
"Azərbaycanda korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xüsusilə hüquq-mühafizə orqanlarının fəaliyyətindəki koordinasiya, yüksək rütbəli məmurların qanun qarşısında cavab verməsi və milli maraqların ön plana çəkilməsi cəmiyyətdə böyük rezonans doğurur. Dövlət Təhlükəsizlik Xidməti, Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən birgə əməliyyatlar göstərir ki, artıq toxunulmaz şəxs anlayışı aradan qalxır və qanunların icrası bütün sahələrdə mütləq xarakter daşıyır. Lakin buna baxmayaraq, bəzi qurumlarda hələ də rast gəlinən mənimsəmə halları və vətəndaş məmnuniyyətinə kölgə salan bürokratik əngəllər nəzarət mexanizmlərinin daha da sərtləşdirilməsini zəruri edir."
Musavat.com xəbər verir ki, bu barədə "Tv Musavat"ın canlı efirində hüquq müdafiəçisi Çingiz Qənizadə danışıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarındakı rəhbər dəyişiklikləri neqativ halların aradan qaldırılmasında həlledici rol oynayıb: "Hörmətli Əli müəllim Nağıyev təyin olunandan sonra artıq suallara cavab verildi ki, yəni bir müəssisənin, bir qurumun rəhbəri yerində olduqda və onun üçün milli maraqlar, dövlət maraqları ən yüksək zirvədə olduqda, belə neqativ hallara son qoyulur. Və xüsusilə Təhlükəsizlik Xidmətinin son 4-5 ildə keçirdiyi bu həbslər onu göstərdi ki, bu qurum artıq normal şəkildə öz fəaliyyəti ilə məşğul olmağa başlayıb".
Ekspert bildirib ki, müxtəlif dövlət strukturları arasında yaranan sağlam əməkdaşlıq mühiti cinayətkarlıqla mübarizədə səmərəliliyi artırıb: "İndi Prokurorluğun yeni rəhbərliyi və Təhlükəsizlik Xidmətinin yeni rəhbərliyi anlaşma və hüququn aliliyi, qanunun aliliyini önə çəkərək, əməkdaşlıq formasında, baxın, həm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, həm də Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları birgə fəaliyyət göstərirlər və bu cür həbsləri reallaşdırırlar. Ölkədəki ictimai-siyasi sabitliyin əsas qarantlarından biri də məhz Daxili İşlər Nazirliyidir. Çünki bəzən baxırıq o qədər qudurmuş məmurlar, qudurmuş şəxslər var ki, ölkənin ictimai həyatında müəyyən neqativ meyarları təbliğ etməyə cəhd edirlər və dərhal polis orqanları onları başlarının üstünü alırlar".
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizədə əsas maneə bəzi vəzifəli şəxslərin öz cəzasızlığına inanmasıdır: "Bir tərəfdən Damokl qılıncı var, hüquq-mühafizə orqanları yerindədir və istənilən anda bu pozuntuların qarşısını almağa qadirdirlər. Amma digər tərəfdən məmurlar yenə də dövlətin büdcəsini talamaqla məşğuldurlar. Yenə də rüşvət almaqla məşğuldurlar. Cəmiyyəti narahat eləyir ki, niyə bəzən bu şəxslər kənarda qalır — keçmiş nazirləri götürək və s. — amma onun idarə rəisləri, müavinləri həbs olunurlar. Bir az nəzarət mexanizmi gücləndirilməlidir, bir də cəzasızlıq sindromu olmamalıdır".