Niyazi Bayramova sual: Gəncə şəhəri üçün ayrılmış pulların hara xərclənib? - Teror qurbanları NARAZIDIRLA...
Ötən yayımlarımızda Gəncə səfərimiz barəsində qısa məlumat vermişdik və daha ətraflı məlumatı növbəti yayımlarımızda diqqətinizə çatdıracağımıza da söz vermişdik.
Söz verdiyimiz kimi də Gəncə səfərimiz və orada "fəaliyyət göstərən" məmurlar haqqında təəssüratlarımızı, həmçinin də onların sakinləri necə cana doyurduqlarından danışacağıq.
Bildiyiniz kimi bir çox bölgələrimiz kimi Gəncə şəhəri də başçı sarıdan şanssız şəhərdir.
Əvvəlki başçılar haqqında nələrsə deyib, vaxt itirmək istəmirik. Çünki, Niyazi Bayramovun fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi haqqında kitab yazmaq olar zatən.
Məsələn AzFakt.com deyir: "2020-ci ilin ortalarından Gəncə şəhər İcra Hakimiyyətində başladılan araşdırma sentyabr ayının 27-də başlayan müharibəyə görə bir müddət dayandırılıb.Araşdırmanın dekabr ayından yenidən başladığı deyilir.Rəsmi orqanlarının araşdırmalarına səbəb Gəncəyə son iki ildə ayrılan vəsaitlərin aidiyyatı üzrə xərclənmədiyi, külli miqdarda mənimsəmələrə yol verildiyi barədə şübhələrin olmasıdır.Məlumata görə həbsin bir addımlığında olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov özünü qorumaq üçün müxtəlif yollar aramaqdadır. Maraqlı budur ki, bu məsələdə Niyazi Bayramovun qudası Gənclər və İdman naziri Azad Rəhimovun ona kömək edə bilməyəcəyi deyilir.
Azad Rəhimovun qudasına kömək etməkdən boyun qaçırmasına səbəb kimi isə vəzifəsini itirməmək niyyətinin olduğu deyilir.Qeyd edək ki, Gəncə şəhərinin abadlaşdırılması üçün dövlət tərəfindən hər il on milyonlarla vəsait ayrılır.Ancaq bu qədər vəsaitlərin hara xərclənməsi barədə müfəssəl məlumatlar verilmir."
Bundan əlavə deyilir: «Uşaq bağçalarının həyətlərinin kəsilib satılması Niyazi Bayramovun adı ilə bağlıdır".
Əslində Niyazi Bayramov haqqında sosial medialarda bu kimi məlumatlar kifayət qədərdir.
Belə mənfi məlumatlara biri də əlavə olundu ki, Gəncə şəhərində erməni terroru nəticəsində zərərçəkmiş şəhər sakinlərinə dəymiş ziyan ödənilməyib.
Bir neçə Gəncə şəhər sakinlərinin redaksiyamıza müraciəti əsasında məsələyə yerində baxış keçirib, ictimailəşdirmək üçün çəkiliş qrupumuzla bərabər üz tutduq Gəncə şəhərinə. Bir neçə şəhər sakinlərini dinlədikdən sonra, şəhər sakinlərinin ən çox narazılıq etdiyi və gileyləndiyi İcra Hakimiyyətinin də məsələyə münasibətini öyrənmək üçün Gəncə şəhər İcra Hakimiyyətinin binasına yaxınlaşdıq.
Qapıya yaxınlaşanda orada bir neçə şəhər sakinlərinin toplaşdığını, həmçinin adamların əsəbi baxışlarını, davranışlarını gördük.
Baxdıq ki, Qapıda dayanan polis əməkdaşı "COVID-19" pasportu olmayan kimsəni içəri buraxmır. (Qeyd edək ki, bütün bunlar ötən həftənin cümə günü yaşanıb. Hansı ki, həmin gün güya başçının vətəndaşları qəbul günü idi.)
Qeyd: Yeri gəlmişkən onu da bildirək ki, vaksin olunmuş sakinlərin bizim gözümüzün önündə qapıdan içəri keçməsinə icazə verilirdi. Aşağıda sizə təqdim etdiyimiz videogörüntüdə özünüz də şahidi olacaqsınız ki, sən demə sakinləri akt zalında toplayıb, xeyli gözlətdikdən sonra, elə dərdlərini dinləmədən, Niyazi Bayramovun mübarək simasını görmədən də yola salıblar.
Bir sözlə bütün bunlar "qonaqpərvər" İcra Hakimiyyətinin gəlişindən xəbərdar olduqları mətbuat nümayəndələri olan qonaqları (bizim) üçün kiçik "sürpriz şou"su imiş.
İcra Hakimiyyətinin işçiləri də, həmçinin polisin özü də tibbi maskadan istifadə etmirdilər. Bizi gördükdən sonra maskalar ciblərdən üzlərə "transfer" edildi.
Əlqərəz...
Bizi biraz gözlətdikdən sonra ilk olaraq vətəndaşlarla iş üzrə şöbə müdiri kimi təqdim edən Pərvin adlı şəxs gəldi, öz mobil telefonu ilə, mətbuatla əlaqələr adıyla bir xanimla bizi danışdırdı, daha sonra Ümumi şöbədə sektor müdiri kimi təqdim etdikləri Riyad adlı bir gənc bizə yaxınlaşdı. O da bildirdi ki, ""COVID-19" pasportu olmadan cənab başçının qərarı var. Qəbul etmir. Siz gedin Nurəddin müəllimin yanına. Tikintiyə o baxır".
