
Qaradağ rayonu, Umbakı Penitensiar Kompleksində qapalı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Ruslan Məmməd oğlu Quliyev müalicə olunmamasından şikayətçidir.
Musavat.com-a müraciət edən məhkum deyir ki, uzun müddətdir səhhətində problem yaranıb, lakin onunla heç bir tibb işçisi maraqlanmır:
“İyul ayının 14-dən etibarən mən Tibb Baş İdarəsinə dəfələrlə müraciət edib bildirmişəm ki, səhhətimdə ağır problemlər var. Bədənimin müxtəlif hissələrindən, o cümlədən baş nahiyəmdən irin və qan gəlir. Lakin Tibb Baş İdarəsinin baş həkimi Kənan Həsənli buna əhəmiyyət vermir”.
Məhkum iddia edir ki, onun müraciətlərinin cavabsız qalması imkansız olması ilə əlaqəlidir:
“Müayinə və müalicələr ödənişlidir. Cəmil Kamilli Tibb Baş İdarəsinin müdiri təyin olunduqdan sonra cəzaçəkmə müəssisələrindəki tibb məntəqələrində özbaşınalıq baş alıb gedir. Şikayət edəndə deyirlər ki, “Penitensiar xidmət bizə qarışa bilməz, kimə istəyirsiniz deyin. Pulunuz varsa, sizi müalicə edəcəyik, yoxdursa, etməyəcəyik”.
Kənan Həsənli Umbakıda tibb məntəqəsini şəxsi mülkünə çevirib. Xahiş edirəm ki, DTX və Baş Prokurorluq gəlsin, haqsızlıqları və zülmləri görsün”.
Ruslan Quliyev bildirir ki, bu qanunsuzluğun bir neçə qurbanı var:
“15 saylı cəzaçəkmə müəssisəsində olduğum zaman iki şəxs tibbi yardım göstərilmədiyinə, həkim müayinəsi edilmədiyinə görə vəfat ediblər. Onlardan biri Cəlilabad rayon sakini Rahim Məmmədov, digəri isə Rəşad adında bir şəxsdir. Rəşadın qarnına su gəlmişdi, buna rəğmən, ona tibbi yardım göstərilmədi. Bütün bu hadisələrdə Tibb Baş İdarəsi bildirir ki, Penitensiar xidmət onlara qarışmamalıdır. Cəzaçəkmə müəssisəsində rəisə şikayət edirik, Tibb Baş İdarəsindən onlara da deyirlər ki, xəstə məhkumlarla bağlı onların işinə kimsə qarışmasın, özləri məhkumlarla maraqlanacaqlar. Lakin maraqlanmırlar. Vacibdir ki, biz də xəstəlikdən ölək?”
Məhkum deyir ki, qanunsuzluqlar bununla məhdudlaşmır. Onun sözlərinə görə, 5-6 ay bundan öncə baş həkimi əvəz edən şəxs 3 torba, üzərində qiyməti qeyd olunmuş dərmanları satmaq istədiyi zaman əməliyyat rəisi onu tutub. Sonradan məsələ ört-basdır olunub.
Ruslan Quliyev bildirir ki, Umbakı Penitensiar Kompleksində indiyə qədər əməkdaşlar tərəfindən hər hansı haqsızlığa uğramayıb. Lakin eyni sözləri Tibb Baş İdarəsi üçün deyə bilmir. O, Tibb Baş İdarəsi tərəfindən zülmün dayandırılmasını, törətdikləri qanunsuzluqların qarşısının alınmasını, tibbi müayinə və müalicəsinin təmin edilməsini tələb edir.
Şöbədən Musavat.com-a bildirildi ki, sorğu müvafiq olaraq yönləndirilib.
Sorğuya veriləcək cavabı təqdim edəcəyik.