“Rövnəq Abdullayevin oğlunun milyonluq saatını əlindən aldılarsa, yığdığı pulları da ala bilərlər”

“Keçmiş məmurlar yeməyə öyrəşiblər, iş görməyə, vəsait ödəməyə yox. Özlərini həmişə Azərbaycanın sərvətlərini talan etməkdə mahir usta hesab edirlər. Kifayət qədər sərvət toplayıblar. Ali Baş Komandan İlham Əliyev Qarabağ azad olunandan sonra nə qədər quruculuq işləri görüb. Məmurların hərəsi bir sahəni götürüb müəyyən işlər görə bilərlər, amma təəssüf ki, onlar bu məsələlərin icrasında yardımçı olmaq istəmirlər. Sərvətlərinin hamısı xarici dövlətlərdədir. Məmurlar yığılıb hərəsi Qarabağda bir rayonda müəyyən işlər görsəydilər, tarixdə adları qala bilərdi. Onlar isə bu işlərdə passiv hərəkət edirlər. Bəzən işdən çıxandan sonra küskün olurlar. Qarabağa kömək etsələr, yaxşıdır. Niyə  heç nə etmək istəmirlər, bunu özlərindən soruşmaq lazımdır. Öləndə bu dünyadan nə aparacaqsan?”

Bunu Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

“Məsələn, yaxşı olardı, Rövnəq Abdullayev (SOCAR-ın keçmiş prezidenti) yığdığı pulların bir hissəsini Qarabağa ayırardı, adı da yaşayardı. Nə olar ki… Sahibkarlıq üçün gözəl şərait var, şəraitə uyğun iş görə bilərlər. Rövnəq müəllim bu barədə düşünsə, yaxşı olardı. Oğlunun vaxtilə milyonluq saatını əlindən aldılarsa, sabah yığdığı pulların hamısını əlindən ala bilərlər. Düşünsünlər, hələ gec deyil. Vaxtilə müəyyən məmurlar hamısı rayonlara təhkim olunmuşdular. İndi də bəzi məmurların hesablarında milyardlarla pullar var. Xaricdə hamısının başını bağlayırlar, deyirlər ki, mənbəyini göstərin. Azərbaycanın pullarını xarici dövlətlərə qoyurlar, hamısı batıb gedir. Yaxşı olardı ki, öz vətənimizə qoysunlar. Nəinki Rövnəq müəllim, məsələn, Milli Məclisin keçmiş sədri Oqtay Əsədov… Siyahını saysaq, bitməz. Xaricdə pulları batırırlar, sonra da qaçıb gəlirlər. Görürsünüz, Rusiyadakı vəziyyətlə əlaqədar əksəriyyəti qaçıb gəlib, yenə Azərbaycana sığınıb. Yaxşı olar ki, dünyada gedən prosesləri izləsinlər. Əksəriyyətinin başı o qədər piyləşib, pulları o qədər çoxdur ki, heç nə düşünmürlər. Elə bilirlər ki, sabah fəlakət olacaq, bunlara toxunmayacaq. Qətiyyən belə deyil. Yaxşı olar, dövlət başçısının Qarabağda apardığı işlərə yardımçı olsunlar”, – o bildirib.

Tarix: Dünən, 13:01
Xəbəri paylaş



Xəbər lenti