“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Hacallı kəndində Vətən müharibəsi şəhidi Sabirli Əjdər Xanlar oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Görüşdə 3-cü qrup Vətən Müharibəsi Əlili İntiqam Sarıyev iştirak edib.
Qeyd edək ki, şəhid kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 1996-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu idi.
Vətən müharibəsi başlayanda 4 il idi ki, hərbidə qulluq edirdi. O, tankçı idi. Sabirli Əjdər 11 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində Suqovuşan, Talış kəndləri istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.