Milonovun Xankəndi səfəri, fransız müəllimin qətli, ABŞ-ın “humanitar yükü” və Gəncə terroru


Ermənistan son beş gündə Gəncə əhalisinə qarşı ikinci terror aktını törətdi. Qarabağın hüdudlarından kənarda yerləşən yarım milyonluq şəhərin dinc, günahsız sakinlərinin evləri yatdığı yerdə başlarına uçuruldu. Nə körpə bildilər, nə qadın, nə qoca...

Düşmənçiliyi də kişi kimi edərlər, amma növbəti dəfə dünyaya nümayiş etdirdilər ki, kişilik, mərdlik anlayışları bunlara yaddır. Ermənistan Gəncə hadisələrinə qədər terroru himayə edirdi, bəsləyirdi, Qarabağda PKK və ASALA -nın düşərgələri salınmışdı. (Onda da dünya susurdu Türkiyə və Azərbaycanın xəbərdarlığına) Gəncə hadisələrindən sonra isə büsbütün terrorçu dövlət olduğunu təsdiqlədi.

Amma Ermənistan bu şərəfsiz davranışı ilə terroru, terrorçuluğu da gözdən saldı. Adətən, terror təşkilatları törətdikləri cinayətləri etiraf edirlər, məsuliyyəti öz üzərilərinə götürürlər.   İrəvan isə həyasızcasına iddia edir ki, Gəncəyə raket hücumu onun ərazisindən olmayıb, Azərbaycan guya saxta məlumat yayır. Nə qədər iyrəncdirlər, ən ağır sözləri, ən sərt cəzanı haqq edirlər bu yalana, bu terrora görə. Budur mahiyyətləri! Ona görə də qan gölündə boğulmalıdırlar!


Rəsmi İrəvanın Gəncədəki terrorda əlinin olmaması barədə həyasız iddiası digər bir məqama diqqət yetirməyi vacib edir. Əcəba, bununla Ermənistan hakimiyyəti nə demək istəyir? Bəlkə demək istəyir ki, Gəncəyə ballistik raketləri mən atmamışam, ərazimdəki rus hərbi bazasının burada əli var? Hər halda bu iddia Rusiyanı da narahat etməlidir. Bilirik ki, Rusiya Nikol Paşinyanın məhvi üçün plan qurub. Bəlkə erməni baş nazir də buna görə Rusiyanı hədəfə çıxarır, “Gəncəni mən vurmamışam, o vurub” demək istəyir. Hərçənd, Azərbaycan rəhbərliyi də bəyan edib ki, Gəncə məhz Paşinyanın tapşırığı ilə hədəfə alınıb.

Lakin rəsmi İrəvan Gəncəni vurmadığını, bundan xəbərsiz olduğunu deyirsə, onda Rusiya hakimiyyəti buyursun, Paşinyandan “sən bununla nə demək istəyirsən”, sualına cavab istəsin. Bildiyimizə görə, Moskva bu prosesləri səbirlə müşahidə edir, prezident Putin də açıq şəkildə bildirdi ki, hərbi əməliyyatlar Qarabağda getdiyi üçün hansısa müdaxilə gözlənilmir. Üstəlik, Rusiyanın atəşkəs təklifini yerdən-yerə vuran da Ermənistan oldu, Gəncədə ilk terroru törətməklə. Deməli, Putinin Paşinyandan soruşmalı olduğu çox şeylər var...


Bu günlərdə Gəncə əhalisinə qarşı terror aktları ilə Xocalı soyqırımı arasında paralellik aparılır, hər ikisində uşaqlar, qadınlar, qocalar qətlə yetirilib, hər ikisində əhali gecəyarısı soyqırıma məruz qoyulub. Onu da unutmamışıq ki, 1992-ci ilin Xocalı soyqırımını 366-cı alayın tərkibindəki Seyran Ohanyan və digər erməni cəlladları törətmişdilər, təbii ki, rus hərbçilərin də iştirakı ilə. Bəlkə elə Gəncənin ballistik raketlərlə vurulması da rus-erməni hərbi birləşmələri, yaxud birləşmələrdəki erməni hərbçilər tərəfindən həyata keçirilib. Hər halda Azərbaycanla əməkdaşlığa önəm verən Rusiya dövləti də bu hadisələrin araşdırılmasında maraqlı olmalıdır.

