Bu ilin noyabrında Amerikada prezident seçkiləri keçiriləcək. Hazırkı prezident Donald Trampın ikinci dəfə qalib gəlib-gəlməyəcəyi ilə bağlı fərqli proqnozlara rast gəlirik. Ağ Evin sahibi olduğu son 3 il yarımda daim impiçment təhlükəsi ilə üz-üzə qalan Tramp üçün bu seçkilərin heç də asan keçməyəcəyi indidən açıq görünür. Doğrudur, dünyanı şoka salan koronavirus epidemiyası onun impiçment təhlükəsini arxa plana atıb. Trampın birinci prezidentlik müddətini başa çatdıracağına artıq kimsədə şübhə yeri qalmayıb.
ABŞ prezidentinin bu seçkilərdə əsas rəqibinin ölkənin sabiq vitse-prezidenti, demokratlardan Co Bayden olacağı indidən real görünür. O, son olaraq, Alyaska ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.
APA-nın xəbərinə görə, bu barədə Demokratlar Partiyasının ştatdakı ofisinin saytında məlumat yerləşdirilib.
Səsvermənin nəticəsində görə, C.Bayden səslərin 55.3 faizini toplayıb. Yarışdan geri çəkildiyini, ancaq adının bülletenlərdə qalacağını açıqlayan senator Berni Sanders isə səslərin 44,7 faizini toplayıb. Beləliklə, C. Bayden Alyanska ştatından 9, B. Sanders 8 nümayəndənin dəstəyini təmin edib.
Amerikada seçkilərin vaxtında, yəni noyabrda baş tuta bilməyəcəyi yönündə də fikirlərə rast gəlirik. Səbəb kimi də koronavirus göstərilir. Əgər dəhşətli virus noyabra qədər aradan qaldırılmasa, seçkilərinin vaxtının uzadılacağı qeyd olunur. Cərəyan edən bu proseslərin Trampın xeyrinə yoxsa ziyanına olduğu barədə də ən müxtəlif fikirlər səslənir. Çoxları indiki vaxtda seçkilər olarsa, Trampın qalib gələcəyini düşünür və seçkilərin vaxtının uzanmasının onun zərərinə işləyə biləcəyini vurğulayır.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyir ki, ABŞ seçkilərinin vaxtı barədə indidən bir söz söyləmək doğru olmaz: “Çünki koronovirus pandemiyası qorxunc səviyyəyə çatıb. Bir neçə ştatda erkən keçirilən seçkilər təxirə salınıb. Ona görə də, hələ ki, ilin sonunda baş tutmalı olan seçkilər keçirilməyə də bilər. Fövqəladə vəziyyətlərdə mümkündür ki, belə bir hal yaşansın. Qaldı ki, seçkiləri Trampın uduzub-uduzmamasına, böyük ehtimalla demək olar ki, Trampın təkrar seçilməsi mümkün olacaq. Respublikaçı namizəd tanınmayan bir vaxtda illərin siyasətçisi, demokratların ən güclü namizədi Hillari Klintona inanılmaz şəkildə qalib gəlməsi bir çox pronqozçuları çaşdırmışdı. 2016-ci ilin çətin siyasi ab-havasında hakimiyyətə gəlməyi bacaran Tramp üçün ikinci belə bir cəhd uğurla bitəcək. Üstəgəl, prezident bu ilki seçkilərə uzun müddətdir hazırlaşır, onu gücləndirən digər detal isə impiçmentlə bağlı prosesdən də itkisiz çıxması ilə bağlıdır. Növbəti dəfə güman ki, Trampın ən güclü rəqibi Obama dönəmində 8 il onun köməkçisi olmuş Co Bayden olacaq. Xüsusilə, senator Bernie Sandersin onun lehinə geri çəkilməsi faktı da var. Hazırda koronovirus pandemiyası ABŞ xalqında dərin tərəddüdlər doğurub. İqtisadi iflas, böhranlar, işsizlik Baydenin əyalətlərdəki seçkilərdə problemlə qarşılaşdığını da göstərir. Amerika əhalisi artıq siyasi şüarlara yox, namizədin cibinə, dollarına baxır. Tramp qarşısında rəqib düşərgənin belə bir şəraitdə gücü qalmır”.
Politoloq Məhəmməd Əsədullazadə Trampın seçilmə şanslarından danışdı: “ABŞ-dakı prezident seçkiləri dünya siyasi nizamının formalaşmasında mühüm faktordur. Ona görə də, bu ölkədə seçilən prezident dünya iqtisadiyyatı və siyasətinə güclü təsir edir. ABŞ seçkiləri daima diqqət mərkəzində olur. Prezident Trampın yenidən seçilmə şansı var. Onun ABŞ iqtisadiyyatını 4 il ərzində möhkəmləndirməsi daxildə ona müəyyən rəğbət formalaşdırıb, işsizlik kəskin azalıb. Amma, ölkə daxilində xüsusilə demokratların ona qarşı impiçment proseduru, Rusiya ilə əlaqələrinin araşdırılmsı onun reytinqinə müəyyən qədər mənfi təsir edib. İmpiçment proseduru arxada qalsa da, koronvirusun ölkə iqtisadiyyatına vurduğu zərbə və bu iqtisadi kollpsdan çıxmaq üçün atılan addımlar Trampın reytinqinə hələ mənfi təsir etmir. Demokratların namizədi olan Co Baydenin qələbəsi uğrunda demokratlar kifayət qədər gərgin işləyir. Eks-prezident Obama da Co Baydeni dəstəklədi. Göründüyü kimi ölkə daxilində bu seçkilər baş tutarsa, ən ciddi rəqabətdə keçəcək. Niyə baş tutarsa deyirəm, çünki, ölkədə koronovirus minlərlə can almaqdadır. Bu epidemiyanın lokallaşdırılması hələ ki mümkün deyil. İctimai həyata, iqtisadiyyata ciddi mənfi təsir edir. Seçkilər baş tutmaya da bilər. Ona görə də, noyabra kimi bu epidemiya davam edərsə, seçkilərin baş tutmama ehtimalları yüksək görünür. Trampın prezident müddəti uzana bilər. Qeyd edim ki, əgər, virus olmasa idi, Trampın yenidən seçilmək şansı var idi. Amma çox zidiyyətli bir şəxsdir və onun ikinci dönəm prezident seçilməsi ABŞ siyasətində və beynəlxalq siyasi nizamda ciddi dəyişikliklərə yol açacaq. Koronavirusu ABŞ yaya qədər önləyə bilərsə, Tramp milyardlarla vəsait ayırıb iqtisadiyyata stimul verəcək. Bu da onun seçki kampaniyasına müsbət təsir edəcək. Hesab edirəm ki, hazırkı durum onun əleyhinə işləyir. Ölkə iqtisadiyyatını canlandırmışdı, Çinlə və digər ölkələrə qarşı iqtisadi təzyiqləri ölkənin daxili inkişafına gətirib çıxarmışdı. Hazırda bu sistem dağılır, yeni sistemi qurmaq lazım olacaq. Məhz Tramp yeni sistemi qura bilər. Ona görə də, amerkalılar yenidən onu seçə bilərlər. Amma, ABŞ -ın maliyyə bossları Trampa qarşı ola bilərlər. Çünki, FED-lə AĞ Ev arasında ciddi mübarizə gedir. Tramp FED-lə AĞ Evi birləşdirmək istəyir. Bu da ABŞ maliyyə bosslarına sərf etmir. Hesab edirəm ki, bu seçki ABŞ siyasi tarixində ən önəmli seçki olacaq”./Musavat.com/