"Bu həftə maraqlı hadisələrlə zəngin olacaq. Həm ölkədə, həm də bölgədə siyasi hərarət artacaq. Belarusda Lukaşenkonun sonu Belarus xalqının demokratik inkişafının başlanğıcı üçün əsaslar yaradacaq".Dominant.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu Belarusda baş verən hadisələri şərh edərkən deyib.
"Seçkidən ötən 1 həftə ərzində Belarusda nələr baş verdi: 1000-dən çox alim etirazçılara həmrəy olaraq ölkə rəhbərliyinə müraciət imzaladı. Ən azı 50 xüsusi təyinatlı milis dəstəsinin üzvü şit və dubinkasını təhvil verərək, xalqla qarşıdurmaya getmədi və bunu açıq nümayiş etdirib ictimaiyyətin tərəfinə keçdi. Dövlət televiziyasında işləyən 10-dək jurnalist indiyədək danışdıqları yalana görə xalqdan üzr istəyərək postlarından istefa verdilər. Belarusun ziyalıları Lukaşenkoya get dedilər, mədəniyyət və incəsənət xadimləri xalq birlikdə mitinqə çıxdılar. Gənclər hərəkatın aparıcı qüvvəsi oldu, emosionallıq belə göstərmədi, əskinə zorakılığa qarşı dözüm nümayiş etdirdilər. Qadınlar qəzəbli polislərə qarşı sevgi və nəzakət göstərdilər. Bir sözlə. hər kəs "əlini qara daş"ın altına qoydu və xalqın üzərində olan bu ağır daşı qaldırmaq üçün gücə güc qatdılar", - deyə, Q.İbadoğlu etirazlar fonunda baş verən hadisələri xatırladıb.
O, artıq Lukaşenko hakimiyətinin sonunun gədiyini düşünür: "Düzdür, Belarusda baş verənlər hələ zəfərə gətirib çıxarmayıb. Amma artıq nəticə var, demokatiya istəyən Belarus xalqı meydanlardadır, azad cəmiyyət tərəfdarı olan hər kəs bu tarixi mübarizədə onlarla həmrəydir. Görünür ki, avtoritar Lukaşenkonun sonuna və demokratik Belarusun başlanğıcına çox qalmayıb".
Tarix: 17-08-2020, 09:36