Ali Məhkəmədə "Yeni Baxış" İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Şahvələd Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.
O, Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunda metodist vəzifəsində işləyən Ülviyyə İslamovadan 20 min manat alaraq, vəzifəyə təyin etdirəcəyinə söz verib. Təşkilat sədri 2022-ci ildə qadından əvvəlcə 200 min manat istəyib və daha sonra 20 min manat alaraq, onu Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri təyin etdirəcəyini bildirib. Nazir Emin Əmrullayev sözügedən idarəyə rəis əvəzi təyin etdikdən sonra Ülviyyə QHT sədri tərəfindən aldadıldığını başa düşüb və pulunu geri istəyib.
Şahvələd Əsgərov vəzifəyə getmək istəyən qadını daha sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunun müdiri təyin etdirəcəyinə inandıraraq, bir müddət onun hüquq-mühafizə orqanlarına şikayət etməsinin qarşısını ala bilib. Sonda aldadıldığını başa düşən Ülviyyə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında təqsirləndirilən şəxs 9 yanvar tarixdən 11 yanvar 2024-cü il tarixinə kimi şübhəli şəxs qismində həbsdə saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahvələd Əsgərova 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edib.