“Rusiyanın ölkəsinin hər hansı bir guşəsində qoşun saxlamaq hüququ olduğu kimi, Azərbaycanın da belə hüququ var...”
“Üçtərəfli razılaşmaya əsasən Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındakı, eləcə də Rusiya sülhməramlılarının dəvət olunduğu ərazilər Azərbaycanın yurisdiksiyasındadır”
Moderator.az xəbər verir ki, bu fikri Rusiya mediasına açıqlamasında Türkiyə Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Universitetinin professoru, tarixçi və politoloq Toğrul İsmayıl ifadə edib.
“Ümumiyyətlə, sülhməramlıların məqsədi və mahiyyəti oraya gəlib erməniləri məskunlaşdırmaq, yoxsa bəzi təbii olaraq terrorçu sayılmalı olan anlaşılmaz quldur birləşmələrini, qanunsuz silahlı şəxs və qrupları tərksilah etməkdir? Ermənilər bir vaxtlar bəzi terror qrupları ilə əlaqəli olan Suriya və Livan ermənilərini işğal altındakı Azərbaycan ərazilərinə köçürüblər. Ona görə də orada bu cür hücumlar baş verir"- deyə professor izah edib.
T.İsmayıl razılaşmada bütün qanunsuz silahlı qrupların silahlarını yerə qoymalı olduğunu da xatırladaraq deyib:
“Dağlıq Qarabağ kimi bir dövlət yoxdur. Odur ki, həmin qondarma qurum silahlı qüvvələrə sahib ola bilməz. Yəni hətta belə erməni birləşmələri olsa da, onlar qanunsuzdurlar və silahlarını yerə qoymalıdırlar. Və bunu ilk növbədə rus sülhməramlıları təmin etməlidirlər...”
Professorun fikrincə, “boz zonalar” Azərbaycanın suverenliyinə ziddir.
“Azərbaycan öz ərazisindəki istənilən bölgədə Silahlı Qüvvələrini saxlamaq hüququna malikdir. Rusiya Federasiyasının Rusiyanın hər hansı bir guşəsində qoşun saxlamaq hüququ olduğu kimi, Azərbaycanın da belə bir qanuni hüququ var. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, Rusiya tərəfi də Azərbaycanın bütövlüyünü tanıyır. Bu müqaviləni imzalayan Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü faktiki tanıdı. Bütün digər söhbətlər, sadəcə, demaqogiya və həqiqi hədəflərdən uzaqlaşmaqdır”- tanınmış politoloq belə deyib.
T.İsmayıl Azərbaycanın bu dövlətin yurisdiksiyasındakı ermənilərin həyatı üçün əngəl yaratmadığına da diqqət çəkib.
“Heç kim erməniləri münaqişədən əvvəl olduqları daimi yaşayış yerlərindən çıxarmır. Söhbət oradakı bütün silahlı qrupların tərksilah edilməsindən gedir. Fəqət Qarabadakı həmin mülki erməni əhali arasında kimlərsə atəş açmağa başlayarsa, onlar da terrorçu sayılacaqlar. Ancaq söhbət dinc mülki əhalinin köçürülməsindən getmir. Azərbaycan ermənilərin torpaqlarımızda Azərbaycan qanunlarına uyğun yaşamalarına mane olmur. Kimlərsə köçüb getmək istəyir, bu, onların problemidir. Amma Azərbaycan ərazisində qalanlar Azərbaycanın maraqlarını nəzərə almalı və Azərbaycan Konstitusiyası və qanunları ilə hesablaşmalıdırlar. Unutmayaq ki, bu gün Azərbaycanda təxminən 20 min nəfər milliyyətcə erməni vətəndaş heç bir problem olmadan yaşayır”- deyə professor vurğulayıb.
Sultan Laçın
Tarix: 17-12-2020, 13:26