Azərbaycanın dördyol ayırıcı: O gözəlliyi itiririk...


Azərbaycanın dördyol ayırıcı:                 O gözəlliyi itiririk...
Meşələr məhv edilib, su hövzələri quruyub, heyvanların kökü kəsilib
 
Ağdaş rayonu ölkənin demək olar ki, mərkəzində yerləşir. Yəni, Ağdaş rayonundan ölkənin şimal, cənub, şərq, qərb istiqamətlərinə rahatlıqla hərəkət etmək olar. Digər tərəfdən, ta qədimdən Ağdaş karvan yollarının keçdiyi, kəsişdiyi bir ərazi olub.
 
Bundan əlavə, rayon olduqca mürəkkəb relyefə məxsusdur. Belə ki, rayon həm dağlıq, həm də düzənlik relyefdən ibarətdir. Şimalda dağlıq ərazi Qəbələ rayonu ilə həmsərhəd və maraqlı təbiət abidələrinə malikdir. Qarışıq rənglərin harmoniyasından doğan möhtəşəm təbiət tabloları rayona xüsusi gözəllik bəxş edir.
 
Hətta, SSRİ vaxtı “Azərbaycanfilm”ə məxsus bir neçə film də, zaman-zaman Ağdaşın həmin ərazilərində çəkilib. Çünki həmin dağlara baxarkən, insan istər-istərməz tarixin dərinliklərinə baş vurur və təbiətin ağuşunda özünü itirir. Yəni, insan o dağların qoynunda hansı dövrə, hansı zamana aid olduğunu bilməkdə bir növ çətinlik çəkir. Dağlarda əksini tapan qarışıq rənglər, meşələrdə nadir bəstəboy ağacların ahəngi, vəhşi nar bağları, yumurtaya bənzər hamar qayalar və təbiətin qarışıq vəhdəti insanı daim düşünməyə vadar edir. Digər tərəfdən, ölkənin ən iti axan çayı - Türyançay çayının sağ sahili də məhz Ağdaşdan keçir.
 
Tarixə nəzərə salanda onu da görərik ki, ilk Ümumdünya Pampıq Qurultayı da, məhz Ağdaşda keçirilib. Hətta, Ağdaşın pampıq ehtiyyatı o qədər zəngin olub ki, xarici ölkələrin də pampıq tələbatını ödəmək iqtidarında olub.
 
Ağdaşın zəngin torpaqları olsa da, lakin zaman keçdikcə bu torpaqların bir qismi qanuni və qeyri-qanuni yollarla satılıb, özəlləşdirilib. Yerdə qalan torpaqlar isə baxımsızlıq ucbatından və suvarma şirə kanallarının düzgün çəkilməməsi, vaxtı-vaxtında baxılmaması nəticəsində şoranlaşıb və öz təbii keyfiyyətini itirib. Nəticədə həmin torpaqlar ən baxımsız və lazımsız torpaq kateqoriyalarına daxil olub. Hətta, vəziyyət elə həddə çatıb ki, bu gün həmin torpaqların keyfiyyətini geri qaytarmaq üçün həm həddindən artıq maliyyə vəsaiti, həm də böyük vaxt lazımdır.
 
Bundan əlavə, Ağdaşın cənub-qərb istiqamətindən Kür çayı axır. Kür çayının sahilində bir zamanlar sıx meşələr olub və bu meşələrdəki ağacların hündürlüyü nağllarda deyildiyi kimi, az qala buludlara gedib çatırdı. Hətta, qış aylarında Günəş ağacların arxasında əyilərkən, qəribə bir mənzərə də yaranırdı. Belə ki, Günəşin o ağacların arxasında itdiyini aydın şəkildə görmək olurdu.
 
Lakin 2020-ci ilə qədəm qoymağımıza baxmayaraq, həmin ərazilərə hələ də təbii qaz xətlərinin çəkilməməsi nəticəsində ağaclar məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Meşələr demək olar ki, yoxa çıxıb və tükənməyə məruz qalıb. Nəticədə həmin ağacların yerində kol-kos və cır nar ağaclarının kolları baş qaldırıb. Bununla da, Ağdaşın ən böyük sərvəti olan kürqırağı meşələr, qaz xətlərinin çəkilməməsi ucbatından talanıb və məhv edilib.
 
Bir zamanlar Ağdaşın elə bir su hövzəsi yox idi ki, orada balıq ehtiyyatı olmasın. Hər hansı bir şirə kanalının kənarına gələndə, suyun dibində minlərlə balıq növlərinin dövrə vurduğunu görmək olardı. Lakin zaman keçdikcə ekoloji baxımdan sahibsiz qalan Ağdaşın su hövzələri zəhərləndi və bütün balıq ehtiyyatı sıfıra endirildi. Artıq rayonda elə kanallar, arxlar və çaylar var ki, hətta, orada qurbağalar belə, yaşamır. Balıq ehtiyyatının məhv olması ilə bərabar, müxtəlif növ quşların, ördəklərin, qazların, porsuqların, oxatan kirpilərin və dovşanların da Ağdaş zonasında demək olar ki, kökü kəsilib.
 
Bundan əlavə, Ağdaş deyəndə ağla gələn ilk görüntülərədn biri ucaboy, əsrlərlə yaşı olan çinar ağaclarıdır. Lakin bu gün, həmin ağaclar yeni-yeni fəaliyyətə başlayan iaşə obyektləri səbəbindən kəsilir və tükənməyə məruz qalır. Təəssüf ki, ölkə ərazisində flora və faunanın kökünün kəsilməsi Ağdaş rayonunun təbiətində və ekologiyasında da müşahidə olunur və hələ də problem öz həllini tapmır...
Müəllif: Mərahim Nəsib  
Tarix: 14-09-2020, 08:11
Xəbəri paylaş



Xəbər lenti