Bazar geosiyasəti pula çevirib: İnflyasiya silahlı münaqişə risklərini üstələyib - TƏHLİL

Bazar geosiyasəti pula çevirib: İnflyasiya silahlı münaqişə risklərini üstələyib - TƏHLİL
Yaxın Şərqdə aktiv döyüşlərin dayanması qlobal investorları qismən sakitləşdirib. May ayında dünya iqtisadiyyatına təsir edən əsas risklər sırasında geosiyasi münaqişələr ikinci yerə enib, birinci yerə isə yüksək inflyasiya riski çıxıb.

Valyuta.az xəbər verir ki, analitiklərin fikrincə, buna Hörmüz boğazında gəmiçiliyə davam edən məhdudiyyətlər təsir edir və bu, ilin sonuna doğru neft qiymətlərinin bir barel üçün 80–100 dollar səviyyəsinə yüksəlməsi ehtimalını gücləndirir. Nəticədə fond idarəçiləri portfellərində səhmlərin payını artırır - əsasən ABŞ şirkətləri hesabına.

Bank of America (BofA) tərəfindən aparılan may sorğusu qlobal iqtisadiyyat üçün geosiyasi risklərə dair narahatlığın kəskin azaldığını göstərib. 8–14 may tarixlərində keçirilən sorğuda ümumi aktivləri 517 milyard dollar olan 200 fondun nümayəndələri iştirak edib. Nəticələrə görə, respondentlərin yalnız 20%-i bu riski növbəti 12 ay üçün əsas təhlükə hesab edir. Bu göstərici aprel ayı ilə müqayisədə iki dəfə azalıb.

Beləliklə, inflyasiya riski yenidən birinci yerə çıxıb — respondentlərin 40%-i qiymət artımının növbəti 12 ayda qlobal iqtisadiyyat üçün əsas risk olduğunu bildirib. Bu göstərici aprellə müqayisədə 14 faiz bəndi artıb. Üçüncü yerdə istiqraz gəlirlərində qeyri-sabit artım (18%) qərarlaşıb. Əvvəllər lider olan “AI köpüyü” riski isə 11%-lə dördüncü yerə düşüb.

Nəğd vəsaitlərin payı azalıb

Qlobal fondların portfellərində nağd vəsaitin payı mayda 4,3%-dən 3,9%-ə enib. Bu dəyişiklik əsasən səhmlərə yönələn investisiyaların artması ilə bağlıdır. ABŞ səhmləri bu artımda əsas rol oynayıb — son dörd həftədə ABŞ fondlarına təxminən 70 milyard dollar xalis axın qeydə alınıb ki, bu da qlobal səhm investisiyalarının təxminən üçdə ikisini təşkil edir.

Analitiklərin fikrincə, investorların ABŞ bazarına üstünlük verməsi texnologiya şirkətlərinin çəkisi, enerji idxalından daha az asılılıq və Federal Ehtiyat Sisteminin faiz siyasətinin sabit qalması ilə əlaqədardır.

Mütəxəssislər qeyd edirlər ki, inflyasiya riskləri geosiyasi riskləri əvəz etməyib, əksinə, onların iqtisadi nəticəsi kimi formalaşıb — yəni bazar geosiyasəti qiymət və xammal kanalları vasitəsilə “monetizasiya edib”.
Tarix: Dünən, 23:14
Xəbəri paylaş



Xəbər lenti