Böyüyən kəmiyyətin içində kiçilən keyfiyyət – Bura VƏTƏNdir


Böyüyən kəmiyyətin içində kiçilən keyfiyyət –     Bura VƏTƏNdir
Bura elə bir yerdir ki, nə gəlmək mümkündür, nə də getmək, burada sadəcə mövcud olmaq olur
 
Tez-tez bu gözəl məmləkətin hər tərəfini söküb-tikirlər. Tikənlərin sonradan yadına düşür ki, nəyisə düz etməyiblər. Yenə başlayırlar sökməyə-tikməyə. Hər dəfə bu söküntü və tikintilər şəhərin onsuz da bitib-tükənən estetikasına növbəti zərbəni vurur və yaşamağın dözülməz olduğu şəhərlərdən birinə çevirir. Bir zamanların orta əsrlər sayağı yığcam və səliqəli, nağıllar diyarına bənzəyən şəhərindən geriyə qalan isə, öz təbiətinə zidd olaraq hissə-hissə tarixə dəfn edilməsidir.
 
Yaxşı ki, tarixi sənədləşdirən və onu əbədiləşdirməyə özündə güc tapa bilən möhtərəm insanlar var. Yoxsa, kimin ağlına gələrdi ki, hazırda xaotik düzəni xatırladan bu yerdə, bir zamanların ən yaraşıqlı şəhərlərindən biri yerləşib.
 
Xeyr, söhbət Bakıdan deyil, Ağdaşda gedir. Zarafat deyil, hazırda Ağdaşın mərkəzində yerləşən qədim karvansaranın qalıqları içində özünə yer etməyi bacarmış plazma lövhəli bərbərxanalar, bir manatlıq dönərxanalar, ucuz ətir və aksesuar dükanları fəaliyyət göstərir. Bir də bu karvansaranın arxasında hər dövrün öz bədbəxt uşaqları üçün yığışıb dərdləşməyə “Bələdiyyə” çayxanası, qarşısında isə uğursuz “manıs”ların müştəri tutmaq üçün münbit yeri sayılan “Muğam” çay evi yerləşir.
Ağdaş rayonu | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Çayxanların ortasında, bu məşum vəziyyətə baxıb qəhərlənən Füzulinin heykəli dayanır. O Füzuli ki, üç dildə düşünməyin əzabını bir az da bu şəhərdə çəkir. Bəlkə də bura yeganə yerdir ki, bir dahinin heykəlini sənət yox, çayxanalar ağuşuna alıb. Amma Füzuli bu şəhərin yeganə simvolu deyil. O ərazidən çox yox, cəmi 2 kilometr aralıda, Şərqlə Qərb qədər bir-birinə ziddiyyət təşkil edən mənzərələr də var.
 
Bir tərəfi insansızlıqdan, o bir tərəfi isə yetərincə çox insanın olmasından sıxılan bu şəhər, həm də insanlarının yüksək tolerantlığı ilə seçilir. Əbəs yerə deyil ki, ölkənin heç bir yerində özümü bu qədər təhlükəsiz və güvəndə hiss etməmişəm. Amma təəsüf ki, bu şəhər öz insanları qədər dözümlü deyil.
 
Hər dəfə Ağdaşa ayaq basanda burnuma avtobus dayancağının yaxınlığında yerləşən bazardan balıq iyi gəlir. Onu da qeyd edim ki, mərkəzində bazar fəaliyyət göstərən yeganə şəhər, yaxud rayon Ağdaş deyil. Bilmirəm, nə sirdir, amma Azərbaycanın əksər rayonlarında bazar mərkəzi hissədə yerləşir.
 
Lakin nəqliyyat vasitələrinin çox olduğu həmin bu ərazidən qaçıb, az da olsa, dinclik tapdığım yeganə yer - karvansaray ərazisi də gündən-günə böyüyən bürokratiyanın caynağında zaman-zaman kiçilib balacalaşsa da, hüzurlu küçələrində doyunca gəzib təsəlli tapmağa çalışıram. Ona görə də heç bir yerdə tapmadığım rahatlığı, məhz doğma yurdda tapır və ilk fürsəttə ehtiyacı varmış kimi özümü yetirirəm.
 
Yəqin ki, gələcəkdə bu ərazilər tarixin vərəqlərinə köçürülmüş şəkillərdən başqa bir şey olmayacaq. Gələcək nəsillər də bu şəhəri olduğu kimi xatırlamayacaq. Amma əminəm ki, yaşadığım hisslər çiyinlərimə həkk olunan pozulmaz yazılar kimi qiyamətə qədər mənimlə yaşayacaq.
 
Bir də Ağdaş-Qəbələ yolunda, Ağdaşın simvolu sayılan məhşur dəvələrin dayandığı yer var ki, o dəvələr də hələ oradadır, heç bir yerə getməyib. Çünki Ağdaş elə bir yerdir ki, ora nə gəlmək olur, nə də oradan getmək. Orada yalnız mövcud olmaq olur. Elə bizim kimi!
Müəllif: Mərahim Nəsib 
Tarix: 6-09-2020, 22:42
Xəbəri paylaş



Xəbər lenti