Necə olur ki, Azərbaycan ordusu dinc əhalimizi hədəfə alan və döyüşə hazırlıq vəziyyətinə gətirilmiş raket sistemini məhv edəndə Moskva bu məsələnin araşdırılması üçün heyətin göndəriləcəyini bəyan edir, amma Gəncəyə Ermənistan ərazisindən qadağan olunmuş raketlər atılır,  Rusiyanın tükü də tərpənmir?

Biz hələ ondan danışmırıq ki, Gəncə terrorundan iki gün qabaq Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun işğal altındakı Xankəndində nə ölümü var idi? Azərbaycan dövləti bununla bağlı Rusiyaya nota verib və cavab gözləyir. Amma həmsədr ölkə nota gözləmədən özü araşdırmalı idi bu kimi faktları. Araik Arutyunyan bir terrorçudur, Duma üzvü Milonovun onunla görüşü terrorun himayə olunmasıdır, məgər Rusiyada bunu anlamırlarmı?  

İkinci həmsədrdən danışaq:

Fransa bu günlərdə şok yaşayır, Paris ətrafı bölgədə tarix və coğrafiya müəlliminin başının kəsilməsinə görə. Məlumata görə, müəllim uşaqlara söz azadlığı haqqında danışarkən Məhəmməd peyğəmbərin karikaturalarından istifadə edib və bu da valideynlərdən birinin hiddətinə səbəb olub.

Təsəvvür edin, qatil tutulub, amma Fransanın daxili işlər naziri iş səfərini yarımçıq qoyaraq Parisə qayıdıb. Daha sonra prezident Makron hadisə yerinə gedib.
27 sentyabrdan indiyədək Azərbaycanda 4 məktəbli ermənilər tərəfindən qətlə yetirilib, neçə uşaq valideynlərini itirib, 60-dan çox mülki şəxs həlak olub, yüzlərlə insan yaralanıb, minlərlə ev dağılıb, amma həmsədr Fransanın tükü də tərpənmir. Gəncəyə gəlməmələri cəhənnəmə...Hətta Makron Azərbaycanı günahlandırır, onun xarici işlər naziri isə minnətlə “neytral” qalmağa söz verir. Niyə? Bu boyda terror baş verir, neytral niyə qalırsınız? Peyğəmbərə həqarət edən (!) şəxsin qətlinə həssas Fransa rəhbərliyi niyə dinc azərbaycanlıların qətlinə göz yumur?

Üçüncü həmsədr ABŞ-a gəldikdə, onun “diqqətini” gördük, Pompeo elə bir “humanistlik” göstərdi ki, hətta Qarabağdakı erməni terrorçuları da ona tərif dedi. Üstəlik, Amerikadan göndərilən “humanitar yük”ü hava sərhədlərindən buraxmadığı üçün Türkiyəni də hədəfə aldılar. “Humanitar yük”lərin nədən ibarət olduğunu isə Gəncə terrorunda gördük.  Gəncə terrorunda birbaşa, ya dolayısı ilə onların da əli var! Ona görə də Paşinyanın alçaqlığına göz yumurlar.  

Prezident İlham Əliyev tam haqlı olaraq dünya güclərindən soruşdu: “Bu qədər silah, bu qədər texnika kasıb Ermənistanda haradandır?”
Budur, Gəncə əhalisinə qarşı ballistik raketlərin tətbiqindən az qala bir sutka keçir, amma beynəlxalq təşkilatlardan, həmsədr ölkələrin paytaxtlarından sərt reaksiya yoxdur. Əgər bu raket Qafana atılsaydı, gör nə şivən qoparardılar, bəlkə də sanksiya qərarı qəbul etmişdilər ölkəmizə qarşı. Bax, budur dünyanın ədaləti. İndi də həmin bu həmsədrlərin söz sahibi olduğu BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanmağa qərar verib. Nə üzlə toplaşacaqlar? BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 28-ci ildir yerinə yetirməyən Ermənistanın başını o qədər sığalladılar ki, bu ölkə dövlət olaraq terror aktlarına start verdi. Gəncə dağıntıları altında əmziyi tapılan o körpə var e, onun qatilləri həm də həmsədrlərdir. Əks təqdirdə Ermənistan “boyunu aşan” – sitat Rəcəb Tayyib Ərdoğanındır – bu dəhşətli terroru törətməyə cürət etməzdi...

Elşad Paşasoy,
Musavat.com
Tarix: 17-10-2020, 21:07
Xəbəri paylaş



Xəbər lenti