Düz iki həftə bundan qabaq yazmışdıq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının ciddi-cəhdlə müdafiə etdiyi ikigünlük “qısa qapanma”ların effektli olacağına təminat yoxdur. Qeyd etmişdik ki, əksinə “qapanma”dan qabaq marketlərə hücumlar nəticəsində sosial məsafənin qorunmaması yoluxma sayını daha da artıracaq. Amma R. Bayramlı aparılan təhlillərin əsasında guya iki həftə sonra müsbət təsirin mütləq olacağına əminliyini bəyan edirdi. Bununla yanaşı, TƏBİB rəhbəri qərarın yanlış olduğunu, günahkarların sadə vətəndaşlar olmadığını deyə bilməsə də, özünün məntiqsiz iddialarına qarşı hücumları səngitmək üçün telekanallardan birinin efirinə çıxıb, sözün əsl mənasında əhaliyə qarğış tökdü: “Mən əminəm ki, xəstəliyə inanmayanların hər birinin yaxını bu xəstəliyə yoluxacaq”.
Düzdür, bu açıqlamaya görə sosial şəbəkə istifadəçiləri onun təkcə özünə yox, bütün qohum-əqrəbasına, nəslinə söyüşlər, qarğışlar və lənətlər yağdırdılar. Amma… Nə fayda?
R.Bayramlının hesabına görə Azərbaycanda 1 milyona yaxın vətəndaşda koronavirus var
Düşünmək olar ki, Ramin Bayramlının bədduası yerinə yetib. Artıq ölkəmizdə gündəlik yoluxma sayı 500 nəfəri ötüb. Bu da gündəlik aparılan testlərin 10 faizidir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisinin artıq 10 faziində bu virusun olması ehtimalı böyükdür. 10 milyonluq əhalinin 10 faizi isə təbii ki, 1 milyona yaxın vətəndaş deməkdir.

“Evdə bişməyib, qonşudan gəlməyib” demək istəyirdik, yadımıza düşdü ki qonşuda təcrübə var. Onun əxz elədiyi də qonşudanıydı. Amma qonşudan müsbət təcrübələri götürmək lazımdı. Məsələn artıq turizm mövsümünə strat verən Gürcüstandan götürmək lazım idi. Türkiyənin artıq imtina etdiyi təcrübəni sırımaq uğursuz oldu və bizə ziyan verdi. Biz Gürcüstanın təcrübəsini öyrənməliydik. Bu barədə bir qədər sonra…
Yeri gəlmişkən, deyilənə görə, koronavirus xəstəxanaları özünü artıq təcrübəsiz idarəçi və sözünü ifadə etməyi bacarmayan şəxs kimi sübut edən bu şəxsin rəhbərlik etdiyi TƏBİB-in əlindən alınıb. Üstəlik, onun ölkəmizdə fəaliyyət göstərən özəl klinikalardan biri ilə işgüzar keçmişi və əməkdaşlığı sayəsində ölkəmizdə koronavirus testlərinin bəzilərinin orada aparılmasına şərait yaradılması barədə iddialar ortaya çıxıb. Deməli, yoluxmaların və testlərin aparılmasına marağın artması R.Bayramlıya sərf edir.
Karantinlə qarşısı alınmırsa, niyə tətbiq edilir?

AzToday.az xəbər verir ki, dünyada aparılan geniş elmi tədqiqatları bir qəpiklik edən, alimlərin zəhmətini şübhə altına alan bu çıxışdan sonra, hətta peyvəndin tapılması və onun effektivliyinə ümidləri də puç edən bir insanın çıxıb Azərbaycan vətəndaşlarını iki həftəlik sərtləşdirilmiş karantin rejiminə dəvət etməsinin hansı təsir bağışlayacağını oxucu özü düşünsün. Bu çıxışdan sonra adamla hansısa səmərəli nəticə əldə etmək mümkündürmü? R.Bayramlıdan soruşan gərək: bəs neçə aydır əhalini günahlandıran siz deyildiniz?
Məsuliyyətsiz deputat, məsuliyyətsiz icra başçısı, məsuliyyətsiz jurnalist, …
Bu məqamda sadə Azərbaycan vətəndaşına bir həqiqəti xatırlatmaq lazımdır ki, bu virusun özəl xüsusiyyəti odur ki, sizin də qeydinizə qalanın tapılmasına səbəb olmasıdır. Qısa şəkildə desək, indiyə qədər bütün vəzifəli şəxslərin və deputatların həyəcan təbili çalmağının səbəbi də bu xəstəliyin kasıb, varlı tanımamasıdır. Yoxsa 190 manata möhtac qalan əhalinin yoxsul təbəqələri kimi gündəlik çörək dərdi çəkməyən deputatların nə işinə qalıb ki, yayın isti günlərində Milli Məclisə yığılıb qanunlar və qərarlar qəbul edirlər?

