Rabitə sahəsində xidmət qurumları qiymət diktə edir, hökumət isə susur
Azərbaycanda telefon , internet xidmətinin yarıtmaz olduğu heç kimə sirr deyil. İstehlakçılar daim xidmət qurumlarının qanunsuz tarif, qiymət siyasəti ilə üzləşir. Özbaşına tarif siyasətinə baxın, Tarif Şurası stasionar telefonların aylıq abunə haqqını heç bir sosial-iqtisadi əsaslandırma olmadan 2,50 manatdan 3.50 manata, nə az-nə çox 40 faiz qaldırıb. Hələ üstəlik telekommunikasiya xidməti də özünün 10 faizlik -0,35 manat əlavəsi ilə qiyməti 3.85 manat edib, nə İqtisadiyyat Nazirliyi və yanındakı Tarif Şurası, nə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səsini qaldırır, nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və yanındakı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi. İstehlakçı hüquqlarının pozulmasına səssiz qalmağın sonucu olaraq mobil rabitə xidməti də qiymətləri günü-gündən qaldırıb xidmət keyfiyyətini və nömrənin aktiv qalma müddətini qısaldırlar. Özü də müqavilə bağladığı müştərisini sms-bildirişlə bilgiləndirmədən.
Ölkənin ilk mobil operatoru “ Bakcell” xidmət özbaşınalığında da ilklərə imza atmaqdadır. Xidmətə baxın, mobil operatorun nömrəsi 2 manat ödənişlə əvvəllər bir ay, sonra 25 gün, daha sonra 20 gün işlək olurdu, bir il olar 15 gün aktiv qalır. Yəqin belə “endirimlə” bir azdan 10 günə, 5 günə, 24 saata endirər. Axı tələbələrin, əlillərin, pensiyaçıların gəlirləri hər il 5-10 faiz “artır”! Ümumi aktivlik isə 180 gündən 150 günə salınıb. Xəbərdarlıq etmədən. İnternet paketlərində qiymətlər ortalıq 35 faiz qaldırılıb. İndi 500 mb aylıq paket üçün 3 manat yox, 4 manat ödənməlidir, özü də yalnız daimi paket istifadəçilərinə. Yəni aztəminatlı şəxslərin yararlandığı minimum paket ləğv olunub. Ləğvetmə bununla bitmir. Vurğuladığımız kimi, nömrələrin 180 günlük aktiv olma müddəti 150 günə endirilib və xəbərdarlıq etmədən içindəki balansla birgə ləğv edilir. Məhkəməyə müraciət edəndə isə elə ağlasığmaz arqumentlər gətirilir ki!.
Qarabağ qazisini oğlunun adına sənədləşdirilən mobil nömrəsi qazi xəstəxanada olanda ləğv edilib. 7 aydır ali dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına, iqtisadiyyat , rabitə nazirlikliklərinə müraciətlər sonuc vermir. Nömrənin “bəxti” açılmır ki açılmır! Səbəb də, bilirsiniz nədir? Ailənin ümumi istifadəsində olan 0558818091 nömrəsindən qazi (ailəsi) ETİBARNAMƏSİZ yararlanır. Özbaşınalığı göz önünə gətirin, bəyəm telefon nömrəsi avtomobildir ki, etibarnamə ilə yararlanasan? Heç indi avtomobilə də etibarnamə tələb olunmur, “Bakcell” niyə nömrəni etibarnaməsiz danışıldığından ləğv edir?
Avtomobil demişkən, mobil nömrə bazarında qiymətlər avtomobil bazarını bir neçə dəfə üstələyir. Nömrə bazarlığında bütün mobil operatorlar liderlik edir. Görəsən, bu bazarın yuxarı həddini kim müəyyən edir? Yoxsa, bazar özəldir, istədiyin qiyməti qoya bilərsən? Birdən “Bakcell”in “radarı”na düşdün , onlarla minlik nömrən etibarnaməsiz olduğundan ləğv edildi? Məhkəmə də rüşvətini alıb, cavabdehin ünvanını “dəyişdirdi”, hüququ pozulana “nömrə” gəldi, məhkəməyə müraciəti etibarsız saydı ? Onda necə olacaq?
İndi söz hökumətdədir, biz istehlakçı hüquqlarımızın qorunmasını, nömrə, telefon danışığımızı kimə etibar edək?
Məğrur BƏDƏLSOY
P.S. Bu günlərdə “Bakcell”in innovativ xidmətləri barədə reklamlar basında, reklam lövhələrində yayılır. Heç demə innovasiya xəttin açıq qalma müddətini azaltmaqdan ibarət imiş. 3 manat ödənişlə bir ay yarım açıq qalan xəttə keçən ilin iyulundan 25 günə, bu ilin mayından isə 20 günə endirilib. Yəqin 2 manatlıq ödənişlə də xəttin açıqqalma müddəti 10 günə salınıb. İqtisadiyyat, rabitə nazirlikləri bəs hara baxır, görəsən?