İsveç Avropada vətəndaşlarına evdə qalmağı əmr etməyən yeganə ölkədir. Məktəb və universitetlər əvvəlki kimi şagird və tələbələri qəbul edir, restoran və barlar müştərilərlə doludur, mağazalar hər gün açıqdır, dövlət idarələri isə adi qaydada işləyir.
“Lakin İsveç krallığının Finlandiya, Norveç və Danimarka kimi qonşuları tərəfindən tənqid olunan bu siyasəti iki faktora əsaslanır.
Birincisi, ölkə konstitusiyası hökumətə fövqəladə vəziyyət rejimini yalnız müharibə halında tətbiq etməyə icazə verir. Yəni COVİD-19 kimi epidemiyalar vətəndaşların hərəkətlərinin məhdudlaşdırılması üçün şərtlərə daxil deyil. Buna görə də, ölkənin baş naziri, sosial-demokrat Stefan Löven ölkənin səhiyyə orqanlarına pandemiya ilə mübarizə səlahiyəti verməklə kifayətlənməli olub”,-deyə Fransanın “Le Figaro” qəzeti yazır.
İkincisi, İsveç pandemiya məsələsində qəribə “passivlik” siyasətini seçib.
Belə ki, ölkənin İctimai səhiyyə agentliyinin rəhbəri Anders Teqnell populyasiya immuniteti adlanan kütləvi müalicə yoluna baş vurub. Bu üsul vaxtilə Hollandiya və Böyük Britaniyada tətbiq olunmaq istənilsə də, yerli hökumətlər ictimai təpkidən çəkinərək belə bir adddıma getmədilər və karantin rejiminə üstünlük verdilər. Lakin rəsmi Stokholm əvvəlcədən tutduğu yoldan vaz keçməyib.
Xatırladaq ki, bu cür praktika epidemiyanı əhalinin əksər hissəsində yaymaqla virusa qarşı antibədənin inkişafı ilə onu dayandırmağı nəzərdə tutur.
“Anders Teqnelin strategiyası ölkənin səhiyyə sisteminin gücünə inam olduğu İsveçdə öncə ictimai dəstək qazanıb. Lakin daha sonra bir çox alimlər həmin siyasətin yanlış olduğu və kütləvi qurbanlara gətirib çıxaracağı barədə fikirlər səsləndirməyə başlayıblar”, deyə yazıda bildirilir.
Məlum olduğu kimi, hələ aprel ayının 15-nə olan vəziyyətə görə 10,2 milyon əhaliyə malik İsveçdə 11 mindən insanda koronavirusla yoluxma halı, 919 ölüm hadisəsi qeydə alınıb. Müqayisə üçün həmin vaxta qədər 5,6 milyonluq Danimarkada sadəcə 6469 yoluxma və 285 ölüm vaqiəsi olduğu bildirilir. Üstəlik paytaxt Kopenhagendə artıq karantin rejiminin tədricən aradan qaldırılması düşünülür.
“Bütün bunlara görə olduqca qayğılanan İsveç baş naziri Stefan Löven hətta sərt tədbirlərə əl atmağın vaxtını gəlib çatıdığını bildirib. Buna rəğmən Anders Teqnell və onun ardıcılları fikirlərindən dönmürlər. Onlar ”COVİD-19”-a azadlıq verildiyi təqdirdə, hələ də insanların və ölkə iqtisadiyyatının daha az zərərə uğrayacağına əmindirlər. Yalnız gələcək hansı strategiyanın daha doğru olduğunu göstərəcək”, deyə məqalənin sonunda qeyd olunub./Musavat.com/