Toy edən Baş nazir niyə cəza almadı: Qanunun aliliyi, yoxsa klan davası...


Ramiz Mehdiyev və Əli ƏsədovRamiz Mehdiyev və Əli Əsədov

Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev karantin rejimi qaydalarını pozduğuna görə 15 sutka həbs cəzası alıb. O, qızına şadlıq mərasimi keçirdiyinə görə məsuliyyətə cəlb olunub.

Bizimyol.info xəbər verir ki, İlham Əliyevin qudası Rövşən Mustafayev də eyni qaydada – 15 günlük həbslə cəzalandırılıb. Məclisdə iştirak edənlərdən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzova isə töhmət verildiyi bildirilir.
Rövşən Mustafayev Rövşən Mustafayev
S.Novruzov həm də Milli Məclisdə Komitə sədridir. Onunla birlikdə həmin şadlıq mərasimində iştirak etmiş həyat yoldaşı Səbinə Əliyeva isə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsmandır. Ombudsman isə səlahiyyət müddəti ərzində toxunulmazdır.
Şadlıq məclisinin digər tanınmış iştirakçıları da var – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Bakı Dövlət Universitetinin sabiq rektoru, hazırda isə üzvi kimya kafedrasının müdiri olan Abel Məhərrəmov və s. Bu şəxslərlə bağlı isə hələ ki, heç bir xəbər yoxdur.
R.Mehdiyevin kürəkəninin məhz həbslə cəzalandırılması gözlənilməz oldu. Eyni zamanda, müxtəlif müzakirə və versiyalara yol açdı. Ona görə yox ki, günahsızdır. Ortada fakt var, karantin rejimi qaydaları pozulub. Amma məsələ burasındadır ki, avqustun 20-də axşam saatlarında İ.Əliyevin bağ evindəki məclisin videosu ilə yanaşı, başqa məmurların da övladlarının şadlıq məclislərinin görüntüləri yayıldı.
Hadı Rəcəbli Hadı Rəcəbli
Onların arasında Baş nazir Əli Əsədov, sabiq deputat Hadı Rəcəblinin adları çəkilirdi. Amma nədənsə, ertəsi gün mediadakı “toy fırtınasında” yalnız R.Mehdiyevin kürəkəninin evindəki məclisdən bəhs olunurdu. Digərləri ya yaddan çıxdı, ya da yaddan çıxarılmasına göstəriş verildi.
Bu üzdən baş verənlər hakimiyyət daxilindəki qruplar arasında çəkişmələrin nəticəsi kimi qiymətləndirilir. İddia olunur ki, bu həm də R.Mehdiyevə qarşı münasibətin nümayişi üçün fürsət və bəhanə oldu.
İlham Əliyev, Ramiz Mehdiyevin kürəkəni Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev məhkəmədə
Xüsusən məhkəmə zalına telekanalların və digər media orqanlarının buraxılması, onların nəinki görüntü götürməsinə, hətta canlı yayım etməsinə şərait yaradılması da artıq başqa mətləblərdən xəbər verir. Uzun müddətdir ki, Operativ Qərargahın göstərişilə məhkəmə zallarında 10 nəfərdən artıq adamın iştirakına qadağa qoyulub. Məhz bu əsasla Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsinə nəinki jurnalistlər, prosesi izləməyə gələn ictimai-siyasi fəallar, hətta doğma bacılarını da buraxmırlar. Baxmayaraq ki, məhkəmə zalında 25-30 nəfərin əyləşməsi üçün yer var. Amma R.Mehdiyevin kürəkəninin məhkəməsində baş verənləri, onun və qudasının necə qandallandığını ölkəyə nümayiş etdirmək üçün hər cür şərait yaradıldı.
Ölkədə çox adama məlumdur ki, hökumət daxilində qruplar arasında çəkişmələr var. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan uzaqlaşdırılandan sonra, xüsusən də son aylarda ayrı-ayrı məmurların, deputatların açıq mətnlə onu tənqid etməsi də bunun bir parçasıdır. Akademiya rəhbərinin isə son dövrlərdəki açıqlamalarından aşkar hiss olunur ki, o, özünə qarşı münasibətdən narazıdır. Çünki indiki hakimiyyətin formalaşmasında və möhkəmlənməsində müstəsna xidmətləri olduğunu düşünür.
Baş verənlər həm də sosial medianın gücünü növbəti dəfə ortaya qoydu. Əminliklə demək olar ki, sosial şəbəkə istifadəçilərinin hiddəti məsələyə ciddi reaksiya verilməsini zəruri etdi.
Hiss olunur ki, Ramiz Mehdiyevin kürəkənini cəzalandırmaq qərarını “yuxarılar” dərhal verməyib. Əks halda, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elsan Zahidov şadlıq məclisini “bir qrup şəxsin toplaşması” kimi təqdim etmək məcburiyyətində qalmazdı. Görünür, həmin vaxt məsələni “malalamaq” lazım idi...
Tarix: 22-08-2020, 20:34
Xəbəri paylaş



Xəbər lenti