Dünya siyasətində böyük oyunçuların yerləri və missiyalarının dəyişib-dəyişməyəcəyi, yaxın gələcəkdə ABŞ-Rusiya, ABŞ-İran rəqabəti, yoxsa ABŞ-Çin mübarizəsinin daha qabarıq olacağı, Amerikanın özünə başqa hansı ölkəni rəqib elan edib-etməyəcəyi analitiklərin müzakirə mözularından birinə çevrilib.Bu barədə fikirlərini musavat.com-la bölüşən politoloq Qabil Hüseynli bildirdi ki, dünya düzənində böyük oyunçular əvvəl kimlər olubsa, yenə də onlar olacaq: “Sadəcə, həmin oyunçuların təsir gücü baxımından sırlanmasında dəyişiklik olması ehtimalı yüksəkdir. Koronavirusun dərmanını, vaksini tapıb dünyaya təqdim edən dövlətin mövqeləri də güclənəcək. Dünyada yenə də ən böyük oyunçu ABŞ olacaq. Amerika ilə Çin arasında onsuz da xeyli vaxtdır gedən rəqabət daha da dərinləşəcək. ABŞ-Çin rəqabəti ABŞ-Rusiya, ABŞ-İran rəqabətini üstələyəcək. Rusiya ilə İranın zəifləməsi, Çinin isə güclənməsi prosesi gedir. Çin faktiki olaraq Amerikanın qarşısında ən böyük güc kimi çıxmaqdadır. Bu baxımdan qarşıdakı dövrdə Vaşinqtonun əsas diqqətində, hədəfində Çinin olacağı gözlənilir. ABŞ-ın hər hansı ölkəni özünün rəqibi elan etməsinə ehtiyac yoxdur və bunu açıq edəsi də deyil. Görünən dağa nə bələdçi? Gedəcək rəqabət, mübarizə hər şeyi ortaya qoyacaq. Hesab edirəm ki, bu gün koronavirusun ABŞ-a böyük zərbələr vurmasına baxmayaraq, dünyanın yeni konfiqurasiyasında o, yenə də həlledici rolu oynayacaq”.
Politoloq Məhəmmdə Əsədullazadə isə bildirdi ki, koronavirus pandemiyası dünya siyasi nizamının dəyişməsində mühüm rol oynayır və oynayacaq: “Artıq ABŞ ÜST-ə maliyyəni dayandırb və digər beynəlxalq təşkilatları əhəmiyyətsiz hesab edərək öz mövqeyinin güclənməsi və beynəlxalq nizamda öz mövqeyinin qorunması istiqamətində işlər aparır. Bu istiqamətdə ABŞ dövlət katibi çoxlu işlər görür, qeyri-rəsmi səfərlər edərək, Çinlə və digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşür, ABŞ-ın rolunu önə çəkir. ABŞ bu pandemiyadan sonra çox güclü şəkildə çıxmağı hədəf götürüb, Çini və Rusiyanı cəzalandırmağı planlayır. Çünki hər iki ölkə ABŞ -ın fövqəldövlət rolunun azaldılması üçün çox ciddi siyasi-hərbi və iqtisadi planlar həyata keçirir. ABŞ-ın “Taliban”la sülh sazişi, Yaxın Şərqdə öz mövqelərini gücləndirmək üçün atdığı addımlar dünya siyasi nizamına öz təsirini göstərməkdədir. Hesab edirəm ki, ABŞ üçün əsas strateji hədəf Çindir. Çünki Rusiya və İrana qarşı sanksiyalar bu ölkənin iqtisadi fəallığını azaldır. Amma Çin kimi iqtisadi nəhəng birbaşa əks hücumla ABŞ cavab verir. Ona görə də yeni siyasi missiyada ABŞ və Çin arasında çox ciddi konfontasiyaların yaşanacağını istisna etmirəm. Rusiya ilə Yaxın Şərqdə və Şərqi Avropada yaşanan böhranda Vaşinqton Kremlin mövqelərini zəiflədəcək. İran onsuz da iqtisadi kollapsdadı. Neft qiymətlərinin düşməsi İran və Rusiyanı əhəmiyyətli valyuta axınından məhrum edib. İrana qarşı sanksiyaların ciddi ölçüdə davam etməsi bu ölkəni taqətdən salıb. Göründüyü kimi, ABŞ Rusiya və İranla uzun müddətdir çox ciddi mübarizə aparır və hər iki ölkəni xeyli zəiflədə bilib. Çinlə isə indiyə qədər olan rəqabət Çini zəiflədə bilmir. Çinin Afrika, Mərkəzi Asiyada və Yaxın Şərqdə iqtisadi layihələri Vaşinqtonu ciddi narahat etməkdədir. Ona görə də post-pandemiya dövrü ABŞ və Çin arasında soyuq müharibənin davam edəcəyi, hətta hər iki tərəfin hərbi müstəviyə əl ataraq bir-birlərinə qarşı əzələ nümayişi etdirəcəyi mümkündür”.
Politoloq onu da dedi ki, ABŞ Avropaya, demək olar ki, nəzarət edir: “Koronavirus Avropaya çox ciddi mənfi təsir etdi. Avropanın ABŞ ehtiyacı olacaq. ABŞ-a qarşı hər hansı Avropa ölkəsinin çıxacağını düşünmürəm. Donald Trampın son vaxtlar ortaya qoyduğu mövqedən, bəyanatlardan və atdığı addımlardan da görünür ki, Amerika dünya nizamında yeni qaydalar tətbiq edəcək”.
Tarix: 17-04-2020, 20:35