"Avey" tarix-mədəniyyət qoruğu məhv edilir - Partiya rəsmisindən Ekologiya nazirinə ittiham/Foto


"Avey" tarix-mədəniyyət qoruğu məhv edilir -  Partiya rəsmisindən Ekologiya nazirinə ittiham/Foto
Daş Salahlı Qazaxın Ermənistanla sərhəd kəndidir. Həm ərazi, həm də əhali sayına görə ən böyük kənddir. Kənd kürəyini Avey dağına söykəyib illərdir yaşayır. Azərbaycandakı olan bir çox qoruqlar kimi Avey dağına da illərdir Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qoruq adı verilib. Dağın zirvəsindəki tarixi Alban kilsəsi, suyu qurumaqda olan Damcılı bulağı, bir çox mağaralar tarixi və təbiət abidələri kimi qorunurdu. Lakin bir neçə ildir ki, Avey dağının ətəyində inşa olunan "Akkord" Sement Zavodu Avey dağını, onun zirvəsindəki abidələri məhv etməkdədir.

Respekt.az xəbər verir ki, bunu Turan Partiyası Qadınlar Təşkilatının rəhbəri Aytən Əliyeva bildirib.

Onun sözlərinə görə, dağın ətrafında bir çox daş karxanaları fəaliyyət göstərir: "Bu karxanaların fəaliyyəti nəticəsində Avay dağı əriyib məhv olmaqdadır. İllərdir bu dağda daşları kəsib satırlar. Nə Avey qoruğundan, nə də qalın Ağ dərə meşəsindən əsər-əlamət qalmayıb.Uşaqlığım keçən o yerlərdə nə turacın, nə də gecələr meşədə oxuyan anadilin səsi gəlir".

Aytən Əliyeva bildirib ki, durmadan kəsilən daşların aşağı axan toz selinin altında qalan qaratikan kollları hamısı məhv olub: "Hər tərəf toz-torpaqdır. Sanki göydən ora toz yağıb. Karxanaların tozu kəndin saf havasını da zəhərləryib. İnsanlarla yana.ə meyvələr də xəstəlik tapıb".

Sonda partiya rəsmisi Ekologiya və Təbii Sərvətlər nazirinə müraciət edib: "Nazirliyin işi sərvət toplamaq yox, xalqa məxsus sərvəti qorumaqdır. Bu gün əsirlərin yadigarı olan Damcılı bulağı quruyursa, Ermənistanla sərhəddəki Avey dağı əriyib məhv olursa, tarixi və təbiət abidələri sıradan çıxırsa, bunun məsuliyyətini kim daşıyır?"

Onu da qeyd edək ki, bu ərazi Azərbaycanın ən qədim insan məskənlərindən sayılır. Avey dağında ermənilər tərəfindən tarixi saxtalaşdırılan “Avey məbədi” var. "Avey" dövlət tarix-mədəniyyət qoruğunda son illər arxeoloji tədqiqatlar da davam etdirilir.

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər naziri bu müraciətə biganə qalmayacaq və partiya rəsmisinin şikayəti araşdırılaraq, müvafiq tədbir görüləcəkdir.





Tarix: 19-09-2020, 16:38
Xəbəri paylaş



Xəbər lenti