Deputat Aqil Abbasın tələbələrin yay tətilində Qarabağa gedərək tikinti işlərində könüllü çalışması ilə bağlı təklifi müzakirələrə səbəb olub. Deputat tələbələrin iki ay “avara gəzməkdənsə” faydalı işlə məşğul olmasının daha məqsədəuyğun sayıldığını bildirib. Lakin bu yanaşma cəmiyyətdə birmənalı qarşılanmayıb və bəzi ekspertlər tərəfindən sosial yükün yenidən vətəndaşların, xüsusilə də gənclərin üzərinə qoyulması kimi qiymətləndirilib.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasətçi Sərdar Cəlaloğlu deputatın mövqeyini sərt tənqid edib.
“İl boyu təhsil alan tələbələr davamlı imtahanlar, psixoloji gərginlik və zehni əmək yükü ilə üzləşirlər. Onların dünyagörüşünü artırmaq, səyahət etmək, mədəni tədbirlərdə iştirak etmək üçün demək olar ki, imkanları olmur. Yay tətili məhz bunun üçün nəzərdə tutulub”.
S.Cəlaloğlu bildirib ki, tələbələrin istirahət hüququnun məhdudlaşdırılması sağlam cəmiyyətin formalaşmasına zərbə vura bilər:
“Gənclərin əlindən bu imkanı almaq faktiki olaraq həmin nəslin inkişaf perspektivlərini məhdudlaşdırmaq deməkdir. Onsuz da ölkədə kifayət qədər sosial və psixoloji gərginlik mövcuddur. Bu şəraitdə tələbələr ən çox əziyyət çəkən təbəqələrdən biridir. Onların 1-2 aylıq istirahətinə göz dikmək mənə görə insanlıqdan kənar yanaşmadır”.
Siyasətçi hesab edir ki, dövlət əhəmiyyətli layihələrin icrası ilə bağlı məsuliyyət ilk növbədə aidiyyəti qurumların üzərinə düşür və bu məsələlər parlamentdə sistemli həll yolları ilə müzakirə edilməlidir. Onun fikrincə, sosial problemlərin həlli üçün davamlı mexanizmlər yaratmaq əvəzinə yükün vətəndaşların üzərinə yönəldilməsi doğru yanaşma deyil.