Şahmar İbadov PA-ya necə yol tapdı? - Korrupsiya, ölüm işi, milyonluq obyektlər...

    


Şahmar İbadov PA-ya necə yol tapdı? -
Paytaxtın Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) qalmaqallı eks-məmuru, adı müxtəlif korrupsiya işlərində hallanmış icra başçısının sabiq I müavini Şahmar İbadovun işsiz qalmasının ömrü heç bir ay çəkmədi.

Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevlə uzun müddət çəkişmədə olan, onunla heç cür dil tapmayan, bütün qaranlıq işlərdə onun adı keçən Ş.İbadov bu dəfə daha yüksək vəzifəyə təyinat alıb.

Xeberfakt.az-ın əldə etdiyi məlumata görə, Ş.İbadov Prezident Administrasiyasında İşlər idarəsinə sektor müdiri təyin edilib.

Bu təyinat rəsmi şəkildə hələlik təsdiqlənməsə də, artıq sosial mediada Ş.İbadovun PA-ya sektor müdiri aparıldığı xəbərləri yayılmaqdadır.

Çox qəribədir ki, A.Fərzəliyevlə yola getməyən Ş.İbadovun Nərimanov İH-dən ayrıldıqdan sonra yüksək vəzifəyə gedəcəyi gözlənilməz olub.

Əvvəla, Fərzəliyev yuxarı eşelonda güclü əlaqələrə malikdir və işdən azad etdiyi İbadovun karyerasına mane olmaq rıçaqları mövcuddur.

Digər tərəfdən Şahmar İbadovun reputasiyası o dərəcədə bərbaddır ki, onun Administrasiyaya vəzifəyə dəvət olunması inanılmaz hadisədir.

Çünki Ş.İbadov İH-də başçı müavini vəzifəsində olarkən avtoxuliqanlıq edərək yaşlı qadını öldürən oğluna bəraət verdirməkdən tutmuş gözdən əlillər üçün tikilmiş mənzillərin paylanmasında korrupsiyaya yol verilməsinə qədər adı skandallarda keçib. Belə bir məmurun İH-dən PA-ya irəliləməsi olduqca müəmmalıdır.

Əslində Fərzəliyevin siyasi kəməri İbadovun belindən açıb, onu paraşütlə aşağı buraxacağı gözlənilən idi. Çünki ayağında böyük yeyintilər varıydı və qurtulmaq lazım gəlirdi.

Məhkəmədə verdiyi ifadəsində Ş.İbadov gözdən əlillərə aid mənzillərin satılmasına görə cavabdeh olmadığını, sərəncama qol çəkən İH başçısı A.Fərzəliyevin və hüquq şöbəsinin günahı olduğunu söyləmişdi.

Bu da işləri korlayırdı. O, başçını hədəfə çıxarmışdı. Nərimanov RİH-nin sabiq şöbə müdiri Niyaməddin Şıxəliyev Ş.İbadovun təzyiqi altında qanunsuz işlərə girişdiyini, gözdən əlillər üçün tikilən mənzilləri sağlam vətəndaşlara satdığını etiraf etmişdi. N.Şıxəliyev ifadəsində söyləmişdi ki, bu işə onu Şahmar İbadov məcbur edib.

İddialara görə, Nərimanov rayonundakı gəlirli sahələrin yarıbayarısı Ş.İbadovun nəzarətindədir. Bu imkanlara sahiblənməsi təbii ki, onun siyasi gücünü də artırıb.

Məlumatlara görə, Ş.İbadovun səriştəsi və kassa işində peşəkarlığı Milli Məclisə qədər uzanır. Bu vəzifəsinə qədər Milli Məclisdə sektor müdiri olmuş Ş.İbadovun çox qısa zaman ərzində Nərimanov rayonu ərazisində də məharətini nümayiş etdirib. Onun adı milyon manatlarla ölçülən daşınmaz əmlakların sənədləşdirilməsində hallanır.

Daşınmaz əmlak qeydiyyatından əlavə, binaların sökülməsi, plana düşən tikililərə görə kompensasiyaların bölüşdürülməsi işlərinə də sahiblik edib. Bəzi qaynaqlardan gələn xəbərlərdə bildirilir ki, İbadov Nərimanov ərazisində poluiteran materialların binalara üzlənməsində belə baş məsləhətçi olub.

İddialara görə, bu keyfiyyətsiz üzlüklərin rayondakı binaların fasadına yamaq etməkdə müavinin mənfəəti olub. Mənbə qeyd edir ki, Fərzəliyev bu məsələdən heç də xəbərsiz olmayıb və onun istəkləri

reallaşıb. Artıq həmin üzlüklər sökülüb. Ş.İbadov qısa müddət ərzində böyük qazanc əldə edib.

Bundan əlavə, Həsən Əliyev küçəsinin Azərbaycan Müəllimlər İnstitutu ilə bitişdiyi ərazidə 5 mərtəbəli binaların söküntü işləri aparılıb. Yerində isə yeni binaların tikintisi hələ də davam edir. Şahmar İbadov bu prosesdən çox böyük qazanc əldə edib.

İcra Hakimiyyətinin birbaşa nəzarəti altında tikilən ərazidəki yeni binaların 1-ci mərtəbələrinin obyekt kimi satılması və ya yaxınlarının adına rəsmiləşdirilməsi kimi işlər də İbadovun əli ilə gerçəkləşib.

Bütün bu faktlar yetərli olmalıydı ki, İbadovun personası haqda təsəvvürlər yaransın və PA-da sektor müdiri təyin olunması hələ fikirləşilsin.

Qeyd edək ki, bir müddət öncə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müavini Şahmar İbadovu tutduğu vəzifədən azad etmişdi. Ş. İbadovun işdən çıxarılmasına səbəb kimi Abdin Fərzəliyevdən yuxarı instansiyalara şikayət etməsi göstərilirdi.
Neqativ.com
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Tarix: 17-12-2020, 10:52
Xəbəri paylaş



Xəbər lenti