Hazırda baş verən əməmliyyatlarda Ermənistan ordusu tərəfindən müxtəlif təyinatlı silahlardan və avadanlıqlardan istifadə edilir. Kağız üzərində də olsa davam edən atəşkəs rejimində düşmənin aktiv istifadə edə biləcəyi silahlar arasında antimaterial snayperlər və lazerlə çalışan antisnayper cihazlarının da yer alacağı şübhə doğurmur.
Ermənistan hərbi-elmi və maliyyə potensialının məhdud olmasına baxmayaraq, Sovet dövründə ölkədə bəzi sahələr üzrə müəyyən potensiala malik müəssisələr mövcud olub. Bu sahəyə əsasən optik və elektron avadanlıqların istehsalını aid etmək olar. Bəzi müəssisələrin fəaliyyətləri indi də davam edir. Ermənistan müharibədə real istifadə ediləcək silahların, avadanlıqların və texniki vasitələrin yerli müəssisələrdə yaradılması üçün daim ciddi səylər göstərib. Ermənistan yerli müəssisələrdə zərbə PUA-ları, 82 mm minaatan, lazer elektro-optik sistemli antisnayper qurğusu, uzaqmənzilli snayper tüfəngləri, zirehli gödəkcələr, müxtəlif çaplı sursatlar hazırladığını iddia edir.
Bu dəfə Ordu.az Sizə Ermənistanın lazer elektro-optik sistemli antisnayper qurğusu və snayper fəaliyyətindən qorunmaq barədə məlumat verəcək. Ermənistanda hazırlanan optik lazer qurğusu hərbi təyinatlı optik vasitələrin aşkarlanması və basdırılması üçün hazırlanıb.
Bu barədə ilk dəfə 2017-ci ilin may ayının 22-də Ermənistan ordusunun nümayəndəsi polkovnik-leytenant Aram Sayadyan məlumat verib. Bu qurğu snayper silahının optik nişangahından əks olunan şüanı ələ keçirdikdən sonra güclü şüalanma ilə bu optik vasitəni sıradan çıxarır.
Optik lazer qurğusunun əsas üstünlüyü rəqib snayperinin zərbədən əvvəl aşkarlamasından ibarətdir. Digər ölkələrdə istehsal edilən bənzər lazer qurğularından Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri istifadə edir. Bu qurğular gecə və gündüz, optik nişangahları, durbinləri, optik və optik elektron kəşfiyyat vasitələrini, termal və video kameraları aşkar etmək üçün nəzərdə tutulur.
Kiçik ölçüyə malik qurğuların maskalanması asanlıqla həyata keçirilir. Optik elektron, o cümlədən nişangah sistemlərin aşkarlanması və basdırılması üçün vasitələr illər öncə silahlanmaya qəbul edilib. Ermənistan Rusiyada həm stasionar, həm də atıcı silahlara (pulemyot və snayper tüfənglərə) quraşdırılan versiyada istehsal edilən "Antisnayper" axtarış komplekslərini istehsal edir. Optik diapazonda maneə yaratmaq və snayperlərə qarşı istifadə edilən lazer stansiyalarından da geniş istifadə olunur.
İstənilən vəziyyətdə antisnayper taktikası, düşmən snayperinin sizə qarşı işləməyə başlayanda, necə sağ qalmağınızı təmin etmək üçün fəaliyyətlərin toplusudur. Çox vaxt snayperlər qrup şəklində işləyirlər, burada atıcıdan əlavə, mühafizə rolunu oynamağa hazır olan digər bir təcrübəli atıcı da olmalıdır. Bu atıcı həm də stasionar və ya daşınan antisnayper qurğusu ilə təchiz edilə bilər.
Zərurət yarandığda snayperin müəyyən məsafədən pulemyot və qumbaraatan atıcıları ilə mühafizə edilməsi də mümkündür. Yüksək ixtisaslı peşəkar snayperlər adətən tək işləməyi bacarmalıdır. Bir qayda olaraq, onlar hədəfi nöqtə atəşi ilə işləyirlər, bundan sonra isə gözə dəymədən ərazidən çıxırlar. Uğurlu seçilən mövqedə 4-7 snayperdən ibarət olan bir qrup, müəyyən sayda düşmən əsgər və zabiti ni məhv edərək bütün bir bölüyün irəliləməsini rahatlıqla dayandıra və bununla da sağ qalan rəqibi tam ruhdan sala bilər.