Bütün kafelərin, digər obyektlərin, böyük ticarət mərkəzlərinin açılması qərarını da R.Bayramlı və Operativ Qərargahın digər üzvləri verib. Ən maraqlısı da odur ki, Operativ Qərargahın tibbi heyətinin kimlərdən təşkil olunması bu günədək açıqlanmır. Onlardan biri R.Bayramlı, digəri keçən dəfəki brifinqdə mitinqdə çıxış edirmiş kimi şairanə cümlələr düzüb-qoşan ürək-damar xəstəlikləri üzrə mütəxəssis, millət vəkili Rəşad Mahmudovdur. Məntiqsiz qərarlarda payı olan digər həkimlərin adları hələlik məchul saxlanılır.
Pandemiya dövründə də insanları növlərə böldüklərini gördük
Belə vəziyyətin nəticəsidir ki, cəmiyyətdə laqeydlik yaranır. Hətta çox müəmmalı söz-söhbətlər yayılır. Məsələn, eşidirsən ki, 90 yaşında biri evdə vəfat edir, ona koronavirus diaqnozu qoymaq istəyirlər. Bununla yanaşı, pandemiya dövründə də insanları birinci, ikinci siniflərə ayırdıqlarının şahidi oluruq. Tanıdığın bir nəfər xəstəxanada yer olmadığı üçün evdə müalicə olunmaq məsləhət bilinir. Amma deputat Sahib Alıyevə “Yeni klinika”da yer tapılır. Digər misal, artıq 150 nəfərdən çox adam çarəsiz şəkildə ölüb, amma Bəhram Bağırzadənin ölməməsi üçün az qala dünyanı ayağa qaldırırlar. Biri deyir 6 milyon dollarlıq aparat alıb gətiriblər, digəri deyir ağ ciyər köçürüləcək, o biri deyir, onda koronvirus deyil.

Uzağa getməyək, jurnalist Seymur Kazımovun atasının laqeydlik ucbatından öldüyünü hamı bilir, amma onun hayqırtısına heç bir məmurun və ya vəzifəli şəxsin tükü də tərpənmədi. Hətta onun haqlı olaraq atasının ölümündə Azərbaycan səhiyyəsinin günahkar olduğunu bildirdiyi və bir çox həqiqətləri ortaya qoyduğu TƏBİB sədri R.Bayramlıya açıq məktubunu da yaddan çıxardılar. Kimdən əskik idi jurnalistin atası?
S.Kazımov həmin açıq məktubunda TƏBİB-in insanlara olan biganəliyindən, Azərbaycan səhiyyəsinin növbəti qurbanının atası olmasından, 10 gün qızdırmadan əziyyət çəkən atasına normal tibbi xidmət göstərilməsindən geniş bəhs edən jurnalist səhiyyəmizdəki mövcud vəziyyəti ortaya çıxardı. İndi vəziyyət onun yazdıqlarından daha dəhşətlidir…
Gürcüstanın təcrübəsindən niyə nümunə götürmürük?
İndi isə səhiyyə sahəsində, idarəçilikdə təcrübəsiz bir şəxsin təcrübə götürməyə ipucu vermək istərdik. Türkiyə və İsraildən təcrübə götürməkdən danışan Ramin Bayramlı niyə Gürcüstanı nümunə götürmür?
Axı koronavirus pandemiyasına qarşı mübarizədə Gürcüstan ciddi naliyyət əldə edib. Ölkədə yoluxmanın səviyyəsi gündəlik 2-3 nəfərə qədərdir, bir neçə həftədir ölüm halları baş vermir. Bu ölkədə təhlükəli virusa yoluxanların ümumi sayı 1000 nəfər çatmır. Gürcüstan koronavirus pandemiyasına qalib gəlmək ərəfəsindədir. Belə ki, bu ölkədə az qala 1 ayda yoluxmanın ümumi sayı bizdə artıq 1 gündə baş verir.
Azərbaycana gəldikdə isə, R.Bayramlı dilinə gətirməyə çəkinsə də, ölkədə virusa yoluxmanın “ikinci dalğası” yaşanır. Hökumət növbəti dəfə iki həftəlik sərtləşdirilmiş karantin vəziyyəti elan etməyə məcbur olub.
R.Bayramlı və Operativ Qərargahdakı həmkarlarına sual olunur: məgər qonşu Gürcüstanın pandemiyaya qarşı təcrübəsini öyrənmək o qədər çətin idi?
Orxan Məmmədli
AzToday.az