SURAXANI: ADIL ƏLIYEV SƏLƏFI ƏZIZ ƏZIZOVUN YOLU ILƏ GETMƏK ISTƏMIRSƏ…

SURAXANI: ADIL ƏLIYEV SƏLƏFI ƏZIZ ƏZIZOVUN YOLU ILƏ GETMƏK ISTƏMIRSƏ…
Nüfuzlu ictimai-siyasi xadim Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə təyin olunandan sonra rayon sakinlərində, eləcə də şəhər ictimaiyyətində belə bir ümid hissi formalaşıb ki, Suraxanıda əhalini narahat edən problemlər tədricən həllini tapacaq. Əlbəttə, bəzi müsbət meyllər indidən müşahidə olunsa da, hələlik nəticə çıxarmaq üçün çox tezdir. Stereotipə görə, hər hansı bir məmurun təzə başladığı fəaliyyətinə qiymət vermək üçün azı yüz gün keçməlidir.

Suraxanının sabiq başçısı, rayon ərazisində satmadığı yer qalmayan Əziz Əzizovun dövründən miras qalan problemlər isə hələ də ətalət qüvvəsi ilə sirinsiməkdədir. Onun hakimiyyəti dövründə rəvac verilmiş qanunsuz tikililərə, bu sahədə özbaşınalıqlara bir sərəncamla “stop” qoymaq yəqin elə də asan iş deyil. Görünür, cənab Adil Əliyev başqa rayona yüksək vəzifəyə göndərilmiş Əziz Əzizovun reputasiyasına xələl gətirəcək tədbirlərin müəllifi olmaq istəmir.

Amma görünən odur ki, yeni başçı bu addımı atmağa mütləq qərar verməli olacaq. Cənab Adil Əliyev parlamentdə də passiv deputatlardan olmayıb və səmərəli işləri ilə cəmiyyəti yaxşı mənada təəccübləndirib. Əks təqdirdə rayonun inkişafı naminə mütərəqqi dəyişiklikləri çox gözləməli olacağıq.

Xeyir-duası Əziz Əzizovdan alınan obyektlərdən biri də Qaraçuxur qəsəbəsi 189/2 ünvanda tikilməkdə olan “Ballı” Ticarət Mərkəzidir. Elman adlı şəxsin inşa etdirdiyi bu obyektin qanuni sənədlərinin olmadığı deyilir. Bildirildiyinə görə, ərazidə əvvəllər böyük bağ sahəsi, ağaclıq mövcud olub. Sonradan həmin yaşıllıq ərazi şəxsi maraqlarını ictimai mənafedən üstün tutan sahibkarlara qurban verilərək məhv edilib.

Aldığımız məlumatın izi ilə, tikinti aparılan ünvana baş çəkdik və iş icraçılarından obyektin inşasına qanuni icazənin olub-olmadığını soruşduq. Bildirdilər ki, hər şeyi İcra Hakimiyyətində yaxşı bilirlər, suallarımızı rayon rəhbərliyinə ünvanlamağımız məsləhətdir.

Görünən odur ki, məsələyə Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin reaksiya verməsi vacibdir.

Öyrənməyə çalışacağıq.

Habil Tağıyev. Deryaz.az



Tarix: 4-09-2024, 22:30
Xəbəri paylaş



Xəbər lenti