Beləcə, hamı biri-birinin üstünə ata-ata günümüzü başa vurdular. Dedilər, "Sabah sizinlə əlaqə saxlanılacaq və başçının müavini Səməd müəllim qəbul edəcək". Səhərisi gün, yəni şənbə günü yenidən İcra Hakimiyyətinə yaxınlaşdıq, Riyad müəllimə zəng etdik, dedi bu gün bizdə iş günü deyil.
Qeyd: Şənbə günü bir çox qurumlarda yarım iş günüdür. Bu işin birinci tərəfi.
İkincisi də əgər şənbə günü sizdə iş günü deyildisə, Riyad müəllim, bəs bizə niyə şənbə günü Səməd müəllimin görüşəcəyi vədini verirdiniz?
Biz qanunun tələbini yerinə yetirib, qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etdik. Gerisi qarşı tərəfin öz işidir.
Bizə də belə olan halda öz işimizi görmək qalır.
Odur ki, narazı sakinlərin şikayətlərini əyani olaraq yerində lentə alıb, geri döndük.
Səhəri gün sakinlər bizimlə telefon əlaqəsi saxlayıb bildirdilər ki, biz gəldikdən sonra hansısa tikinti şirkətindən gəlib, əraziyə baxış keçiriblər və sakinlərə yenə hər şeyin yaxşı olacağı vədini veriblər.
Bir də sakinlərin dediyinə görə, əraziyə gələn səlahiyyət sahibləri bildiriblər ki, "biraz səbrli olun. Hər şey düzələcək. Vallah bizə də pul ayırmırlar".
Maraqlıdır, görəsən bəs ayrılan pullar hara xərclənib ki, indi yerinə yetirmədikləri işləri başa çatdırmaq üçün yenidən vəsait ayrılmasını istəyirlər?
Sakinlər iddia edir ki, "pul verən sakinlərin evinin dam örtükləri kirəmitlə, pul verməyənlərin dam örtüyü isə adi nazik dəmirlə bərpa olunmuşdur.
Bundan əlavə: Əvvəl kürsülü olan bəzi evlər ikimərtəbəli ev olaraq bərpa edilir (Hansı ki, qohumu icra Hakimiyyətində işləyənlər). İki mərtəbəli dağılmış bəzi evlərin sahiblərinə isə birmərtəbəli evlə təmin ediləcəyi deyilir.
Bu nəyin məntiqidir?!
Yaxud da səbəb nədir?
Burdan belə görünür ki, sakinlər iddialarında haqlıdırlar.
Zərər çəkmiş bəzi güya təmir edilən evlərin vəziyyəti isə bir başqa "macəra"...
Pəncərələr desək... Nazik taxta və nazik şüşələrlə əvəz olunub,
Yağan yağış taxtaya mismarla dayadılmış (bərkidilmiş desək yalan olar) arasından birbaşa evlərə yağır.
Çatlamış divarların çatları "şpaklovka" ilə qapadılıb.
Sonra sakinlərə akt təqdim edib, imza çəkdiriblər. Sakinlər imzalamaqdan imtina etdiklərində isə, onlara "izah edilib" ki, "siz yalnız bu günə qədər görülən işə imza atırsınız. Hələ iş bitməyib". Sakinlər də təqdim edilən aktı imzalayıblar.
Bu gün isə Nurəddin Əhmədovun və digər səlahiyyətli şəxslər sakinlərə deyir ki, "ağlınız vardı, qol çəkməzdiniz".
İndi, onsuzda erməni tərəfindən yara almış Gəncə sakinlərinin yarasını soyan xalqa düşmən səlahiyyət sahibləri deyir: "Səbrli olun, pul ayırsalar hər şey yaxşı olacaq."
Daha kim üçün "yaxşı" olacağına yenə aydınlıq gətirilmir.
Nə bilmək olar, bəlkə yenə də özləri üçün yaxşı olacağını nəzərdə tuturlar?!
P.S: Yeri gəlmişkən, onu da əlavə edək ki, Gəncə şəhər İcra Hakimiyyəti öz rəsmi internet saytında xəbər paylaşıb ki, güya İcra başçısı sakinləri qəbul edib, onların problemləri ilə maraqlanıb və tezliklə aradan qaldırılacağına söz verib.
Lakin, roketin düşdüyü və ən çox ziyan görmüş ərazinin sakinləri da İcra Hakimiyyətinin bu gözdən pərdə asmaq üçün yaydığı məlumatdan narahat olaraq, bizimlə telefon əlaqəsi saxlayıb bildirdilər ki, "İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onlarla ümumiyyətlə görüşməyib. Sözügedən, ərazidən bir neçə metr aralıda olan, yüngül xətər dəymiş evlərin sahiblərini çağırıb, akt zalına toplayıb görüntü yaradıblar. Biz bu xəbərdən də, İcra Hakimiyyətinin dediyi məbləğdən və köməkdən də xəbərsizik. Sonradan xəbər tutmuşuq ki, aşağı məhlənin adamlarını ora yığıb, onlara nəsə söz veriblər. Evləri dağılan biz, çöllərdə qalan biz, başçı tərəfindən sayılmayan da bizik."
Böyük bir şəhərin İcra Hakimiyyəti başçısının uşaq oyunlarını xatırladan bu davranışları terror nəticəsində zərərçəkmiş sakinləri daha da özündən çıxarıb.
Aidiyyəti qurumlar bütün bu məsələləri, həmçinin Gəncə şəhəri üçün ayrılmış pulların hara, hansı məqsədlər üçün xərcləndiyini yerində araşdırıb, zərərçəkmiş sakinləri dinləsələr, özləri bu sadalananların şahidi olacaqlar.
Yəqin ki, cərəyan edən bütün proseslər Dövlət Başçımızın da diqqətindən yayınmış deyil və tezliklə vəziyyətə uyğun, müvafiq addımlar atılması üçün göstərişlər verəcəkdir.