Tərtər istiqamətində düşmənin atəş nöqtələri susdurulub – rayon bu an


Artıq doqquzuncu gündür ki, ön cəbhədə əsgərlərimiz fədakarcasına döyüşür. Düşmən Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və məğlubiyyətə düçar olur.
Məğlubiyyəti həzm edə bilməyən Ermənistan təsəllini Azərbaycan şəhərlərini, kənd və qəsəbələri vurmaqla tapır. Döyüşlərin getdiyi ərazilərdən 100-300 kilometr aralıda yerləşən şəhərlərlə yanaşı, bilavasitə yaxınlıqdakı Tərtər şəhəri, ətraf yaşayış qəsəbələri intensiv olaraq top, raket atəşinə tutulur.
“Yeni Müsavat” Reportyor Qrupu xəbər verir ki, ötən gün axşam saatlarına qədər düşmən bu istiqamətdə atəşi davam etdirib.
Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğlu yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb. Düşmənin atəş nöqtələri dəqiq atəşlərlə susdurulub. Hazırda atışma səsləri eşidilmir. Ötən günlər ərzində Tərtər rayonuna 10 minə yaxın mərmi atılıb və raket zərbəsi endirilib. Əsasən Kəlbəcər və Laçın köçkünlərinin məskunlaşdığı Şıxarx qəsəbəsində yaşayış binaları ilə yanaşı, məktəb binaları, uşaq bağçası, mağazalar və digər inzibati binalar dağılıb.
Bundan əvvəlki günlərdə qəsəbədə mərmi partlayışlarından ölənlər olsa da, dünən hər hansı bir itki qeydə alınmayıb.
Tarix: 5-10-2020, 08:55
Xəbəri paylaş



Xəbər lenti