İmişlidə Şükür Astanova məxsus qanunsuz balıq gölü aşkarlandı...



İmişlidə Şükür Astanova məxsus qanunsuz balıq gölü aşkarlandı...
İmişli rayon ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılıb. Həmin gölməçələrdən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edildiyi bildidilir.
Əraziyə təşrif buyuran əməkdaşlarımızın apardığı müşahidələrdən və çəkilən videolardan da aydın şəkildə sezilir ki, İmişli rayon Məmmədli və Ağamalılar kənd ərazisində kənd təsərrüfatına aid olan qış otlaq və əkinə yararlı torpaq sahələrində süni şəkildə 6 göl yaradılaraq fəaliyyət göstərir. Ki, gölün ərazisi isə tikanlı məftillərlə və kollektor-drenaj kanallarla mühafizə olunur. Bu isə o deməkdir ki, gölün ərazisinə yaxın durmaq qeyri mümkündür. Belə vəziyyətdə isə gölə yalnız kənardan müşahidə aparmaq mümkündür. Lakin bu maneələrə baxmayaraq çətinliklə, bu maneələri aşaraq gölü yaxından çəkməyə müvəffəq ola bildik.
Göl, nə göl. Uzunluğu 500 metrdən çox olar ki, az olmaz. Hələ həmin gölün suyla necə təmin edilməsi bir başqa məsələdir. Hansı ki, bu günləri kənd təsərrüfatı ilə məşğul olan insanlar su qıtlığından gileylənirlər. Sahibkarlar əkdikləri məhsulların sussuzluqdan yanaraq məhv olduğunu deyirlər. Əcaba, belə bir vaxtda sözügedən göl su təhcizatı ilə necə təmin olunur?..
Göllə bağlı araşdırmalarımızı bir qədər də genişləndirdikdə bəlli oldu ki, süni şəkildə yaradılmış balıq gölünün sahib(i)lərindən (şərikləri) biru İmişli rayonunda “xeyriyyəçi” kimi tanınan, uzun illər “Azəravtoyol” ASC – nin 6 saylı Regional Yol İstismarı İdarəsinin müdiri işləmiş, necə deyərlər, hər şeyin yolu yolağasını yaxşı bilən Şükür Astanov və onun digər ortağı hazırda İmişli rayonunda Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovdur. O da bildirilir ki, Şükür Astanovla Qasım Qasımov balıq ortaqlığından əlavə həm də yaxın qohumluq əlaqələri mövcuddur.
Məhz elə həmin gölə su təhcizatı Mərkəzi -Muğan kollektorundan təmin edilir. Ki, əkin sahələrinə verilməli olan suyun qarşısı bağlanaraq həmin süni balıq gölünə istiqamətlənir.
Apardığım araşdırmalardan və etibarlı saydığım mənbələrdən əldə etdiyim məlumatlara gòrə süni yaradılmış göl kənd təsərrüfat təyinatlı (qış otlaq)torpaq sahəsində, heç bir lisenziya (icra hakimiyyətinin və Əmlak Məsələləri Dövlət Komitəsinin (hazır ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidmətinin və ETSN-nin) mûvafiq rəyi olmadan yaradılıb.

P.S. 2018-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsi (hazır ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidməti) tərəfindən ölkə ərazisində 529 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılmışdır.

Xatırlayıram ki, o vaxtlar komitənin aparıdığı monitorinqlər və araşdırmalar zamanı müəyyən edilmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır. Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir.

Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır. Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilmiş, 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmışdır.

Məhəmmədoglu Ramin
Tarix: 7-07-2021, 09:02
Xəbəri paylaş



Xəbər lenti