O zaman ölkəyə milyardlarla neft pulları axmırdı. Qarabağda qızğın müharibə gedirdi, paralel ordu qurulurdu. Elçibəy büdcəsi demək olar ki, boş olan dövlətə başçı gəlmişdi. Amma əhaliyə uşaqpulu verməyi özünün birinci dərəcəli işlərindən biri bildi.
"AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
N: 174
"Aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək, uşaqlara dövlət qayğısını artırmaq və büdcədən bu məqsədlərə ayrılan yardımların verilməsi qaydalarını sadələşdirmək məqsədi ilə qərara alıram:
1. Hal-hazırda qüvvədə olan müavinətlərin: hər bir uşağa doğulduğu aydan başlayaraq 16 (yaşına çatanadək (təqaüd almayan məktəblilər 18 yaşadək) ayda 100 rubl, yetkinlik yaşına çatmamış uşaqları olan ailələrə uşaq çeşidi malları almaq üçün hər uşağa ildə 250—400 rubl və şəhər və şəhər tipli qəsəbələrdə yerləşən ümumtəhsil məktəblərinin I—IV sinif şagirdlərinin hər birinə yemək əvəzi verilən ayda 45 rubl əvəzinə hər bir uşağa doğulduğu aydan başlayaraq 18 yaşa çatanadək vahid aylıq müavinət müəyyən edilsin.
2. Bu müavinət aşağıdakı həcmlərdə ödənilsin:
ailədə adambaşına düşən orta aylıq əmək haqqı minimum əmək haqqının iki mislindən aşağı olduğu halda minimum əmək haqqının 30 faizi məbləğində;
ailədə adambaşına düşən orta aylıq əmək haqqı minimum əmək haqqının iki mislindən üç mislinə qədər olduğu halda minimum əmək haqqının 20 faizi məbləğində.
Ailədə adambaşına düşən orta aylıq əmək haqqı minimum əmək haqqının üç mislindən yuxarı olarsa bu müavinət verilməsin.
3. Uşaq yaş yarıma çatanadək ona qulluq etməyə görə pulu qismən ödənilən məzuniyyətdə olan qadınlara gəlir səviyyəsindən asılı olmayaraq həmin müavinət yaş yarıma çatmamış hər uşaq üçün minimum əmək haqqının 60 faizi məbləğində müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası ilə əlaqədar müvafiq qərar qəbul etsin.
5. Bu Fərman 1992-ci ilin oktyabr ayının 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 7 sentyabr 1992-ci il.·
Aydın Qasımlı