Son illər tez-tez icra hakimiyyətlərində korrupsiya halları aşkarlanır. Bir neçə icra başçıları da həbs olunub. Məlum olan odur ki, bu həbslər hələ də çoxlarına dərs olmayıb. Özbaşnalıqlar haqda məlumatlar davam edir, icra hakimiyyətlərində çalışan məmurların çoxu heç kimə məhəl qoymur. “Hər işin öz qiyməti var, erməniyə iş verərəm sənə vermərəm”
Yevlax İcra Hakimiyyətindən şikayət daxil olub. Belə ki, rayon sakini Nuranə Mustafayeva bildirib ki, bir neçə müddətdir bağçada xadimə işləmək üçün müraciət etsə də, onu kömək olunmayıb, İcra başçısının müavini və digər işçilər onu təhqir ediblər:
“Bir neçə ildir ki, işsiz olduğum üçün Yevlax Rayon İcra Hakimiyyətinə bağçada xadiməlik üçün müraciət etmişəm. 2015-сi ildən etibarən icraya təkrar müraciət edib, mənə kömək etmələri üçün xahiş etdim. Hər dəfə zəng etdikdə müxtəlif variantlarla aldadıblar məni. Hansısa bağçada xadimə yeri boş olanda onlara xatırladıb, yadlarına salırdım. Amma başqasını götürüblər, mənə qarşı haqsızlıq olunur. 2015-ci ildə icra hakimiyyətinə müraciət etdikdə, bildirdilər ki, məşğulluq idarəsinə müraciət edim.
Məşğulluq İdarəsinə müraciət etdim. İdarədən bildirdilər ki, icra hakimiyyəti vakansiyaları bizə göndərmir, işçiləri özləri götürür. Əlacsız qalıb atamla birgə təkrar İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri, icranın birinci müavini Elnarə Əzizovanın qəbulunda oldum. Elnarə Əzizova iş müqabilində atamdan 2000 manat pul istədi. Atam 500 manata gücümüzün çatdığını bildirdi. E. Əzizova isə hər işin öz qiyməti var, biz şirinlik istəmirik söylədi.
Bizim qohumumuz çalışan bir bağçada xadimə rəhmətə getmişdi, boş yer olduğu üçün yenə müraciət etdim. Bu müraciət zamanı Elnarə xanım daha əsəbi halda yenə də pul məsələsini xatırlatdı.
Dedim imkansız adamam, buna imkanım çatmır. Bunu deyəndən sonra E. Əzizova bildirdi ki, püşkatma olacaq və sənə də bildirəcəm. Mən də deyilən vaxtı getdim. İcranın qarşısında polis məni qarşılayıb daxil olmama icazə vermədi. Gülərək püşkatmanın artıq bitdiyini, işçinin götürüldüyünü bildirdi.
Mən də Elnarə xanıma bunu xatırlatmaq üçün zəng etdim, o, qışqıraraq kimi götürəcəyini özü bildiyini, erməniyə iş verərəm, amma sənə iş vermərəm deyə məni təhqir elədi. Sənə demişəm ki, bu işin qiyməti var, məni bir də narahat etmə deyib telefonu söndürdü. Əlim hər yerdən üzüldüyü üçün İcra Hakimiyyətinə yenə yaxınlaşdım. Məni aparıcı məsləhətçi Ramin Qələndərova yönləndirdilər. O da bu məsələnin araşdırılacağını bildirdi. Həmin müddətdən xeyli vaxt keçsə də mənə kömək olunmayıb. Mən yalan danışmıram. Səsim Prezidentə çatsın. Prezident Yevlaxa gələcək. Polislər menə həbs etsə də imkan tapıb Prezidentə müraciətimi edəcəm”.
“Püşk atılıb, işçi götürülüb, bağçada yer yoxdur”
Məsələ ilə bağlı Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Baş məsləhətşi Nərmin Fərzəliyeva bildirdi ki, bəli, püşkatma olub: “Onun vasitəsi ilə işəgötürülmə olub. Hal-hazırda heç bir bağçada xadimə yeri yoxdur. O qədər müraciətlər daxil olub, hamısını işəyerləşdirmək mümkün olmur”.
