…Bir neçə dəqiqədən sonra tamam fərqli məkana daxil oluruq: parça-parça olmuş asfalt, yöndəmsiz hala düşmüş yol, dağıdılmış bir və ikimərtəbəli boz evlər, dizdən yuxarı qalxan saralmış otluqlar…Evlər var ki, yerlə yeksan olub, otların altında qalıb. Bəlkə də, yaz aylarında bu mənzərə yaşıllıqlar içərisində başqa cür görünür.Amma bütün hallarda 28 ildir insanların tərk edilməyə məcbur olduqları məskəndə bütün canlı aləm tək kollardan və uçuq evlərin divarlarını dəlib boy atan ağaclardan ibarətdir.1993-cü ilin 23 avqustunadək burada həyat vardı, insanlar yaşayırdı, təsərrüfatla məşğul olurdu, uşaqlar həyətdə oynayırdı. 28 il əvvəl həyətlərdəki uşaq səslərini avtomat şaqqıltısı, top gurultusu və asfaltı əzib yararsız hala salan hərbi maşınların uğultusu əvəz etdi.Bundan sonra ətrafa dərin sükut çökdü, çünki o gündən sonra burada kimsə yaşamadı. Cəbrayıllılar doğma yurdlarından didərgin salındılar, Azərbaycanın 58 rayonunda 2000-ə yaxın məntəqədə məskunlaşdılar.
2016-cı ilin aprelində işğaldan azad olunmuş Lələtəpə yüksəkliyi istiqamətindən Cəbrayıl rayonuna doğru irəliləyirik. Cəbrayılın yalnız bir kəndi – Cocuq Mərcanlı 1994-cü ildə azad edilib, Lələtəpə strateji yüksəkliyi də geri qaytarıldıqdan sonra kənddə yaşayış bərpa olunub.
Amma bu il sentyabrın 27-dən bəri Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl şəhəri də daxil olmaqla, rayonun əksər kəndləri Ermənistan Silahlı Qüvvələrindən təmizlənib.
İlk qarşımıza çıxan
Şəybəy Quycaq kəndidir. Bu kənd yuxarıda təsvir etdiyim reallığın ilk nümunəsidir. Yəni, burada onilliklərlə həyat olmayıb.
Avtobusumuz yöndəmsiz yolla irəlilədikcə işğaldan azad olunmuş kəndlərin yerləşdiyi istiqamətləri göstərən lövhələr arxada qalır:
Böyük Mərcanlı, Mehdili, Əmrivarlı, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Soltanlı, Göyərçinveysəlli…
Bəlkə də, bir zamanlar bu yurdları bir-birindən ayırmaq olardı, indi isə onlar yalnızca üstündə adları yazılmış mavi lövhələrlə fərqlənirlər. Bütün kəndlər bir-birinin eynidir: uçuq evlər, təsərrüfatlar, köhnə divarlar arasından boylanan ağac budaqları, ilin fəslinə uyğun saralmış otlar.
Qəbristanlıqlar da dağılıb, baş daşlarının əksəriyyəti sındırılıb, aşırılıb. Salamat qalanlar ot-ələf içərisində itib-batıb. Ərazidə xidmət aparan hərbçilər “marşrut”dan çıxmağa, dağıntılara yaxın getməyə icazə vermirlər: minaların, digər partlayıcı sursatların olması təhlükəsi var, əvvəl ərazilər təmizlənməlidir. Ona görə, hələ ki kənardan müşahidə aparırıq.
Cəbrayılda evlərin 90 faizi dağıdılmış olsa da, bəzən yeni tikiliyə rast gəlmək mümkündür. Bunlarda isə azərbaycanlıların yaşamadığı dəqiqdir. Elə sahələr var ki, becərilib, üzüm tənəkləri əkilib. Adda-budda sahələrin suvarılması üçün qurğular, hətta fermer təsərrüfatları gözə dəyir.
Hərdən işğaldan öncə salınmış üzümlüklərə rast gəlinir, amma anlaşılır ki, bunlara son dəfə azı 28 il əvvəl qulluq göstərilib. Ümumilikdə isə kəndlərdə yaşayış yox dərəcəsində olub. Yeganə istisnalar bu dediyim tikili və təsərrüfatlar, bir də hərbçilər üçün qərargah, kazarma və şəhərcikdir.İşğaldan öncə Cəbrayılda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib. İndi onların heç birindən əsər-əlamət qalmayıb.
Ancaq…
Cəbrayıla həyat qayıdır! Mülki geyimdə insanlar və nəqliyyat vasitələri görünür. Onlar işıq dirəkləri basdırırlar. Bir qədər qabaqda mobil şəbəkə avadanlığı quraşdıran ustalara da rast gəlirik. Onlar bu yerlərə gəlib çıxmış jurnalistə təəccüblə baxırlar.
