Lənkəranda avtomobilini texniki baxışdan keçirmək istədi, 700 AZN rüşvət tələb olundu - İDDİA


Cəlilabad şəhəri, 167 nömrəli evin sakini Eyvazov Əlikram Mirzəxan oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirən zaman İlqar adlı mayor və Zamiq adlı başqa məmur ondan 700 AZN rüşvət istəyiblər:

“Mən, Eyvazov Əlikram Mirzəxan oğlu, yazaraq bildirirəm ki, 13.06.2024-ci ildə Lənkəran Dövlət İmtahan Qeydiyyat Şöbəsinə, 77-GR-347 dövlət nömrə nişanlı, “Ford” markalı nəqliyyat vasitəmi texniki baxışdan və addan ada keçirmək üçün müraciət etdim. Texniki baxış zamanı mühərrik nömrəsinin ikisinin olması, dördünün isə çürüməsi aşkar edildi. Bu səbəbdən, mayor İlqar və Zamiq adlı məmurlar məndən 700 AZN rüşvət istədilər. Həmin məbləği verə bilmədiyim üçün nəqliyyatı duracağa qoydular.

DİN-in 102 “qaynar xətt”inə 12 dəfə, 161-ə 9 dəfə, 902-yə 17 dəfə zəng vurmağıma baxmayaraq, işimlə bağlı heç bir nəticə əldə edə bilməmişəm. Əlavə olaraq 6 məktub və 6 teleqram vurmuşam. Lakin yenə də heç bir cavab yoxdur. İnanın, kimsə 700 manat borc versə, götürüb o məmurlara verərdim ki, maşını çıxarıb, ailəm üçün çörək pulumu qazanım. Hazırda çox çətin və acınacaqlı vəziyyətdəyəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Tarix: 26-06-2024, 17:30
Xəbəri paylaş



Xəbər lenti