
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 36 ünvanında yaşayan sakin qonşuluqda aparılan tikinti işlərindən şikayətçidir.
Şikayətçinin iddiasına görə, onun evinə bitişik şəkildə yeni tikili inşa edilir və bu qanunsuz tikinti səbəbindən mənzilə ciddi ziyan dəyib. Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, hələlik heç bir nəticənin əldə olunmadığını bildirir.
Baku TV-nin xəbərinə görə, ev sahibi İlahə Əliyeva mövcud vəziyyətlə bağlı narahatlığını belə ifadə edib: "Bu ev 24 il əvvəl tikilib. Bir neçə il bundan qabaq evin digər tərəfində çoxmərtəbəli yaşayış binası tikdilər. O vaxt nə qədər aidiyyəti yerlərə müraciət etsək də, səsimizə səs verən olmadı. Həmin bina tikilənə qədər mən evin dam örtüyünü beş dəfə dəyişməli oldum. İndi isə üç günün içində evimin düz yanında bir metr belə məsafə saxlanılmadan bünövrə qazıblar. Qazıntı səbəbindən torpaqda sürətlə sürüşmə gedir".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurum tərəfindən vətəndaş Ceyhun Səfər oğlu Əliyevin ünvanladığı müraciətə baxılıb:
"İcra Hakimiyyətinin nümayəndələri tərəfindən tikinti ərazisinə baxış keçirilən zaman qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi ara məsafəsinin saxlanıldığı müəyyən edilib".