
Məlum olduğu kimi 2020-ci il 12 iyul tarixindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində atəşkəs rejmini pozan erməni hərbi qüvvələri hücuma keçməyə cəhd göstərdilər.Azərbaycana məxsus hərbi obyektlərlə yanaşı mülki yaşayış məntəqələri də qarşı tərəfdən artilleriya zərbələrinə məruz qaldı. Əhalinin maddi əmlakına ciddi ziyan dəydi, xəsarət alanlar və ölənlər oldu. Lakin hərbi qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən hərbi qüvvələri böyük itkilər verərək geri çəkilməli oldu.Bu hərbi əməliyyatları başlamaqda təcavüzkar Ermənistan hakimiyyətinin bir sıra məqsədləri var idi.
Əvvəla, son zamanlar Azəərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq siyasi və iqtisadi nüfuzunun daha da artması, bunun fonunda ordumuzun daha da güclənməsi və işğal altında olan bölgələrdə hərbi əməliyyatların başlayacağı halda ordumuzun həmin əraziləri asanlıqla azad edəcəyini dərk etməsi. Azərbaycan rəhbərliyinin apardığı uğurlu xarici siyasət nəticəsində işğal olunmuş əraziləri hərbi yolla azad etməyə imkan verən beynəlxalq hüquqi sənədlərin qəbul olunması. Qeyd edək ki, BMT-nin qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr və həmçinin AŞPA-nın 1416 saylı qətnaməsi erməni hərbi birləşmələrinin işğal olunmuş bölgələrdən qey-şərtsiz çıxarılmasnı tələb edir. Şübhəsiz bu qətnamələrə əsaslanaraq Azərbaycan tərəfinin sülh danışıqları baş tutmayacağı halda öz ərazilərini lazım gələrsə hərbi yolla azad edəcəyi fikrini tez-tez səsləndirməsi də Paşinyan hakimiyyətini olduqca qorxuya salmışdır.
Digər bir tərəfdən Ermənistanda son zamanlar daxili siyasi vəziyyətin pisləşməsi, iqtisadi vəziyyətin olduqca çətinləşməsi, siyasi hakimiyyətə qarşı çıxışların artması fonunda hakimiyyət hərbi əməliyyatlara başlamaqla öz nüfuzunu qoruyub saxlamaq niyyətində idi. Hərbi əməliyyatların beynəlxalaq qurumlar tərəfindən tanınmış Azərbaycan-Ermənistan dövlət sərhəddində baş tutması Ermənistan siyasi rəhbərliyinin səriştəsizliyinin bir nümunəsidir.Demək olar bütün çıxışlarında münaqişənin heç bir dövlət tərəfindən tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikası” ilə Azərbaycan arasında olduğunu söyləyən səriştəsiz Paşinyan əsas münaqişə tərəfinin məhz Ermənistan olduğunu sübuta yetirmiş oldu. Hərbi əməliyyatlar başladıqdan qısa bir müddət sonra Ermənistan tərəfi bəyanat verərək Azərbaycana məxsus “UAZ” markalı hərbi minik avtomobilinin dövlət sərhəddini pozmağa cəhd göstərdiyini və buna görə xəbərdarlıq atəşi açdıqlarını bildirdilər.Ermənistanın bu gülünc bəyənatına cavab olaraq Azərbaycan tərəfi bəyanat yayaraq bildirdi ki, əgər hücuma keçmək niyyətində olsaydı bunu avtomobillə yox, zirehli texnikalarla edərdi.Həmçinin bu istiqamətdə nəzarətin 2018-ci ildən etibarən Müdafiə Nazirliyindən alınaraq Dövlət Sərhəd Xidmətinə verilməsi də Azərbaycan tərəfinin xoş məramını və bu istiqamətdə hər hansı bir hərbi məqsəd güdmədiyini sübut edir.
Şübhəsiz Ermənistanın bu istiqamətdə hərbi əməliyyatlara başlamaqda müəyyən məqsədlər güddüyü artıq heç kimə sirr deyil.Özünü təcavüzə məruz qalan dövlət kimi göstərmək, beynəlxalq ictimaiyyəti çaşdırmaq, dövlət sərhəddinin pozulduğunu bəhanə edərək üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsini bu məsələyə cəlb etmək.Ancaq Ermənistan bir şeyi nəzərdən qaçırdı ki, həmin təşkilatın bütün üzvləri Azərbaycanla sıx iqtisadi və siyasi dostluq əlaqələrinə malikdirlər.Ermənistanın ən çox bel bağladığı Rusiya isə tərəfləri təmkinli olmağa çağırdığı bəyanatla yadda qaldı.Bununla da Ermənistan tərəfi anlamış oldu ki, Azərbaycan işğal altında olan əraziləri hərbi yolla azad etməyə başlayacağı halda o heç kimin hərbi yardımına arxayın olmamalıdır.Yeganə çıxış yolu öz qoşunlarını qeyd-şərtsiz Qarabağ və ətraf ərazilərdən geri çəkməkdir.