Döyüş meydanındakı əsgər snayper fəaliyyətinə yalnız məntiqi, soyuqqanlı hesabı, şəxsi ehtiyatlılığı və təhlükəsizlik qaydalarına riayət etməklə qarşı çıxa bilər.
Açıq ərazilərdə erməni snayperləri adətən 300 ilə 700 metr məsafədə işləyirlər. Yaşayış məntəqələrində isə bu məsafə azalır. Hücuma davam edən bölmələrimizin və ehtiyatların tanış olmayan yeni ərazidə yerləşməsi zamanı ətrafda baş verən dəyişilliklərə son dərəcə diqqətli olmaq lazımdır. Mövqelərin qarşısında yeni bir daş və ya torpaq yığını, kötük və ya snayperin gizlənə (maskalana) biləcəyi elementlərin ortaya çıxması halında riskə yol verilməməli, həmin ərazi dərhal atıcı və böyük çaplı silahlardan "emal" edilməlidir.
Döyüş əməliyyatları zonasında hələ də ağaclar yaşıldır, bu isə snayperlərə gizlənmək üçün münbit şərait yaradır. Snayperlərin yaşıl zonada olduğuna şübhə edirsinizsə, ərazi minaatan və avtomatik qumbaraatanla düzgün şəkildə "ütülənməli"dir. Bu taktika ən təsirli hesab olunmasa da, bəzən nəticə verə bilir.
Snayperlər ərazidə adətən ən yüksək mövqeləri tutmağa çalışırlar. Yaşayış məntəqələrində isə snayperlər binaların, tikililərin və ya evlərin pəncərəsinə yaxın yerdə deyil, onların dərinliklərindən atəş açırlar. Bu səbəblə ən şübhəli ərazilər əl qumbaraatanları ilə işlənməlidir.
Məktəbdə aldığımız həndəsə dərslərini unutmalı deyilik. Xətlərlə əlaqəli hər hansı bir şey əlverişli olacaq. Əlinizdə snayper atəşinin izi varsa, atəşin hansı istiqamətdən atıldığını təyin edə bilərsiniz. Eyni zamanda, atıcıya düz və ya sağa deyil, bir az sola atəş açmağın fizioloji cəhətdən daha rahat olduğunu unutmayın. Müvafiq olaraq, snayperin sola meylli bir şəkildə atəş etməsi daha rahatdır. Buna əsasən, güllənin mümkün uçuş trayektoriyasını və snayperin təxmini atəş xəttini təyin edə bilərsiniz.
Bütün snayperlərin düşmən əsgərlərini məhv etmək üçün müəyyən texnikası və təcrübəsi olur. Məsələn bir düşmən əsgərini yaralamaq, mümkün qədər çox sayda düşmən əsgərini məhv etmək üçün "yem" kimi istifadə edilə bilər. Ayağından yaralanan əsgəri xilas etməyə çalışan heyət isə düşmən snayperi tərəfindən vurula bilər. Buna görə döyüşdə yaralananların və ya cəsədlərin təxliyyəsi tüstü pərdəsi qoyularaq həyata keçirilməlidir.
Azərbaycanın Ermənistanla qonşu olduğu müddətdə münaqişənin qısa müddətdə bitəcəyi ehtimalı azdır. Ola bilsin ki, aktiv faza nə zamansa bitsin, lakin mövqelərarası mübarizə hələ uzun müddət davam edəcək. Yatan körpələrə “Scud” OTRK ilə atəş açan bir dövlətdən pozitiv nəsə gözləməyə dəyməz. Odur ki, biz daim həm düşmənin elektro-optik vasitələrə qarşı lazer qurğularının, həm də snayperlərinin fəaliyyətlərinə qarşı hazırlıqlı olmalıyıq. Bu məqsədlə xüsusi kursların təşkili də mümkündür.
Bütün proseslər aidiyyətı üzrə qurumlar tərəfindən dərindən öyrənilməli və əks tədbirlər görülməlidir. Artıq zaman 25 faiz potensialı ilə birlikdə bir o qədər də ərazilərimizi qaytarmağa məcbur qalan Ermənistanın xeyrinə işləmir. İşğalçının yeganə çıxış yolu tarixi Azərbaycan torpaqlarını azad etməkdən ibarətdir.Əks halda Əsgərimiz işğalçını ən qısa zamanda layiq olduğu cəzaya qovuşduracaq.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az
Tarix: 12-10-2020, 20:47