“Xanım 2000 rüşvət məsələsini qaldırır ki, marağ cəlb etsin”
Yevlax şəhər İcra Hakimiyyəti İnformasiya təminatı və təhlili sektorundan saytımıza bildirildi ki, bu xanım qəbulda dəfələrlə olub, ona rəsmi cavab da verilib: “Vakansiyanın olmamağı ilə bağlı rəsmi cavab verilib. Kimisə işdən çıxarıb onu işə qoymaq olmaz axı. O 2000 manat rüşvətin istənilməsi ilə bağlı fikirlər səsləndirib. Xanım şər-böhtan atır. Heç bir qəbulda da sizə dediyi məsələni deməyib. Sadəcə o bağçada çalışmaq istəyir. Doğrudur, iş üçün müraciət edənlər olur. Onlar da bu kimi vəzifələrdə püşkatma ilə işə alınır. Vətndaşlar dəvət olunur, püşk atılır. Xanım 2000 rüşvət məsələsini qaldırır ki, marağ cəlb etsin”.
Uşaq baxçaları, xəstəxanalar, təhsil müəsisələrnə xadimə, kuryer və sair vəzifələrə Yevlax İcra Hakimiyyətinin işçi götürmək səlahiyyəti varmı? Xadiməni işə həmin müəssisələrin özləri qəbul etməsinə kim mane olur? Püşkatma ilə işə qəbul səlahiyyətini Yevlax İcra Hakimiyyətinə kim verib? Bu kimi püşkatama ilə işəgötürmə hüquqi baxımdan qanunidirmi?
“İşçini lotereya və ya püşkatma yolu ilə götürmək qadağandır”
Əmək Hüquqları üzrə tanınmış ekspert, hüquqşünas Azər Quliyev dedi ki, işə qəbul etmək, əmək müqaviləsi bağlama səlahiyyətili işəgötürənlə vətəndaş arasında olur: “Bu özəl və dövlət müəsisələrində də eynidir. Əgər boş ştat varsa, o zaman işə qəbul imtahan və müsahibə yolu ilə qəbul olunur. Bu zaman imtahandan yüksək bal toplamış şəxs işə qəbul olunur. Amma işçini loteriya və ya püşkatma yolu ilə götürmək qadağandır. Fikirləşirəm ki, bu birbaşa qanun pozuntusudur. Məsələn, işə kim götürməlidir?
Əlbəttə yüksək zəkaya sahib olan adam cəlb oluna bilər. Xanım deyir ki, icraya müraciət etmişəm. Əslində o məşğulluq xidmətində növbəyə durmalıdır. İdarədə vakansiya olanda göndərir. Kim harada işəgötürülürsə ora ilə müqavilə bağlanır”.
Hüquqşünas qeyd edib ki, son dövrlərdə bir çox idarələr hamısı hüquqi şəxsdir: “Təhsil Nazirliyinin tərkibində olan məktəblrin hamısı əvvəllər hüquqi şəxs idi. Hüquqi şəxs olduğuna görə, məktəb direktoru işçini özü işə qəbul edirdi. İndi isə məncə məktəblər də hüquqi şəxs deyil. O halda onları Təhsil Şöbəsi idarə edir. Amma aşağı vəzifələri, elə tutaq ki, xadimə vəzifəsinə işçini məktəb direktoru götürür. Praktikada kuryer, xadimələri elə müdirlər özləri işə götürür”.
Xatırladaq ki, başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Yevlax Rayonu İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin yaxın qohumudur. Anar Tağıyevsə, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.
Bir müddət əvvəl Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin külli miqdarda pulunun oğurlanması ilə bağlı mətbuatda materiallar öz əksini tapıb. Qeyd edilirdi ki, başçının köməkçisinin otağından 50 min manat pulun Memarlıq şöbəsinin mütəxəssisi Elnur Məmədovun oğurlayıb və günahını etiraf edib.
Maraqlı orasıdır ki, adətən son vaxtlar bu qədər məbləği icra hakimiyyətlərindən DTX əməkdaşları tapırlar.
Regionnews.az
Fotoları təqdim edirik
Tarix: 8-03-2021, 09:49