Qubadlı: Cəbrayıldan fərqli olaraq, ermənilər Qubadlını fəal məskunlaşdırırdılarCəbrayılın kəndlərini birləşdirən magistralın sonunda yol ikiyə bölünür: sola döngə Zəngilana, düzünə yol Qubadlıya aparır. Biz öncədən cızılmış marşrutla Qubadlıya gedirik.
İlk kənd
Balasoltanlı kəndidir. Cəbrayıl haqqında dediklərimizin çoxu Qubadlıya da aiddir: burada da əsasən çay daşlarından tikilmiş evlər və təsərrüfat sahələri dağılıb, asfalt köhnə və yöndəmsizdir. Yol kənarlarında müxtəlif vaxtlarda kəsilmiş ağacların kötükləri qalıb. Qəbristanlığın da aqibəti eynidir. Qəbirlərə yaxınlaşa bilməsək də, onlardan bəzilərinin açıldığını kənardan görmək çətin deyil. Görəsən, nəylərinə lazımmış?..
Ancaq Cəbrayıldan fərqli olaraq, Qubadlıda işğaldan sonra tikilmiş xeyli yaşayış evinə rast gəlmək mümkündür. Kəndlərdə erməni hərbçiləri ilə bərabər, mülki əhali yaşayıb, hətta xeyli xidmət obyekti işə salınıb. Ərazidə məskunlaşdırılmış erməni əhalisi əsasən heyvandarlıqla məşğul olub. Qubadlının Laçın istiqamətindəki əksər kəndlərdə mağazalar, telefon və mobil nömrə satışı dükanları, yanacaqdoldurma məntəqələri mövcuddur, orta məktəblər fəaliyyət göstərib. Laçınla həmsərhəd olması rayona xüsusi diqqət tələb edib. Burada son illər salınmış böyük hərbi şəhərcik də var.
Qubadlıdan Laçına gedən yolRayonun ən sonuncu – Laçınla həmsərhəd
Muradxanlı kəndində yerləşən məktəb binasında hərbi hazırlıq sinfinə daxil oluruq. Burada şagirdləri sanki hərbi akademiyaya daxil olmaq üçün hazırlayırmışlar.
Silahların texniki göstəriciləri, partlayıcıların tərkibi, toplar və raketlər barədə detallı bilgilər, səngərlərin qazılması texnologiyası, təhlükəsizlik zonalarının yaradılması haqqında məlumatlar və s… Sinif otağının divarlarından bütün bunları əks etdirən şəkil və plakatların asılması məhz belə deməyəəsas verir.
Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü ildə işğala məruz qaldı. Bugünədək 30 min nəfərdən artıq Qubadlı sakini respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşıb. Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.Qubadlı oktyabrın 20-də Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğaldan azad edilib.
Rayonun ərazisi hələ də atəşə tutulur, çünki o, Laçınla həmsərhəddir və döyüşlər bu istiqamətdə davam edir.
Gündüzü “boz”, gecəsi “ağ” olan bu yurdlarCəbrayıl və Qubadlının azad edilmiş məntəqələrinə baş çəkdikdən sonra geri qayıdırıq. Bərbad vəziyyətdə olan yolla gün işığında getmək asan deyil, o ki qalsın gecə: mülki təyinatlı nəqliyyat vasitəmiz indi daha çətinliklə hərəkət edir. Aydındır ki, yolda işıqlar hələ qurulmayıb. Ətrafa tam qaranlıq və səssizlik çöküb. Bu səssizliyi ara-sıra hərbi maşınların səsi pozur. Dağıntılara məruz qalmış kəndlərdəki evlər zülmətdə ağ təpələri xatırladır. Maşın işığında sarı otlar parıldayıb tez də sönür.
Bu mühit adamda sözlə ifadə edilməyəcək dərəcədə psixoloji gərginlik yaradır. Sanki hansısa bir qüvvə səni çiyinlərindən aşağıya doğru basır. 28 il burada gecəli-gündüzlü belə bir atmosfer hökm sürüb. Sizə təqdim etdiyimiz istisnaları çıxmaqla, həmin illər ərzində burada həyat olmayıb. İstisnalar isə atmosferin gərginliyini daha da artırmağa, qabartmağa xidmət edib.Gündüzü “boz”, gecəsi “ağ” olan bu yurdlar artıq azadlıqdadır! Əsas olan da budur.
Həyat bu torpaqlara qayıdır. Qubadlıda olarkən Bakıdan bir neçə zəng gəldi. Rahat danışdıq.
Seymur Kazımov
Tarix: 4-11-2020, 10:45