
“Deyilənlər olsa, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri gələcək Prezident seçkilərində “Milyarderlər İttifaqı”nın namizədi olacaq. Əli İsa Cabbarov kimdir? AKİ-də bir-iki günə seçkilər keçiriləcək. Sədrlik uğrunda mübarizə pik həddə çatıb; tərəflər, qruplar, briqadalar açıq mübarizəyə qalxıblar. Dava yenə kino davası deyil, amma dərdim də bu deyil. Əli İsa Cabbarov - "Milyarderlər İttifaqı"nın maliyyələşdirdiyi və Rusiyanın Azərbaycanda Prezident “seçdirmək” istədiyi Rüstəm İbrahimbəyovun ən sadiq adamı olub. Həmin dövrdə bir çox dostları, sənət yoldaşları Rüstəm İbrahimbəyovu yarı yolda qoysa da, Əli İsa Cabbarov bütün təzyiqlərə rəğmən onu dəstəklədi. Yəni sona qədər Rüstəm İbrahimbəyovu Prezident görmək uğrunda mübarizə apardı və Cənab İlham Əliyevin təkrar Prezident seçilməsinə qarşı çıxdı. Gerçək Əli İsa Cabbarov budur: ən çətin anda Rüstəm İbrahimbəyovun yanında olan, onu satmayan. Cənab İlham Əliyevin təkrar Prezident seçilməsinə qarşı çıxan adam! Bu gün AKİ-də antiəliyevçilər Əli İsa Cabbarovu bu hərəkətinə görə öyürlər”.
Pravda.az-ın xəbərinə görə, bunu aktyor Rza Rzayev (Drakon) bildirib.

R.Rzayev qeyd edib ki, Ə.Cabbarov həm də bir neçə ildə "yaxşı" təşkilatçı olduğunu da sübut edib: “Bir neçə ilə AKİ-də antiəliyevçilərdən ibarət öz ətrafını, briqadasını yarada bilib və onlar da bu gün açıq şəkildə dəstək verirlər. Həmçinin o, AKİ-ni "mini Mədəniyyət Nazirliyi"nə çevirib. Bu gün AKİ Mədəniyyət Nazirliyinin funksiyasına aid olan işləri həyata keçirir, yəni dövlət içində dövlət işlərini. Sizcə, “Milyarderlər İttifaqı"ndan və dolayı yolla Rusiyadan dəstək alan adamları (yəni ən çətin anda belə Rusiyanın adamını sona qədər müdafiə edənləri) cəmiyyət həyatında önəmli yeri olan, ictimai şüura və ictimai rəyə təsir edə bilən ittifaqa sədr və yaxud idarəedici orqana rəhbər seçmək olar? Bu gün dünyada, regionumuzda və ölkəmizdə gedən ictimai-siyasi proseslərin gərginliyi və Rusiya ilə təzadlı münasibətlər fonunda "Milyarderlər İttifaqı"na rəğbəti olan adamların sabah dövlətimizin maraqlarına qarşı çıxmayacağına kimlər və necə zəmanət verə bilərlər? Təcili tədbirlər görülməlidir. Sabah "Milyarderlər İttifaqı" yenə Azərbaycanda adamlarını Prezident görmək istəyəcək və həmin adam yenə də AKİ-nin sədri ola bilər! "Milyarderlər İttifaqı" bunun üçün indidən “görünməz” təminedici məqsədlər həyata keçirir; öz gələcək namizədlərinə yeni status qazandırmaq istəyirlər və onun ictimai statusunu legitimləşdirirlər. Çünki Əli İsa Cabbarovun sədr olması üçün aparılan təbliğat KQB taktikaları ilə tam üst-üstə düşür! Bilərəkdən və ya bilməyərəkdən bəzi sənət adamları da bu işin iştirakçısına çevriliblər. Bəlkə də heç Əli İsa Cabbarovun özü də indi hansı oyunda olduğunu, ona verilən dəstəyin haradan gəldiyini dərk etmir... İllərdir, mənə sual verirlər: "Niyə AKİ-yə üzv olmursan?" Cavabım həmişə belə olub: Mən heç vaxt hər hansı bir qrupun üzvü olmamışam və ən əsası, mən qatı Əliyevçiyəm. AKİ-nin isə 80-90 faizi antiəliyevçilərdir. Antiəliyevçilərlə bir yerdə olmaq, fəaliyyət göstərmək mənim düşüncəmə, əxlaqıma, tutduğum yola yaraşan addım olmaz. Həm də bu gün AKİ-də təmsil olunan bir çox adamla zamanında cənab İlham Əliyevə görə üz-göz olmuşam, indi onlarla bir yerdə fəaliyyət göstərmək mənə görə etik deyil. Şəxsim üçün AKİ-yə kimin sədr seçilib-seçilməməsinin heç bir əhəmiyyəti yoxdur. Amma bizim üçün Azərbaycanın maraqlarından üstün də heç nə yoxdur. Dərdim budur! Məni daha çox sabah baş verəcəklər maraqlandırır, bunu da tarix üçün yazdım. Məncə, AKİ ləğv edilməli, antiəliyevçilərə (İlham Əliyevi Prezident görmək istəməyənlərə) həqiqi, layiq olduqları qiymət verilməlidir. AKİ-nin əvəzinə isə başqa-başqa adlarda kinoya aid ictimai birliklər yaradılmalıdır. AKİ-yə ayrılan pula isə filmlər çəkilməlidir. Əgər AKİ ləğv olunmayacaqsa, fəaliyyətini davam etdirəcəksə, sədr kimi ya Müşfiq Hətəmov, ya da Orxan Fikrətoğlu düzgün seçim olar. Onların dövlətçilik düşüncəsi və kino sahəsində olan təcrübələri buna əsas verir. Gec qalsaq, qarşısıalınmaz problemlər yaranacaq. Gec qalmayın...”