
Deputat Azay Quliyev Milli Məclisin dünən keçirilən iclasında bildirdi ki, marketlər əhalini aldadır. O bldirib ki, rəflərdə ayrı qiymət yazılır, kassada isə ayrı qiymət çıxır.
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, deputat fikirlərində haqlıdır. Ekspert əlavə edib ki, bu gün əksər marketlər əhalini qiymətdə, endirim kampaniyalarında aldadır:
“Marketlərin əhalini aldatması halları illərdir baş verir. Hər gün bizə bununla bağlı onlarla zəng daxil olur. Qiymətlər əsasən rəflərdə ucuz, kassada isə daha yüksək göstərir.
Kartla ödənişlərdə istehlakçılar daha çox aldadılır. Əhali ayıq olsun. Kartla ödəniş zamanı onların bilmədiyi fırldaqlara əl atırlar. Müştərinin almadığı məhsullar vurulur qəbzə.
Şəxsən mən özüm bir marketdə 100 aldatma halı müşahidə etmişəm. Bu hələ mənim müşahidə etdiyimdir.
Bizə gələn şikayətləri ümumiləşdirsək, 1 ildə Azərbaycan istehlakçıları almadıqları mal üçün 500 milyon manat pul ödəyirlər”.
E.Hüseynov aldadılma halının qeydə alındığı marketlərin adını da çəkib:
“Əksər şəbəkə marketlərdə alıcıların aldadılması halları olur. Məsələn əvvəllər “Grandmart” adlanan, indi isə “Meqamart” kimi fəaliyyət göstərən bu marketlərdə dəfələrlə aldadılmışam.
Ancaq təbii ki, tək bu market deyil. Başqa böyük marketlərdə də alıcıların aldadılması halları baş verir.
Ona görə də alış-verişdən sonra kassadan uzaqlaşmadan qəbzə diqqətlə baxmaq, qiymətləri müqayisə etmək lazımdır. İstehlakçı tələsmədən, rahat formada qəbzə baxmalı, seçdiyi məhsulun rəf və kassa qiymətini müqayisə etməlidir. Əks halda marketlər müştərini aldatmağı bacarır”.