Tərtər Rayon İcra Hakimiyyətində müşavirə keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə ilk növbədə rayonda kənd təsərrüfatı sahəsində qarşıda duran mühüm vəzifələr və cari mövsümi işlər geniş təhlil olunub. Rayon rəhbəri əkin sahələrinin suvarılması zamanı növbəlilik prinsipinə ciddi əməl edilməsi, pambıq tarlalarında becərilmə işlərinin aqrotexniki qaydalara uyğun sürətləndirilməsi və barama qurdlarının bəslənilməsi vəziyyəti ilə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.

Eyni zamanda, Məhərrəm ayının gəlişi ilə əlaqədar rayon ərazisindəki məscid və ziyarətgahların, habelə onların ətrafının təmizlənməsi, səliqə-sahmana salınması məsələləri müzakirə olunub. Bu çərçivədə, yas mərasimlərində israfçılığın qarşısının alınması və ehsanların sadələşdirilməsi istiqamətində əhali arasında maarifləndirici söhbətlərin aparılmasının vacibliyi vurğulanıb.

Daha sonra müşavirədə vətəndaş müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq çevik və obyektiv baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, şəhid ailələrinin və qazilərin sosial qayğılarının öyrənilərək vaxtında həlli, yerlərdə səyyar qəbulların səmərəli təşkili istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Bununla yanaşı, Dövlət Nəzarəti İnformasiya Sistemi (DNİS) üzrə tapşırıqların icra vəziyyəti, bələdiyyə vergilərinin yığılması işinin təşkili, daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, rayon ərazisində aparılan tikinti işlərinin mövcud şəhərsalma və arxitektura tələblərinə tam uyğunluğu, habelə Tərtər şəhərində və bütün yaşayış məntəqələrində yolkənarı ərazilərin təmizlik-abadlıq məsələləri müzakirə edilib.

Müşavirənin yekununda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müzakirə edilən bütün məsələlərin vaxtında və keyfiyyətlə icra olunması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. 


Tarix: Bu gün, 16:54
Xəbəri paylaş



Xəbər lenti