Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT


"Mən, Abbasov Daşqın Vüqar oğlu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış Vətən müharibəsinin iştirakçısı və II Qarabağ müharibəsi veteranıyam. Sizin müvafiq sərəncamlarınıza əsasən “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR Azəriqaz İstehsalat Birliyinin işçisi tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İdarəsinin Kürdəmir Xidmət Sahəsinin Sayğac Əməliyyatları Xidmətində 11-ci dərəcəli böyük mühəndis vəzifəsində çalışıram.

Yaşayış yerim Göyçay şəhərində yerləşdiyi üçün hər gün təxminən 75 kilometr məsafə qət edərək Kürdəmir rayonuna gedib-gəlmək məcburiyyətindəyəm. Bu vəziyyət mənim sağlamlığıma, ailə həyatımın normal təşkilinə, maddi vəziyyətimə və sosial rifahıma ciddi mənfi təsir göstərir.

Məsələ ilə bağlı dəfələrlə SOCAR və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə, eləcə də digər aidiyyəti dövlət qurumlarına müraciət etmişəm. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru cənab Azər Məmmədovun qəbulunda iki dəfə olmuş, iş yerimin ixtisasıma uyğun olaraq Göyçay rayonuna və ya yaxın əraziyə (usta və ya mühəndis vəzifəsi üzrə) dəyişdirilməsi üçün köməklik göstərilməsini xahiş etmişəm. Lakin müraciətlərim formal cavablarla nəticələnmiş, sosial vəziyyətim nəzərə alınmamış və hər hansı effektiv həll yolu təqdim edilməmişdir.

15.05.2026-cı il tarixində “Azəriqaz” İstehsalat Birliyinin Kadrlar şöbəsində keçirilən görüş zamanı Göyçay rayonu üzrə Sayğac Əməliyyatları Xidmətində vakant olan müvafiq vəzifəyə keçirilməyimlə bağlı müraciət etmişəm. Lakin təhsilimin və iş təcrübəmin uyğun olmasına baxmayaraq, mənə təhsil istiqamətimin uyğun hesab edilmədiyi bildirilmişdir.

Siz hər zaman Vətən müharibəsi iştirakçılarına və veteranlara xüsusi diqqət və qayğının göstərilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi vurğulamısınız. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən də veteranların sosial müdafiəsi dövlət orqanlarının vəzifəsidir.

Buna baxmayaraq, aidiyyəti qurum tərəfindən məsələyə formal yanaşma nəticəsində mənim sosial rifahım və əmək şəraitim çətin olaraq qalır. Azəriqaz İstehsalat Birliyi müharibə veteranı ilə prinsip aparır, Sizin verdiyiniz tapşırıqlara əməl etməməklə Sizə qarşı hörmətsizlik edir, həmçinin qanunvericiliyin tələblərinə əməl etməməklə dövlət siyasətinə zidd davranış nümayiş etdirir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, müraciətimin obyektiv araşdırılmasına və yaşadığım Göyçay rayonu üzrə uyğun vakant vəzifəyə keçirilməyim üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.

Əvvəlcədən göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm..."
Tarix: Bu gün, 09:46
Xəbəri paylaş



Xəbər lenti