
Lənkəran rayonunun Liman şəhər sakini Sadiq Abdullayev rayon məhkəməsinin hakimi Nicat Ağabəyovdan narazıdır.
"DİA-AZ"ın məlumatına görə, bununla bağlı müraciət edən Sadiq Abdullayev bildirir ki, oğlu Tural Kazımlı 44 günlük Vətən müharibəsində iştirak edib və ölkə başçısı tərəfindən medallarla təltif olunub.
Onun sözlərinə görə, hakim Nicat Ağabəyov oğlunun məhkəmə işinə obyektiv yanaşmayıb.
Şikayətçinin iddiasına əsasən, həmkəndlisi Amid Əhədov 2025-ci il aprelin 25-də Tural Kazımlı avtomobillə onun ayağını sındırdığını iddia edir. Lakin Sadiq Abdullayev bildirir ki, 2025-ci il aprelin 30-da Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Amid Əhədov müayinədən keçirilərkən ayağında heç bir sınıq aşkar olunmayıb.
Onun sözlərinə görə, hadisədən təxminən 3 ay sonra həmin xəstəxananın həkimi Şərif Hüseynov tərəfindən Amid Əhədovun ayağında sınıq olması ilə bağlı sənəd təqdim edilib. Daha sonra həkim məhkəmədə ifadə verərək sınıq olduğunu təsdiqləyib.
Şikayətçi qeyd edir ki, xəstəxana tərəfindən Amid Əhədovun ayağında sınıq olmadığını təsdiqləyən sənədlər məhkəməyə poçt vasitəsilə göndərilsə də, bu sübutlara baxılmayıb və nəticədə Tural Kazımlıya 4000 manat məbləğində cərimə tətbiq olunub.
Sadiq Abdullayev əlavə edir ki, Amid Əhədovun Bakıda müstəqil ekspertizadan keçirilməsi üçün müraciət etsə də, hakim buna imkan verməyib.
O, "DİA-AZ" vasitəsilə aidiyyəti qurumlara müraciət edərək hakim Nicat Ağabəyov barəsində araşdırma aparılmasını, qanunauyğun tədbirlərin görülməsini və Amid Əhədovun Bakıya ekspertizaya göndərilməsinin təmin edilməsini xahiş edir.