüzum belə görmürlər. Azərbaycan və dünya mediası Rusiyadan “İsgəndər” izahatı tələb etdiyi bir vaxtda Ural gömrükçülərinin stabilizator əməliyyatı və buna dair açıqlaması əslində, Rusiya haqda qeyri-ciddi bir təəssürat formalaşdırır.
Ekspertlər hesab edir ki, mövcud situasiyada – Rusiyadan “İsgəndər” izahatı istənildiyi bir vaxtda Uralda tank stabilizatorunun Ermənistana ötürülməsinin qarşısının alınmasına dair məlumat heç də təsadüfən yayılmayıb. Bununla belə rəy formalaşdırılmasına cəhd edilir ki, Rusiyadan hansısa vətəndaş qanunsuz yolla Ermənistana silah-sursat apara bilər. Mümkündür ki, hansısa kiçik hərbi sursatlar gizli yolla aparılsın və ya buna cəhd edilsin. Ancaq heç bir halda “İsgəndər M” və ya Ermənistandakı “İsgəndər E” raketini “M” modifikasiyasına keçirmək üçün müvafiq hissələrin qanunsuz, gizli daşınması mümkün ola bilməz. Bu cür rəy yaratmaq uğursuz bir cəhd hesab olunur.
Elşad MƏMMƏDLİMusavat.com
Tarix: 6-04-2021, 22:56