Ermənistan tərəfinin digər bir məqsədi isə bu istiqamətdə yerləşən Bakı-Tblisi-Ceyhan əsas ixrac neft boru kəməri, Böyük İpək yolu, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tblisi-Qars dəmiryolunu nəzarət altına almaq idi.Şanlı Azərbaycan ordusu erməni tərəfinin bu istəyini də ürəyində qoydu.Əslində səriştəsiz erməni hakimiyyəti beynəlxalq əhəmiyyətli bu iqtisadi layihələrin təkcə Azərbaycanın deyil,digər qonşu dövlətlərin və bir çox dünya ölkələrinin iqtisadi maraqlarında olması faktını da nəzərə ala bilməmişdi.
İyulun12-dən 16-na qədər davam edən döyüşlər zamanı erməni hərbi qüvvələrinin hücumlarının qarşısı qətiyyətlə alındı.Çox təssüf ki,Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, həmçinin 5 hərbi qulluqçumuz qəhrəmanlıqla şəhid oldular.Bu fakt bir daha sübut etdi ki, düşmən ordusundan fərqli olaraq Azərbaycan ordusunun ən yüksək hərbi qulluqçuları belə hər zaman ön səngərdə əsgərlərlə bir yerdədirlər.
Bu hadisədən dərhal sonra Ali Baş Komandan İlham Əliyev Ermənistana qarşı cəza əməliyyatının başlanması haqqında göstəriş verdi.Ermənistanın bölgəyə çoxlu sayda əlavə hərbi qüvvələr gətirməsinə baxmayaraq yüksək dəqiqliklə həyata keçirilən əməliyyat nəticəsində qarşı tərəf xeyli sayda canlı qüvvə, hərbi texnika sarıdan ciddi itkilər verərək hərbi əməliyyatı dayandırmağa məcbur oldu.Bu fakt bir daha əyani şəkildə sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri qısa zaman kəsiyində işğal altında olan əraziləri azad etməyə, erməni hərbi birləşmələrini bir göz qırpımında məhv etməyə qadirdir.Buna baxmayaraq hər zaman sülh mövqeyi nümayiş etdirən Azərbaycan tərəfi torpaqlarımızı dinc yolla geri qaytarmaq üçün öz səylərini davam etdirməkdədir.Lakin hörmətli prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi sülh danışıqlarını müxtəlif bəhanələrlə pozan Ermənistan Azərbaycana hərbi yoldan başqa çıxış yolu qoymur ki, bu zaman da bütün məsuliyyət qarşı tərəfin və onun siyasi rəhbərliyinin üzərinə düşəcək.
Tovuz döyüşləri zamanı on minlərlə Azərbaycan vətəndaşının küçələrə axışması, Ali Baş Komandanla həmrəylik nümayiş etdirməsi bir daha göstərdi ki, Azərbaycan xalqı öz liderinə inanır və onunla həmrəydir.Azərbaycan vətəndaşlarının kütləvi şəkildə,könüllü olaraq hərbi səfərbərlik üçün müraciət etməsi sübut edir ki, xalqımız əzəli torpaqlarının düşmən tapdağı altında qalması ilə heç zaman razılaşmayacaqdır.
Tovuz hadisələri Ermənistanın beynəlxalq siyasi nüfuzuna olduqca böyük zərbə vurdu, onun təcavüzkar siyasət yeritdiyini bir daha əyani şəkildə sübut etdi.Eyni zamanda Azərbaycanın hər zaman haqlı olduğunu nümayiş etdirdi, bir çox dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanı dəstəklədiyini sübuta yetirmiş oldu.Xaricdə yaşayan erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq müxtəlif ölkələrdə məskunlaşmış həmvətənlərimiz əsl həqiqəti,haqq səsimizi dünya icimaiyyətinə çatdırmağı bacardılar.Bizdən fərqli olaraq ermənilər təxribata əl atdılar, hətta teror hadisələri törətməyə cəhd göstərdilər.Bu isə haqlı olaraq onların həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmasına səbəb oldu, onların iç üzünü bütün dünyaya açıb göstərdi.
Hadisələrin son gedişi, həmçinin Azərbaycan Respublikası Prezidentinin istər daxili, istərsə də xarici görüşlər zamanı səsləndirdiyə fikirlər onu deməyə əsas verir ki, Azərbaycan qısa zamanda nə yolla olur olsun öz ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. Artıq uzun illər ərzində aparılmış siyasi, iqtisadi və hərbi islahatlar öz bəhrəsini verib. Ən əsası isə ölkəmizdə milli birlik mövcuddur, ölkə başçısı öz xalqına, xalq isə öz prezidentinə inanır. Məhz bu inamın nəticəsində Azərbaycan daha da güclənəcək, dünya ölkələri sırasında öz yerini daha da möhkəmləndirəcək və dünyanın aparıcı dövlətlərindən birinə çevriləcəkdir.
Zinyət Bağırova,Ədliyyə Nazirliyi Qəbələ rayon qeydiyyat şöbəsinin rəisi
Tarix: 1-09-2020, 08:26